Hatəmi Tai - İnsan səxavətinin örnək siması

/ Çərşənbə, 19 Fevral 2020 11:10
Hatəmi Tai - İnsan səxavətinin örnək siması

Əsrlərdir ki, səxavətdən və əliaçıqlıqdan söz düşəndə bir nəfərin adını nümunə kimi çəkirlər. Var-dövlətini başqaları ilə bölüşən, kasıblara yardım edən, dostlardan heç nəyi əsirgəməyən alicənab adamı tərifləmək istəyəndə “Hatəmi-Tai kimi səxavətlidir” deyirlər.

Hatəmi-Tai Ərəbistanın şimalında məskunlaşmış Teyy qəbiləsinin başçısı idi. Miladi VII əsrdə yaşamış, 605-ci ildə dünyasını dəyişmişdi. Hatəm son peyğəmbər Həzrət Mühəmməddən (s) qabaq yaşadığına görə, İslamı qəbul etmək şərəfinə qovuşmamışdı. O, öz dini təklifinə əməl edərək, Həzrət İsanın (ə) gətirdiyi məsihi dininə etiqad bəsləyirdi. Səxavətdən əlavə, bir çox müsbət keyfiyyətlərin sahibi idi. Cəsur cəngavər kimi tanınır, gözəl şeir deyirdi, tanrıdan başqa heç nəyə and içməz, haram aylarda müharibə etməzdi.

Rəvayətə görə, Hatəm Tai hər gün 10 baş dəvə qurban kəsib, böyük süfrə açar və qapıya gələn hər kəsə yemək ehsan edərdi. Ərəbistanın hər guşəsindən kasıblar və aclar onun qapısına pənah gətirirdilər. Hatəmin evinin qapısı hər kəsin üzünə açıq idi.

Deyirlər ki, Hatəmi-Tai vəfat etdikdən sonra qardaşı onun yerini tutmaq və onun işini davam etdirmək həvəsinə düşdü, yenə böyük ehsan süfrələri təşkil etmək üçün xidmətçilərə göstəriş verdi. Hatəmin anası bunu eşidəndə oğlunu çağırıb onu fikrindən döndərməyə çalışdı, dedi ki, sən nə qədər səxavət göstərsən də, Hatəmin tayı ola bilməzsən. Oğul təəccüblə soruşdu: “Niyə mən Hatəmin tayı ola bilmərəm? Axı, biz onunla doğma qardaş idik, ikimiz də sənin oğlunuq”. Anası göz yaşları içində dedi: “Mən səninlə Hatəmin arasındakı fərqi siz lap körpə ikən duymuşdum. Mən sizi əmizdirəndə sən əllərinlə hər iki döşümü tutub saxlayırdın, qardaşını süd əmməyə qoymurdun. Yalnız özün içib doyandan sonra döşümü buraxırdın. Amma Hatəm heç zaman belə hərəkət etməzdi, südü əmməyib gözləyərdi ki, sən içib doyasan”.

Hatəmin qardaşı anasının sözlərinə qane olmadı, öz niyyətini həyata keçirməkdən dönmədi. Ehsanın birinci günündə yenə həmişəki kimi camaat Hatəmin qapısına toplaşdı. Hatəmin qardaşı yemək qazanının yanında durub növbə ilə yaxınlaşan hər kəsə xörək paylayırdı. Anası tanınmamaq üçün paltarını dəyişdirib üz-gözünü örtdü, camaata qarışıb növbəyə durdu. Hatəmin qardaşı anasını tanımayıb ona da yemək verdi. Anası yeməyi alıb getdi, sonra yenə növbənin axırına keçib durdu. Ikinci dəfə onun növbəsi çatanda Hatəmin qardaşı qadını paltarından tanıdı, üstünə qışqırdı: “Mən bayaq sənə yemək verdim! Nə həyasız adamsan, ikinci dəfə növbəyə durmusan. Rədd ol get, bu günlük payını artıq almısan!” Anası başındakı örtüyü qaldırıb oğlunun gözlərinin içinə baxaraq söylədi: “Oğul, axı mən sənə demişdim ki, Hatəmin tayı ola bilməzsən. Mən Hatəmin sağlığında onu yoxlamaq üçün dəfələrlə eynilə bu cür hərəkət etdim. Amma Hatəm bircə kərə də olsa, məni qovmadı, hər dəfə mənə birinci dəfə imiş kimi yemək verdi”.

Hatəm səxavətdə bənzərsiz olmasına baxmayaraq, deyirmiş ki, məndən daha alicənab birisi var. Sonra həmin adamla necə tanış olmasını danışırmış. Hadisə belə olub: Günlərin birində Hatəmi-Tai yenə axşam qonaqlıq verəcəyini elan edir. Təsadüfən günorta yolu səhraya düşür. Səhrada kol-kos yığıb evinə aparan bir qoca ilə rastlaşır. Qoca odun şələsinin ağırlığı altında əyilmişdi. Hatəm onu saxlayıb görüşür, özünü tanıtdırmadan hal-əhval tutur. Məlum olur ki, qoca hər gün səhradan çırpı gətirib satır, bunun pulu ilə dolanır. Hatəm təəccüblə deyir: “Niyə bu yaşında özünə əziyyət verirsən? İndi sənin odun daşıyan vaxtın deyil. Eştiməmisən ki, hər gün Hatəm camaata qonaqlıq verir? Sən də onun qapısına get, qarnını doyuzdur”. Qoca başını bulayıb cavab verir: “Oğlum, mən bu əziyyətə ona görə qatlaşıram ki, heç kimə, hətta Hatəmə də möhtac olmayım. Başqasının çörəyini minnətlə yeməkdənsə, öz alnımın təri ilə dolanmaq mənə daha xoşdur”.

Hatəmi-Tainin bir oğlu və bir qızı var idi. Oğlu Ədiyy atasından sonra Teyy qəbiləsinin başçısı oldu. Həzrət Mühəmməd Peyğəmbərin (s) göndərdiyi müsəlman qoşunu onların torpaqlarını fəth edəndə Ədiyy qaça bildi, amma qəbilənin qadın və uşaqları, o cümlədən, Ədiyyin bacısı müsəlmanlara əsir düşdü. Peyğəmbər onun kim olduğunu bilən kimi atası Hatəmin xatirinə əsirlikdən azad etdi və ehtiramla öz torpaqlarına qaytardı. Uzaqgörən qadın Ədiyy ilə görüşüb, əsirlikdə ikən müsəlmanlarda gördüyü gözəl əxlaqdan ona danışdı. Ədiyy bacısının məsləhəti ilə Mədinəyə gəldi və İslamı qəbul edib müsəlman oldu.

Hatəmi-Tai müsəlman olmasa da, səxavəti xatirinə Allahın mərhəməti ona şamil olar. İslam Peyğəmbəri Ədiyyə buyurmuşdu ki, atan Hatəm səxavətinə görə cəhənnəmin şiddətli əzabından amanda qalacaq.

Qeyd etmək yerinə düşər ki, Hatəmin oğlu Ədiyy Peyğəmbərdən sonra da İslama sədaqətini qoruyub saxlamış, Həzrət Əlinin (ə) silahdaşlarına qoşulmuş və o həzrətin xilafəti zamanı aparılan müharibələrdə fəal iştirak etmişdi.

Please publish modules in offcanvas position.