800 il fəaliyyət göstərən mismarsız məscid

/ Çərşənbə, 19 Fevral 2020 11:08
800 il fəaliyyət göstərən mismarsız məscid

Türkiyənin Samsun vilayətinin Çarşamba ilçesinin mərkəzində yerləşən qədim məscid öz orijinal memarlıq üslubuna və yaşına görə dünyada yeganə sayılır. Məsələ bundadır ki, 800 illik tarixə malik olan taxta konstruksiyalı bu məscidin tikilişi zamanı bircə ədəd də olsa mismardan istifadə edilməyib.

Hasabahçe Göçeli kəndində, Çay məhəlləsində yerləşən bu məscid “qəriblər məzarlığı” kimi tanınan qəbristanlığın içindədir. Bu üzdən yerli əhali ona “məzarlıq camisi” deyir.

Məscidin miladi 1206-cı ildə, Səlcuqlar zamanında tikildiyi ehtimal olunur. Bu nadir memarlıq abidəsinin hansı sənətkar tərəfindən ucaldıldığı məlum deyil. Xalq arasında gəzən rəvayətlərə görə, məscidi bu bölgəyə gələn İslam dəvətçiləri tikmişlər. Başqa bir nəzəriyyəyə görə, məscidi Qara dənizdən üzüb gələn bir müsəlman sərkərdəsi inşa etmişdir.

Keçmişdən gələcəyə körpü kimi uzanan bu məscid binası başdan-başa taxta materialdan ibarətdir. Yalnız məscidin damını çətir kimi örtən tavanın üzü kirəmitdəndir. Məscidin dirəkləri, divar örtüyü təqribən 10 santimetr qalınlıqda, 50-70 santimetr enində və 12 metrdən 20 metrə kimi uzunluqda taxtalardan ibarətdir. Tikinti zamanı qarağac, göyrüş, şabalıd ağaclarından istifadə olunmuşdur; şabalıd ağacı üstünlük təşkil edir. Bütün detallar mismar və başqa bərkidici vasitələr istifadə edilmədən, bir-birinə geydirmə və paya üsulu ilə birləşir.

Məscidin tavanının ümumi sahəsi 392 kv. metrdir; bunun təqribən 250 kv. metri örtülü salona aiddir, divarların kənarında xeyli açıq sahə də tavanın altına düşür. Məscidin tərəflərinin ölçüləri 17-18 və 21-22 metr arasındadır. Tavan 6 taxta dirək üzərində durur.

Mismarsız məscidin tavanı bitki ornamentləri ilə bəzənmişdir. Giriş tağının üzərində hilal, qapının üzərində ox-yay təsviri gözə dəyir. Qapıdan girən kimi qarşıya çıxan ilk dirəyin gövdəsində yuxarıya yönəlmiş ox təsviri var. Bu şəklin mənasını müxtəlif cür izah edirlər. Bir fikrə görə, yuxarıya istiqamətlənən ox tərəqqini, yüksəlişi, gələcəyə inamla baxmağı simvolizə edir. Və ya bu ox işarəsi müsəlmanları həmişə başıuca, izzətlə yaşamağa çağırır.

Məscidin əvvəllər minarəsi də varmış, zaman keçdikcə minarə sökülmüşdür. Məscidin özü isə bu gün də ibadət ocağı kimi fəaliyyət göstərir. Burada gündəlik ibadətlər, cümə namazları, təravih namazları qılınır. Məscidə gələnlər bu cür qədim və nadir tarixi abidənin içində namaz qılmaqdan xüsusi zövq aldıqlarını söyləyirlər.

800 illik tarixinə rəğmən, mismarsız məscid bu gün də davamlı konstrkusiyası ilə hamını heyran edir. Deyirlər, tikintidə istifadə edilən ağacların çürüməyib salamat qalmasının səbəbi budur ki, hər ağacı öz mövsümündə kəsmiş və ciddi qaydalar əsasında qurutmuşlar. Məscidin döşəməsinin altı qismən boşluqdur; bu, həm ventilyasiyanı təmin edir, həm də döşəmənin nəm çəkməsinin qarşısını alır. Dirəklər və divarlar zəlzələyə davamlıdır. Onları yerə elə basdırıblar ki, zəlzələ zamanı yüngülcə amortizasiya verir və aşmır.

Məscidin qiblə istiqamətində quraşdırılmış və oyma naxışlarla, Ay-ulduz rəsmləri ilə bəzədilmiş taxta mehrabın hər iki tərəfində divarda üç ədəd kiçik pəncərə mövcuddur. Bu pəncərələr içəriyə işıq düşməsi məqsədilə açılıb. Yan divarlarda da pəncərələr var.

Mismarsız məscid tikildiyi gündən bu günə kimi yalnız bir dəfə, 1335-ci ildə təmir edilmişdir. Türkiyə hökuməti bu məscidi mühafizə olunan milli sərvətlər sırasına aid etmişdir.

Qeyd edək ki, Göçeli məscidi, tikilişində mismardan istifadə edilməmiş ən qədim bina sayılır. Mismarsız tikilən daha bir neçə memarlıq əsəri həm Türkiyədə, həm də başqa ölkələrdə mövcuddur; amma onların yaşı Göçeli məscidindən azdır. Məsələn, Türkiyənin Qastamon elinin Qəsəbə kəndindəki Mahmud bəy məscidi eyni özəlliyə malikdir, amma yaşı 650 ildən artıq deyil. Bu məscidin divarları çöldən daşla tikilsə də, içərisi bütünlükdə taxtadan ibarətdir. Məşhur səyyah İbn Bəttutə öz səyahətnaməsində bu məscid haqqında məlumat vermiş, onun gözəlliyi qarşısında heyranlığını ifadə etmişdi. Məscidin içində xeyli yüksəklikdə ikimərtəbəli eyvan mövcuddur ki, onun da quruluşunda mismardan istifadə edilməyib.

Qırğızıstanın Qaraqol şəhərindəki Dunqan məscidi isə cəmi 100 il bundan əvvəl tikilib. 570 kv. metrlik sahəni əhatə edən məscid binası bütünlükdə Tyan-Şan küknarı, qarağac, qovaq və qoz ağaclarının taxtasından ibarətdir. Son dərəcə gözəl oyma naxışlarla bəzədilmiş məscidin minarəsi də taxtadandır və mismarsız hazırlanıb.

Qeyd edək ki, Azərbaycanda mismarsız inşa edilən məscid olmasa da, Şəkidə mismarsız ərsəyə gətirilən məşhur Xan sarayı mövcuddur.

Please publish modules in offcanvas position.