Bir məscidin tarixçəsi (Nəcəfdəki Türklər məscidi)

/ Çərşənbə axşamı, 18 Fevral 2020 11:46
Bir məscidin tarixçəsi (Nəcəfdəki Türklər məscidi)

XIX əsrdə Nəcəf şəhərində yaşamış məşhur müctəhid Şeyx Mürtəza Ənsari Həzrət Mühəmməd Peyğəmbərin (s) sadiq səhabəsi Cabir ibn Abdullah Ənsarinin nəslindən idi. Şeyx Ənsari cəfəri məzhəbinin fiqhində faydalı islahatlar etmişdir.

Fiqh elmindəki müstəsna xidmətlərinə görə onu “xatəmül-füqəha vəl-müctəhidin” (fəqihlərin və müctəhidlərin möhrü) ləqəbi ilə xatırlayırlar. Yüksək elmi mövqeyinə baxmayaraq, Şeyx Ənsari son dərəcə sadə və zahidanə həyat sürərdi. Hətta daimi evi belə, yox idi və kirayə etdiyi evdə yaşayırdı.

Şeyx Ənsariyə təqlid edən şəxslərdən biri həcc ziyarətinə gedərkən yolüstü Nəcəfdən keçir. Həmin adam Şeyx Ənsari ilə görüşüb ona bir miqdar pul verir və deyir: “Bu pulu halal zəhmətimlə qazanmışam, xümsünü və zəkatını da vermişəm. Sizin evsiz olduğunuzu eşitdim. Bu pulu sizə verirəm ki, özünüzə ev alıb rahat yaşayasınız. Bu qədər tələbəniz və qonağınız olduğu üçün, şəxsi evə ehtiyacınız var”.

Şeyx Ənsari təşəkkür edib pulu alır, həmin adam yoluna davam edib həccə gedir. Alim isə həmin pulla Nəcəfin məhəllərindən birində məscid tikdirir. Həmin məhəllənin yaxınlığında məscid olmadığı üçün adamlar camaat namazı qılmağa çətinlik çəkirdilər.

Pulu verən adam Məkkədən qayıdanda yenə yolunu Nəcəfdən salır, Şeyxin yanına gəlir. Söhbət əsnasında maraqlanıb Şeyx Ənsaridən soruşur ki, özünüzə ev aldınızmı? Şeyx cavab verir: “Almadım, tikdirdim. İstəyirsənsə, gedək, evimi sənə göstərim”. Şeyx Ənsari həmin adamı özü ilə götürüb məscidə gəlir. Məscidin qapısından girəndə deyir: “Bax, tikdirdiyim ev budur”. Şeyxin müsahibi heyrətlə deyir: “Mən bu pulu sizə məscid tikmək üçün yox, özünüzdən ötrü ev tədarük etmək üçün vermişdim”. Şeyx Mürtəza Ənsari isə ona belə cavab verir: “Mən özümdən ötrü yox, Allahdan ötrü ev tikdirdim. Öz evim ancaq mənim ixtiyarımda olacaqdı, məndən sonra varislərim ya orada yaşayacaq, ya da onu satacaqdılar. Amma bu məscid əsrlər keçdikcə müsəlmanlara xidmət edəcək. Heç kimin onu satmağa, bağışlamağa, sökməyə haqqı yoxdur. Burada qılınacaq namazların savabından sənə də pay düşəcək”.

Həmin məscid sonralar Nəcəf şəhərinin ən böyük ibadət ocaqlarından biri sayılmışdır. Məscid şəhərin Hüveyş məhəlləsində yerləşir. Yeri gəlmişkən, təbrizli alim, “əl-Ğədir” kitabının müəllifi Əbdülhüseyn Əmininin təsis etdiyi və özünün də dəfn olunduğu İmam Əli (ə) kitabxanası da bu məhəllədədir. Eyni məhəllədə Buxaralılar mədrəsəsi də mövcuddur.

Buranı “Şeyx Ənsarinin məscidi” də adlandırırlar, lakin məşhur adı “Türklər məscidi”dir. Bu adın verilməsinin səbəbi haqqında deyirlər ki, həmin məscidə Azərbaycan türkləri (həm şimallı, həm də cənublu) daha çox gəlirdilər. Xüsusilə, mühərrəmlik mövsümündə Nəcəfin azərbaycanlı tələbələri bu məsciddə təziyə saxlayırdılar. Şeyx Ənsari özü də həmin məsciddə camaat namazı qıldırır, dərs təşkil edirdi. Ondan sonra ən ünlü mərceyi-təqlidlərdən sayılan Seyyid Mühəmməd Kazim Yəzdi (məşhur “Ürvətül-vüsqa” kitabının müəllifi) Türklər məscidində qılınan camaat namazlarına imamlıq edir və tələbələrə dərs deyirdi. Daha sonralar Ayətullah Seyyid Əbdülhadi Şirazi, Ayətullah Seyyid Həsən Xərsan da bu məsciddə fəaliyyət göstərmişlər. Imam Xomeyni də Iraqda sürgündə olduğu illərdə Türklər məscidində imamlıq etmişdi.

Məscid 1941-ci ildə təmir edilmiş, 1999-cu ildə isə sahəsi genişləndirilmiş, ətrafında dəstəmazxana və köməkçi binalar tikilmişdir. Hal-hazırda Türklər məscidində zöhr və əsr namazları Ayətullah Seyyid Rəziyəddin Mərəşinin, məğrib və işa namazları isə Ayətullah Seyyid Mühəmməd Mehdi Xərsanın imamlığı ilə qılınır.

Please publish modules in offcanvas position.