Yalançı peyğəmbər

/ Çərşənbə, 19 Fevral 2020 11:12
Yalançı peyğəmbər

Müseylimə ibn Sümamə (və ya Həbib) Ərəbistanın Nəcd bölgəsindəki Yəmamə məntəqəsində məskunlaşmış Bəni-Hənifə qəbiləsindən idi. 586-cı ildə doğulmuşdu, əksər qəbilə üzvləri kimi xristian dininə inanır, boynundan gümüş xaç asırdı.

15 yaşında ikən Müseylimə Qüdsə səfər etdi, burada qaldığı iki il ərzində Həzrət İsa Məsihin (ə) özündən sonra gələcək peyğəmbər haqqında buyurduqlarını öyrəndi. Deyirlər ki, bundan sonra Müseylimə həmişə özünün həmin peyğəmbər olması üçün dua edirmiş.

Müseylimə Ərəbistana qayıtdıqdan sonra Omanda məskunlaşdı, Hindistana ticarət səfərləri təşkil etməyə başladı, bu arada hind fəlsəfəsini də öyrəndi. 628-ci ildə Müseylimə Yəmaməyə qayıdanda buradakı vəziyyətin xeyli dəyişdiyini gördü. Bəni-Hənifə qəbiləsinin başçısı İslam dinini qəbul etmişdi, xeyli insan artıq müsəlman idi.

Hicri 9-cu ildə Müseylimə bir qrup həmqəbiləsi ilə birlikdə Mədinəyə gəldi. Onunla gələnlər Peyğəmbərlə görüşüb iman gətirdiklərini elan etdilər. Müseylimə isə karvandakı yükün yanında qalmaq bəhanəsi ilə Peyğəmbərlə görüşməkdən imtina etdi və o həzrətə beyət etmədən vətəninə qayıtdı.

Vida həccində Həzrət Mühəmməd Peyğəmbərin (s) söylədiyi xütbədən bütün müsəlmanlar başa düşdülər ki, o həzrətin vəfatı yaxınlaşmaq üzrədir. İslama qarşı kin və nifrətini uzun illər gizlətmiş qüvvələr fürsətin çatdığını anlayıb fəaliyyətə başladılar. Bunlardan biri də Müseylimə idi. Müseylimə elçilər vasitəsilə öz “dəvət” məktubunu Islam Peyğəmbərinə çatdırdı. Məktubda deyilirdi: “Allahın rəsulu Müseylimədən Allahın rəsulu Mühəmmədə. Salam olsun sənə. Mən bu işdə (peyğəmbərlikdə) sənə şərik edilmişəm. Yerin yarısı bizimdir, yarısı da Qüreyşin. Amma Qüreyş həddi aşan qövmdür” (yəni Qüreyş qəbiləsi peyğəmbərliyi yalnız özünə aid edib, bizim haqqımızı yedi).

Həzrət Mühəmməd Peyğəmbər (s) Müseylimənin məktubunu oxuyandan sonra ona belə cavab göndərdi: “Allahın rəsulu Mühəmməddən yalançı Müseyliməyə. Hidayətə tabe olanlara salam olsun. Yer Allahındır, onu öz bəndələrindən istədiyinə irs verər, xeyirli aqibət təqvalılarındır”.

Müseylimə iddia edirdi ki, Allah Harunu (ə) peyğəmbərlikdə Musaya (ə) şərik etdiyi kimi, guya onu da Mühəmmədə (s) şərik edib; ona Rəhman adlı mələk vasitəsilə vəhy göndərir və vəhy ona zülmət şəraitdə gəlir. Müqayisə üçün deyək ki, Həzrət Mühəmməd Peyğəmbər (s) vəhy mələyini nur halında görürdü. Müseylimənin adamlarından biri ondan soruşmuşdu: “Sənə vəhy mələyi nur halında gəlir, ya zülmət halında?” Müseylimə cavab verdi: “Zülmət içində”. O adam bu cavabı eşidəndə dedi: “Başa düşdüm ki, sən yalançısan. Amma Hicazlı doğruculdansa, Yəmaməli yalançı daha yaxşıdır”. Bu ifadə o zamankı ərəblərin qəbilə təəssübünə nə qədər önəm verdiklərini və bu təəssüb xatirinə hətta həqiqəti inkar etməyə də hazır olduqlarını göstərir.

Müseylimə yalan vədlərlə və qəbilə təəssübkeşliyi ilə camaatı öz tərəfinə çəkməyə başladı. Onun yalançı olması addımbaşı aşkara çıxırdı. Deyirlər ki, bir dəfə ona demişdilər: “Mühəmməd suyu azalmış quyulara ağzının suyundan tökəndə quyuların suyu artır. Sən də bizim üçün belə bir möcüzə göstər”. Müseylimə hansı quyuya tüpürdüsə, suyu birdəfəlik çəkilib qurudu. Başqa bir vaxt ona dedilər: “Mühəmməd öz səhabələrinin başına əlini sürtüb onlara şəfa verir. Sən də bizim xəstə balalarımızı sağalt”. Müseylimə hansı uşağın başına əlini çəkdisə, nəinki sağalmadı, üstəlik, uşağın saçları tökülüb keçəl oldu. Bir gözü görməyən qocanın sağalması üçün dua edəndə, qocanın ikinci gözü də kor oldu.

Buna baxmayaraq, qəbilə üzvləri yenə Müseyliməni dəstəkləməkdə davam edirdilər. Müseylimə Həzrət Mühəmməd Peyğəmbərin (s) ən böyük möcüzəsinin bəlağətli və ecazlı Quran olduğunu bildiyi üçün, Quran ayələrinə tay olan sözlər demək həvəsinə düşdü, guya Rəhman adlı mələkdən aldığı vəhyləri yaymağa başladı. Amma Müseylimənin “vəhyləri” Qurani-kərimin müqabilində çox gülünc görünürdü. Müseylimə Qurandakı Fil surəsinə cavab olaraq bu surəni deyirdi: “Əl-fil. Məl-fil. Və ma ədrakə məl-fil. Ləhu zənbin vəbil. Və xurtumin təvil”. Tərcüməsi: “Fil. Nədir fil? Sən nə bilirsən ki, nədir fil? Onun bərk quyruğu və uzun xortumu var”.

Müseylimə ilə eyni zamanda Ərəbistanın müxtəlif məntəqələrində yalançı peyğəmbərlər zühur etməyə başladı. Zün-nun adlı mələk vasitəsilə vəhy aldığını iddia edən Tüleyhə ibn Xüveylid, Yəməndə zühur edən Əsvəd ibn Kəb, Bəni-Təmim qəbiləsindən olan Səccah bint Haris belələrindən idilər. Bunların arasında yalançı “peyğəmbər” qadın Səccah siyasi və hərbi cəhətdən daha güclü idi. Səccah Yəmaməni ələ keçirmək üçün Müseylimənin üzərinə qoşun çəkdi. Müseylimə öz qüvvələrinin az olduğunu görüb sülh təklifini irəli sürdü. Qərara alındı ki, Müseylimə ilə Səccah bir çadırın içində təklikdə görüşüb, həqiqi peyğəmbər olduqlarını bir-birinə sübut etsinlər. Hansı biri bu mübahisədə məğlub olsa, o birisi ona tabe olsun.

Müseylimə ilə çadırda keçirdiyi gecədən sonra Səccah öz adamlarına elan etdi ki, Müseylimə özünün haqq peyğəmbər olduğunu ona sübut edə bildiyi üçün o, Müseyliməyə ərə gedir. Təmim qəbiləsi də öz liderinə tabe olub Müseyliməyə qoşuldu; bununla Müseylimə böyük güc əldə etmiş oldu. Deyilənlərə görə, Müseylimə Səccahın mehriyyəsi olaraq, onun qəbiləsini sübh və işa namazlaranı qılmaqdan azad etdiyini bildirmişdi. Səccah bir neçə ay Müseylimə ilə yaşadıqdan sonra yenə öz torpaqlarına qayıtdı.

Müseylimə artıq müsəlman icması üçün kifayət qədər təhlükəli qüvvə sayılırdı. O, Nəcdin müsəlman valisini qovlamış, böyük bir ərazini ələ keçirmişdi. Ardıcıllarının sayı 40 mini ötüb-keçmişdi. Həzrət Mühəmməd Peyğəmbər (s) Müseyliməyə qarşı qoşun göndərməyə imkan tapmadı. Birinci xəlifə Əbu Bəkrin zamanında Müseyliməyə qarşı hazırlanmış iki hərbi səfər məğlubiyyətlə nəticələndi. Nəhayət, İslam fütuhatında şöhrət qazanmış Xalid ibn Vəlid yalançı peyğəmbərlə döyüşməyə təhkim edildi.

Xalid döyüşdən qabaq Müseylimənin ardıcıllarının inamını qırmağı qərara aldı. O, Müseylimə ilə görüşüb danışıq aparmaq istədiyini bildirdi. Müseylimə görüşə ələndə Xalid qılıncını sıyırıb onu öldürmək üçün üstünə atıldı. Yalançı peyğəmbər öz qoşununa tərəf qaçıb canını qurtarsa da, qorxaq bir adam kimi hamının gözü qarşısında rüsvay oldu.

Müsəlmanlarla Müseylimənin tərəfdarları arasında 633-cü ildə baş vermiş döyüş tarixdə Yəmamə savaşı adı ilə məşhurdur. Bu savaşda 1200 nəfərdən artıq müsəlman, o cümlədən yüzlərlə Quran hafizi şəhid oldu. Qarşı tərəf 20 min nəfər itki verdi. Müsyelimə “Rəhman bağı” adlandırdığı qərargaha sığındı. Bağın ətrafı uca hasarla örtülü idi. Əbu Dücanə adlı səhabə hasarı aşıb keçdi, bağın qapısını açıb Islam qoşununu içəri buraxdı. Döyüş müsəlmanların qələbəsi ilə başa çatdı. Müseyliməni isə deyilənlərə görə, vaxtilə Həmzəni şəhid etmiş zənci Vəhşi öldürdü. Vəhşi Müseyliməni də Həmzəni vurduğu nizə ilə vurmuşdu. Sonralar Vəhşi həmin nizəni göstərib deyirmiş ki, bununla həm dünyanın ən yaxşı adamını, həm də ən pis adamını öldurmuşəm. Başqa məlumata görə, Vəhşinin yaraladığı Müseylimənin həyatına Əbu Dücanə son qoydu.

Sonda Müseylimənin əhvalatı ilə başqa bir neçə hadisə arasında paralellər aparıb, ortaya çıxan nəticələri söyləmək istərdik.

XVIII əsrdə Islamın ilkin dövrünə qayıtmaq çağırışı ilə meydana çıxmış, əslində isə bütün dini ənənələri aradan qaldırıb az qala yeni bir din gətirmiş Mühəmməd ibn Əbdülvəhhab da Nəcd bölgəsindən idi; yalançı Müseylimə kimi...

Müseylimə də Allah tərəfindən göndərildiyini iddia edir, özünü Həzrət Mühəmmədə (s) şərik bilir, rəsul adlandırırdı. Eynilə bu günkü “peyğəmbərlər” kimi...

Please publish modules in offcanvas position.