Xatəmül-ənbiya: Allahın son elçisi

/ Çərşənbə axşamı, 18 Fevral 2020 11:45
Xatəmül-ənbiya: Allahın son elçisi

İslam peyğəmbəri Həzrət Məhəmmədi (ə) Xatəmül-ənbiya da adlandırırlar. “Xatəmül-ənbiya”nın ərəb dilindən tərcüməsi “peyğəmbərlərin möhrü” (yəni sonuncusu) deməkdir.

Həzrət Məhəmməd Peyğəmbərin (s) ən məşhur ləqəblərindən biridir. Həzrət Məhəmmədin (s) adı peyğəmbərlərin siyahısını tamamladığı və sanki möhürlədiyi üçün ona bu ləqəb verilmişdir. Qurani-kərimdə buyurulur: “O, Allahın elçisi və peyğəmbərlərin möhrüdür” (Əhzab, 40).

Xatəmiyyət, yəni Həzrət Məhəmmədin (s) son peyğəmbər olmasına inam, İslam dininin əsas əqidə prinsiplərindən biridir. Həzrət Məhəmməddən (s) sonra Qiyamət gününədək peyğəmbər gəlməyib və gəlməyəcək. Allah-təala Qurani-kərimdən sonra heç bir ilahi kitab göndərməyib və göndərməyəcək. İslam sonuncu dindir, onun hökmləri qiyamətə kimi dəyişməzdir və o, heç bir din vasitəsilə ləğv olunmayacaq.

Bu müddəaları qəbul etməyincə heç kəs müsəlman sayılmaz. Həzrət Məhəmmədin (s) sonuncu peyğəmbər, Quranın axırıncı səmavi kitab, İslamın sonuncu və ən kamil din olduğuna inanmayan şəxs müsəlman deyil.

Həzrət Məhəmməd Peyğəmbərin (s) özü xütbələrinin birində müsəlmanlara müraciət edərək deyirdi: “Məndən sonra peyğəmbər, sizdən sonra ümmət olmayacaq”.

İslam Peyğəmbəri Təbuk səfərinə yola düşərkən Əli ibn Əbu Talibi (ə) Mədinədə öz yerinə canişin qoymuş və buyurmuşdu: “Ey Əli! Mənim üçün sən, Musa üçün Harun kimisən. Bircə fərq var ki, məndən sonra peyğəmbər gəlməyəcək”. Bildiyimiz kimi, Harun (ə) Musa Peyğəmbərin (ə) köməkçisi və canişini idi, həm də peyğəmbərlik məqamına nail olmuşdu. Həzrət Məhəmməd Peyğəmbər (s) özünü Musaya (ə), Əlini (ə) Haruna (ə) bənzətməklə bunu bildirmək istəyirdi ki, Əli (ə) onun canişini olsa da, peyğəmbər deyil. Çünki Həzrət Məhəmməddən (s) sonra heç kəs peyğəmbərlik məqamına layiq ola bilməz.

Həzrət Məhəmmədin (s) sonuncu peyğəmbər olmasının əqli dəlillərini bu cür xülasə etmək olar:

1. Həzrət Məhəmməddən (s) əvvəlki dörd ülul-əzm peyğəmbərin hər birinin şəriəti öz zəmanəsinə uyğun idi. Bu şəriətlər insanların şüur və düşüncə səviyyəsini, o dövrün siyasi mühitini, ictimai mənzərəsini, mədəni ab-havasını əks etdirirdi. Bəşəriyyətin ictimai-siyasi, mədəni-əxlaqi həyatında sıçrayışlar əmələ gəldikdə Allah-təala mövcud şəriəti yenisi ilə əvəz edir, yeni səmavi kitab göndərirdi. Miladi VII əsrdə insanların şüuru fərqli bir səviyyəyə yetişmiş, ictimai əlaqələr yeni mahiyyət kəsb etmiş, dünyanın siyasi xəritəsində mühüm dəyişikliklər yaranmışdı. Buna görə də Allah sonuncu dinin (İslamın) qanunlarını əhatə edən sonuncu ilahi kitabı (Quranı) sonuncu peyğəmbərə (Həzrət Məhəmmədə (s)) göndərdi.

İslam qanunları hərtərəfli və uzunömürlüdür. Bu qanunlar hər bir zaman və məkan şəraiti üçün etibarlıdır. Artıq 14 əsrdir ki, müsəlmanlar İslamın göstərişlərinə əməl edirlər, amma hələ də İslam qanunlarında zərrəcə nöqsan və əskiklik aşkar olunmayıb.

2. Həzrət Məhəmməddən (s) əvvəlki bütün peyğəmbərlərin təbliğ etdikləri dinlər təhrif edilmiş, onlara vəhy olunmuş müqəddəs kitablar da dəyişdirilmişdi. Lakin Quran yeganə kitabdır ki, hər cür təhrifdən uzaq qalıb. Onun bircə kəlməsi belə, dəyişilməyib. Əgər Qurani-kərim təhrif olunmayıbsa və gələcəkdə də təhrif olunmayacağına Allah tərəfindən zəmanət verilibsə (Hicr, 9), ondan sonra başqa səmavi kitabın göndərilməsinə ehtiyac yoxdur. Səmavi kitab peyğəmbər vasitəsilə göndərilir. Deməli, Həzrət Məhəmməddən (s) sonra yeni peyğəmbərin gəlməsi də tələb edilmir.

3. Peyğəmbərlərin cəmi beş nəfəri (ülul-əzm peyğəmbərlər) yeni şəriət gətirmiş, qalanlarının vəzifəsi isə insanları həmin şəriətlərə doğru yönəltmək olmuşdur. Həzrət Məhəmməddən (s) sonra yeni şəriət gətirən peyğəmbərə ehtiyac olmadığı kimi, şəriətsiz peyğəmbərin gəlişinə də ehtiyac yoxdur. Çünki həmin "kiçik" peyğəmbərlərin vəzifəsini Həzrət Məhəmmədin (s) canişinləri və İslam alimləri yerinə yetirirlər. Həzrət Mühəmmədin (s) vəfatından sonrakı 250 il ərzində Onun nəslindən olan Əhli-beyt imamları müsəlmanların ideoloji rəhbərliyini öhdəyə almış, ümməti tərbiyə etmiş, sonra isə bu məsuliyyəti müctəhid alimlərə təhvil vermişlər. Müctəhidlər bu yolu layiqincə davam etdirərək, dinimizi ciddi təhlükələrdən qoruyurlar. Elə buna görə Həzrət Məhəmməd Peyğəmbər (s) buyurmuşdur: “Alimlər peyğəmbərlərin varisləridir”.

Please publish modules in offcanvas position.