Peyğəmbər sünnəsinə doğru aparan pillələr

/ Çərşənbə axşamı, 18 Fevral 2020 11:50
Peyğəmbər sünnəsinə doğru aparan pillələr

Müsəlman məscidlərinə xas olan memarlıq elementlərindən biri də minbərdir. Məscidin ibadət zalında, qiblə istiqamətində, mehrabın yanında quraşdırılır, bir neçə pillədən ibarət olur, üst hissəsi ayaq üstə durmaq və ya oturmaq üçün kiçik meydança ilə bitir.

Bahalı taxtadan, daşdan, mərmərdən və başqa materiallardan hazırlanır. Məscidin axundu və ya imam-xətib xütbə söyləyərkən minbərin pillələrində və ya üst hissəsindəki meydançada oturur (və ya durur). Minbərin pillələrinin sayı və hündürlüyü adətən məscidin ölçülərindən asılı olur. Daha geniş ibadət zalı olan iri məscidlərdə hamı xütbə söyləyəni görə bilsin deyə, uca minbərlər qurulur. «Minbər» sözü ərəb dilində «yüksək yer» və «səsin ucaldıldığı məkan» mənalarını bildirir.

Həzrət Mühəmməd Peyğəmbər (s) ilk zamanlar Mədinə məscidində bir xurma ağacının kötüyünə dayaqlanaraq xütbə söyləyirdi. Hicrətdən təqribən 7 il sonra Peyğəmbərin məsləhəti ilə bir səhabə qadın öz dülgər oğluna taxtadan minbər düzəltdirdi. Bu minbər üç pillədən ibarət idi, üçüncü pilləsi oturmaq üçün nəzərdə tutulmuşdu. Həzrət Mühəmməd Peyğəmbər (s) vəfat edincəyə kimi bu minbərin üçüncü pilləsi üzərindən xütbə söyləmişdir.

Əbu Bəkr öz xilafəti dövründə təvazökarlıq əlaməti olaraq, Peyğəmbərdən bir pillə aşağı – yəni ikinci pillədə durardı. Ömər ibn Xəttab daha bir pillə aşağıya endi. Osman ibn Affan isə yenidən üçüncü pilləyə – Peyğəmbərin oturmuş olduğu yerə qalxdı.

Peyğəmbərin minbəri o həzrətin vəfatından sonra 38 il öz yerində qaldı. Müaviyə ibn Əbu Süfyan öz hakimiyyətinə qanuni don geyindirmək üçün minbəri Mədinədən Şama gətizdirmək qərarına gəldi. O, Peyğəmbərin minbəri üzərində xütbə söyləməklə müsəlmanların gözündə daha çox hörmət qazanacağını düşünürdü. Müaviyənin əmri ilə Mədinə valisi Mərvan ibn Həkəm Peyğəmbərin minbərini məsciddən çıxarmaq istəyəndə, Günəş tutulması baş verdi. Bunu pis əlamət kimi yozub, minbəri öz yerinə qaytardılar. Ona daha 6 pillə əlavə etdilər; beləliklə, pillələrin sayı doqquza çatdı. Hicri 654-cü (miladi 1256-cı) il yanğınında Peyğəmbərin minbəri də yanıb məhv oldu.

Mədinə məscidindən sonra ilk dəfə Ömər ibn Xəttabın hakimiyyəti dövründə Əmr ibn As Misrin paytaxtı Fustatın came məscidində minbər qoydurdu. Lakin xəlifənin əmri ilə bu minbəri ləğv etdilər. Çünki Ömər Mədinədən başqa bir şəhərdə minbər qoyulmasını mərkəzi hakimiyyətlə rəqabət kimi qəbul edir və valilərin təkəbbürə düçar olacaqlarından qorxurdu.

Lakin Həzrət Mühəmməd Peyğəmbərin (s) vəfatından təqribən 120 il keçdikdən sonra artıq başqa şəhərlərdə də minbərlər yaranmağa başladı.
Minbər gözəl həndəsi və nəbati naxışlarla bəzədilir; yuxarı hissədə – xətibin başı üzərində Quran ayələri həkk olunur.

Minbər İslam tarixi boyunca müqəddəs sayılmışdır. Hansı şəhərdə olmasına baxmayaraq, minbərləri «Peyğəmbər minbəri» adlandırırlar. Çünki minbərə qalxıb xütbə söyləyən şəxs Peyğəmbərin sünnəsini yerinə yetirmiş olur. Buna görə də minbərə qalxan şəxs bu işin məsuliyyətini layiqincə dərk etməlidir. İnsanları yaxşılığa doğru çağırıb, pis işlərdən çəkindirmək, Allahın əmr və qadağanlarını xatırlatmaq üçün minbər gözəl bir tribunadır.
Bəzi ölkələrin dini ənənəsinə görə, axund (imam-xətib) minbərə qalxarkən məsciddəkilər «payi-minbər» adlı duanı xorla oxuyurlar. Azərbaycanın bəzi bölgələrində bu ənənəyə riayət edilir.

Please publish modules in offcanvas position.