“Müqəddəs“ ləqəbəni almış alim

/ Çərşənbə axşamı, 18 Fevral 2020 12:16
“Müqəddəs“ ləqəbəni almış alim

XVI əsrdə yaşamış məşhur din alimlərindən biri də Müqəddəs Ərdəbili idi. Müqəddəs Ərdəbilinin əsl adı Əhməd ibn Mühəmməddir. Gözəl əxlaqına, ehtiyacı olanlara göstərdiyi təmənnasız yardımlara, o cümlədən, kəramətlərinə görə ona “müqəddəs” ləqəbi vermişdilər.

Müqəddəs Ərdəbili Nəcəf şəhərində yaşamış və elmi fəaliyyətlə məşğul olmuşdur. Fiqh sahəsində xüsusi məharət sahibi idi. Zamanının bir çox böyük alimlərinə dərs demişdi. Saraydan və hökmdarlardan uzaq qaçar, sadə və zahidanə həyat tərzi sürərdi. Səfəvilər hakimiyyət başına gəldikdən sonra bütün ölkələrdən cəfəri məzhəbli alimləri Irana dəvət etməyə başladılar. Müqəddəs Ərdəbili şahlardan dəvət alsa da, Irana köçmək istəmədi və Nəcəfdə qalmağa üstünlük verdi. Bununla belə, Səfəvi şahlarının (müasiri olduğu Şah Təhmasib və Şah Abbasın) Müqəddəs Ərdəbiliyə böyük ehtiramı vardı. Yazırlar ki, bir nəfər Şah Təhmasibi qəzəbləndirmişdi. Həmin adam şahın cəzasından qorxub Müqəddəs Ərbədiliyə pənah gətirdi, xahiş etdi ki, onun bağışlanması üçün vasitəçilik etsin. Müqəddəs Ərdəbili Şah Təhmasibə məktub yazıb, o adamın günahından keçməsini xahiş etdi, məktubun əvvəlində isə şaha “qardaşım” müraciətini yazdı. Şah Təhmasib dərhal günahkarı bağışladı. Üstəlik, tapşırdı ki, Müqəddəs Ərdəbilinin məktubunu qoruyub saxlasınlar: “Mən öləndən sonra dəfn edərkən məktubu kəfənimin altından sinəmin üstünə qoyarsınız; qəbir əzabı veriləndə və qiyamətdə hesabım aparılanda bu məktubu göstərib deyəcəyəm ki, Müqəddəs Ərdəbili məni ”qardaşım“ adlandırıb”.

(Hətta bəzi tarix kitablarında verilən məlumatlara görə, Müqəddəs Ərdəbili on ikinci Imam Həzrət Mehdi (ə) ilə də görüşübmüş).

Müqəddəs Ərdəbilinin nümunəvi əxlaqı barədə əhvalatlar dillər əzbəridir. Deyirlər ki, bir gün Nəcəfə ziyarətə gələn nabələd bir adam Müqəddəs Ərdəbilini muzdla camaat üçün işləyən fəqirlərdən biri zənn edir. Alim o qədər sadə geyinər və təvazökar davaranardı ki, çoxları onu fəqir hesab edərdilər. Həmin adam çirkin paltarlarını alimə verib tapşırır ki, onları yuyub qurutsun. Müqəddəs Ərdəbili heç nə demədən bu işi yerinə yetirməyə başlayır. Paltarları yuyub qurudandan sonra gətirib sahibinə təhvil verəndə həmin adamın yanında olanlar alimi tanıyırlar. Paltar sahibi qarşısındakı şəxsin Müqəddəs Ərdəbili olduğunu biləndə çox peşman olur və ondan üzr istəməyə başlayır. Alim isə sakitcə cavab verir: “Narahat olma, sənin heç bir günahın yoxdur. Mən öz din qardaşıma xidmət edirəm. Bir möminin öz din qardaşı üzərindəki haqqı bundan daha çoxdur”.

Müqəddəs Ərdəbilinin bu davranışını Imam Rzanın (ə) bir hərəkəti ilə müqayisə etmişlər. Bir gün Imam Rza (ə) hamamda yuyunarkən bir nəfər onu tanımır və hamam xidmətçisi olduğunu zənn edir. Imamı çağırıb tapşırır ki, onun çiynini kisələsin. Imam Rza (ə) heç nə demədən xahişi yerinə yetirməyə başlayır. Ətrafda olanlar həmin adamı danlayıb, kürəyini kisələyən şəxsin Həzrət Rza (ə) olduğunu söyləyirlər. O da xəcalət içində Imamdan üzr istəməyə başlayır. Amma o həzrət narahatçılıq üçün heç bir əsas olmadığını söyləyib həmin adamı sakitləşdirir və öz işini axıra kimi davam etdirir.

Müqəddəs Ərdəbilinin kəramətlərindən biri çox məşhurdur. Alim həmişə ona verilən şəriət vergilərini (xüms-zəkatı) ehtiyaclılara paylayar, çox vaxt özü üçün pay saxlamazdı. Bir gün həyat yoldaşı uşaqların ac olduğunu söyləyib narazılığını bildirir. Müqəddəs Ərdəbili etikafa çəkilir ki, ibadət edib Allahdan ruzi istəsin. (Etikaf – məscidə çəkilib, bir neçə gün (adətən, üç gün) ağzı oruclu halda yalnız namaz qılmaq və dua etməklə məşğul olmağa deyilir). Etikafın ikinci günündə bir naməlum şəxs torba dolusu buğda gətirib Müqəddəs Ərdəbilinin evinə təhvil verir və deyir: “Bu buğdanı ev sahibi göndərib, özü məsciddə etikafdadır”. Müqəddəs Ərdəbili etikaf başa vurub evə qayıdanda əhvalatı öyrənir və bunun ilahi bir yardım olduğunu başa düşür.

Please publish modules in offcanvas position.