“İmam Kəbə kimidir...”

/ Çərşənbə, 19 Fevral 2020 10:28
“İmam Kəbə kimidir...”

(Qədir-Xüm bayramı münasibəti ilə)

İslam tarixinin ən parlaq səhifələrindən sayılan Qəfir-Xüm olayına bütün dövrlərdə müraciətlər olmuş və bu hadisəyə istinadlar edilmişdir. Saytımızda Həzrət Əlinin (ə) bu hadisəni xatırlatması və öz haqqını sübut etmək üçün ona istinad etməsi haqqında məlumat vermişdik (http://az.islam.az/article/a-151.html). Eləcə də, Şeyx Müfidin Qədir-Xüm hədisinə müraciəti haqqında da maraqlı bir əhvalatı oxucularla bölüşmüşdük (http://az.islam.az/news/a-11507.html).

Bir daha qeyd edirik ki, həm İslam müqəddəsləri, həm də məşhur səhabələr, alimlər və tədqiqatçılar Qədir-Xüm həqiqətini dönə-dönə xatırlatmış və öz fikirlərini sübuta yetirmək üçün ona dönə-dönə istinad etmişlər. Hər iki dünya qadınlarının xanımı Həzrət Fatimeyi-Zəhra (ə) da Qədir-Xüm hadisəsinin təhlilinə mükəmməl şəkildə yanaşmağı bacarmışdır. Aşağıda Həzrət Zəhranın (ə) Qədir-Xüm hadisəsinə verdiyi gözəl təhlili diqqətinizə təqdim edirik:

Səhabə Mahmud ibn Lübeyd rəvayət edir ki, Mühəmməd Peyğəmbərin (s) vafətından sonra Həzrət Fatimə (ə) şəhidlərin və Həzrət Həmzənin məzarı üstünə gedər, orada ağlayardı. Bir gün mən də Həmzənin qəbri üstünə getdim. Gördüm ki, Fatimə (ə) orada ağlayır. Mən kənara çəkilib gözlədim ki, ağlayıb sakit olsun. Sonra yaxınlaşıb salam verdim, söylədim: “Ey qadınların seyyidəsi! Vallahi, sizin ağlamağınız qəlbimizin tellərini qırır (yəni bizi hədsiz təsirləndirir)”. Fatimə (ə) buyurdu: “Ey Əba Əmrə! Ağlamağımın yeri var. Çünki mənə ataların ən yaxşısının, yəni Allahın Rəsulunun müsibəti üz verib”. Sonra bu şeri oxudu: “Adam öləndə, xatirəsi azalır (unudulur). Lakin Allaha and olsun ki, atam öləndən sonra xatirəsi daha da artıb”.

Mən dedim: “Ey mənim seyyidəm. Ürəyimdə qalan bir sualı sizə vermək istəyirəm”. Buyurdu: “Sualını ver”. Dedim: “Allahın Rəsulu vəfat etməzdən əvvəl imamət barədə Əli haqqında nə isə buyurdumu?” Həzrət Fatimə (ə) cavab verdi: “Təəccüb edirəm, məgər Ğədir-Xüm gününü unutdunmu?” Dedim: “Doğrudur, bunu bilirəm. Amma istəyirəm biləm ki, o həzrət özü şəxsən sizə bu barədə başqa bir işarə veribmi?” Xanım buyurdu: “Allahı şahid tuturam ki, onun (Peyğəmbərin) belə dediyini eşitdim: “Aranızda buraxdığım hər kəsdən daha yaxşısı (üstünü) Əlidir. O, məndən sonra imam və xəlifədir. İki nəvəm və Hüseynin nəslindən gələcək doqquz nəfər də üstün imamlardır. Əgər siz onlara tabe olsanız, onların hidayət edən və hidayət olunmuş olduqlarını görəcəksiniz. Əgər onlara qarşı çıxsanız, qiyamət gününə kimi aranızda ixtilaf hökm sürəcək”.

Soruşdum: “Ey seyyidəm! Bəs niyə o (Əli) öz haqqını tələb etmədi?” Cavab verdi: “Ey Əbu Əmrə! Allahın Rəsulu buyurub: “İmam Kəbə kimidir. İnsanlar onun (imamın) yanına gələrlər, o, adamların yanına gəlməz”. (Yəni necə ki, adamlar Kəbənin ayağına gedib onu ziyarət edirlər, eləcə də imamın başına toplaşıb, onun haqqını əda etməlidirlər. Gözləməsinlər ki, imam onların ayağına gələcək və öz haqqı barədə onlara yalvaracaq). Allaha and olsun, əgər haqqı öz sahibinə versəydilər və peyğəmbərin itrətinə tabe olsaydılar, Allahın dinində bir-biri ilə ixtilafda olan iki nəfər qalmazdı (yəni bütün ixtilaflar həll olardı). Oğlum Hüseynin doqquzuncu nəsildən övladı Qaim zühur edənə kimi imaməti bir-birinə ötürərdilər. Amma onlar (camaat) Peyğəmbərin sonraya saxladığını qabağa çəkdilər, Peyğəmbərin qabağa çəkdiyini isə arxaya saldılar. Peyğəmbəri dəfn edib, torpağın qoynuna təhvil verən kimi öz istəklərinə uyğun seçki aparıb, öz rəylərinə əməl etdilər... Məgər Allahın bu əmrini eşitməyiblərmi: “Rəbbin istədiyini yaradar və seçər. Onların (bəndələrin istədiklərini etməyə) heç bir ixtiyarı yoxdur” (Qəsəs, 68). Əlbəttə, eşitmişdilər, amma Allahın buyurduğu kimi onların gözləri kor deyildi, sinələrindəki qəlbləri kor idi (Həcc, 46). Heyhat. Bu dünyada öz arzu-xəyallarını uzun etdilər, əcəllərini isə unutdular...”

(Hədis cüzi ixtisarla verilir.

Mənbə: Biharül-ənvar, 36-cı cild, səh. 353-354. Əllamə Seyyid Mühəmməd Hüseyn Hüseyni Tehrani. İmamşünasi, 7-ci cild, səh. 203-205).

Please publish modules in offcanvas position.