Xədicə (ə) peyğəmbərlə (s) ailə qurmazdan əvvəl ərdə olmuşdurmu? (Birinci hissə)

/ Cümə axşamı, 20 Fevral 2020 10:44
Xədicə (ə) peyğəmbərlə (s) ailə qurmazdan əvvəl ərdə olmuşdurmu? (Birinci hissə)

Həzrət Xədicə (ə) ilə bağlı bəzi mövzularda alim və tədqiqatçıların fikirləri fərqlənir. Bu mövzulardan biri də Xədicənin (ə) Həzrət Mühəmməd Peyğəmbərdən (s) qabaq bir nəfərlə ailə qurması, onun vəfatından sonra yenə ərə getməsi, ikinci əri də dünyasını dəyişdikdən sonra dul halda Peyğəmbərin (s) nikahına daxil olması barədə məlumatın düzgünlük dərəcəsidir.

Demək olar ki, bütün sünni mənbələri və şiə mənbələrinin çox hissəsi bu mövqeyi dəstəkləyir. Lakin əsasən, şiə məzhəbinə mənsub olan bəzi alimlər məşhur fikrə qarşı çıxmış, Xədicənin (ə) Peyğəmbərlə (s) izdivaca kimi bakirə olduğunu, Həzrət Fatimədən (s) savayı Peyğəmbərin (s) qızı kimi tanınan digər üç qızın əslində Xədicənin (ə) bacısı Halənin qızları olduğunu söyləmişlər və birinci nəzəriyyəni İslama düşmən olan qüvvələrin uydurması adlandırmışlar. Xüsusilə, son zamanlar bu mübahisələr daha da kəskinləşmişdir.

Xədicə (ə) əslində öz bacısının uşaqlarını saxlayırmış?

Alternativ nəzəriyyəyə əsasən, Həzrət Xədicənin (ə) Halə adlı bacısı var imiş. Halə Bəni-Məxzum qəbiləsindən bir nəfərə ərə getmiş, ondan qızı olmuş, qızına öz adını (Halə) qoymuşdu. Əri öldükən sonra Xədicənin (ə) bacısı ikinci dəfə Bəni-Təmimdən olan başqa biri ilə ailə qurmuş, bu dəfə Hind adlı oğul dünyaya gətirmişdi. İkinci həyat yoldaşı da vəfat etdikdən sonra Halə övladları ilə birlikdə Xədicənin (ə) evinə köçüb onun himayəsi altında yaşamağa başlayır. Halə dünyasını dəyişəndən sonra Xədicə (ə) onun uşaqlarına öz doğma övladı kimi baxırmış. Peyğəmbər (s) Xədicə (ə) ilə evləndikdən sonra onları övladlığa götürür.

Bəzi müəlliflər iddia edirlər ki, Halənin ikinci ərinin (Bəni-Təmim qəbiləsindən olan kişinin) əvvəlki arvadından iki qızı da var imiş və Halə ilə evlənəndən sonra bu qızları da yanında saxlayırmış. Qızların adı Zeynəb və Rüqəyyə idi. Əri öldükdən sonra Halə üç qızı (Halə, Zeynəb və Rüqəyyəni) özüylə götürüb bacısının evinə köçür, Hindi isə atasının qəbiləsi tərbiyə etməyə başlayır.

Bu nəzəriyyənin əsas sübutları

Əsrimizin görkəmli şiə tarixçilərindən olan Seyyid Cəfər Amili “əl-Səhih min siyrət əl-Nəbiyy əl-əzəm” adlı fundamental əsərinin ikinci cildində (səh. 121-126) mövzu barədə kifayət qədər geniş bəhs açmışdır. Müəllif Həzrət Xədicənin (ə) Peyğəmbərə (s) ərə getməzdən əvvəl bakirə və ərsiz olması fikrini müdafiə edir və öz fikrini əsaslandırmaq üçün ortaya bəzi sübutlar qoyur. Ən əsas sübutları və onların əks-arqumentlərini üç bənd üzrə ümumiləşdirmək olar:

Birinci iddia:

Xədicə (ə) kimi imkanlı bir qadının tanınmamış qəbilələrdən olan adamlara ərə getməsi qeyri-mümkün idi. Hicri IV (miladi X) əsrdə yaşamış şiə alimlərindən Əbül-Qasim Kufi “əl-İstiğasə” kitabında yazır: Bütün şiə və sünni aimləri etiraf edirlər ki, ərəblərin ən varlı və şərəfli şəxsləri Həzrət Xədicəyə (ə) elçi düşmüş, amma onun tərəfindən rədd edilmişdilər. Bəs necə ola bilər ki, Xədicə (ə) bu cür sərfəli elçilikləri rədd edib tanınmayan adamlara ərə gedib?

Cavabı:

Həzrət Xədicənin (ə) Bəni-Məxzum və Bəni-Təmim qəbiləsindən olan şəxslərlə ailə qurmasına nəzəri cəhətdən aşağıdakı səbəblər üzündən etiraz edə bilərik:

- Ya o adamlar tanınmamış qəbilədən olmalı idilər ki, bu izdivac Xədicəyə (ə) əskiklik sayılaydı.

- Ya kasıb olmalı idilər ki, Xədicə (ə) kimi imkanlı qadının onlara ərə getməsi cahil ərəblər tərəfindən pis qarşılanaydı.

- Ya da o şəxslər iman və əxlaq baxımından alçaq mərtəbədə olmalı idilər ki, bu izdivac üzündən Xədicəyə (ə) tənə etmək mümkün olaydı.

1. Əgər söhbət onların tanınmamış, zəif qəbilələrdən olmasından gedirsə, bu, belə deyil. Hər iki qəbilə kifayət qədər tanınırdı, Qüreyş qədər şərəfli olmasalar da, qəbilələr içində öz yerləri vardı.

2. Hətta bu qəbilələr və ya həmin şəxslər tanınmamış olsalar belə, bu, əslində eyib sayılırmı? Ola bilər ki, o zamankı cahiliyyə ərəblərinin gözündə eyib sayılırdı, amma Xədicə (ə) kimi zəkalı qadın bu cür düşünə bilməzdi. Məgər gələcək həyat yoldaşını millətinə, cəmiyyətdəki çəkisinə, şan-şöhrətinə görə seçmək düzgün addımdırmı? Məsumlarımızın həyat yoldaşlarının bəziləri məhz tanınmamış, çoxlarının yuxarıdan-aşağı baxdığı şəxslər olmuşlar. Peyğəmbər (s) kasıb, dul, qohumları tərəfindən atılmış, bəzən isə hətta döyüşdə əsir alınmış qadınlarla ailə qururdu. İmam Sadiqin (ə) həyat yoldaşı və İmam Kazimın (a) anası ərəblərin yuxarıdan-aşağı baxdığı bərbər qəbiləsindən idi. Amma İmam Sadiq (ə) o qadına “müsəffat” (saf, təmiz qızıl) ləqəbi vermişdi...

3. Əgər söhbət Xədicənin (ə) birinci və ikinci həyat yoldaşlarının kasıb olmalarından gedirsə, bunu iddia etməyə hansı əsasımız var? Axı Həzrət Xədicə (ə) haqqında yazılan kitablarda deyilir ki, o, öz var-dövlətini atasından və iki ərindən irs almışdı. Deməli, bu şəxslər o qədər də kasıb olmamışlar. Əgər kasıb olsalar belə, bu, eyib və nöqsandırmı? Xədicə (ə) kimi zəkalı bir qadının öz gələcək ərinə var-dövlətə görə qiymət verməməsi niyə qəribə görünür?

4. Əgər söhbət onların imanından gedirsə, bu iki nəfərin iman və əxlaq baxımından aşağı səviyyədə olmasını hansı əsasla iddia edə bilərik? Bu barədə sübutumuz varmı?

İkinci iddia:

Həzrət Xədicə (ə) İslam Peyğəmbərinə (s) ərə getmək qərarını verəndə rəfiqələri onu danlayıb demişdilər ki, sən o cür varlı və şan-şöhrətli elçilərə yox dedin ki, indi yetim Mühəmmədə (s) razılıq verəsən? Bu halda necə ola bilər ki, Xədicə (ə) əvvəlki iki nəfərlə ailə qurmuş olsun?

Cavabı:

Kim iddia edə bilər ki, Həzrət Xədicə (ə) Bəni-Məxzum və Bəni-Təmim qəbilələrindən olan adamlara ərə gedəndə də camaat ona eyni töhməti vurmurdu? Əgər bu barədə kitablarda məlumat yoxdursa, bu faktın ümumiyyətlə olmadığını söyləmək düzgün deyil. Bəlkə o zaman da Xədicəyə (ə) qarşı iradlar irəli sürülmüş, amma o, bunları cavabsız qoymuşdu?

Göründüyü kimi, cahiliyyə qadınlarının düşüncəsi bundan irəli gedə bilmirdi. Onlar Xədicənin (ə) Mühəmməd (s) kimi birisinə də ərə getməsini əskiklik sayırdılar. Amma Xədicə (ə) bu maneəni sındıra bildi. Elə isə, o, birinci və ikinci evliliklər zamanı da iradları qulaqardına vura bilməzdimi? Doğrudur, onun əvvəlki ərləri İslam Peyğəmbərinə (s) tay ola bilməzdi. Amma Xədicə (ə) o həzrətin gələcək missiyasından xəbərdar idimi? Axı Xədicə (ə) o həzrətin peyğəmbərliyə seçilməsini ilk vəhydən sonra, əmisi oölu Vərəqə ilə məsləhətləşmədən sonra öyrənmişdi. Hələ dini meyarları dərindən tanımayan bir qadının cahiliyyə dövründə dürüst və evliliyə layiq bildiyi şəxslərə ərə getməsi çoxmu qəbahətli işdir ki, bunu hər vasitə ilə inkar etməyə çalışaq?

(ardı var)

Please publish modules in offcanvas position.