Səfəvi şahları hansı dildə yazışırdılar? (Dördüncü hissə)

/ Cümə axşamı, 20 Fevral 2020 11:22
Səfəvi şahları hansı dildə yazışırdılar? (Dördüncü hissə)

(Əvvəli: http://islam.az/az/mezhaleler/i-slam-tarikhi/item/2671-saefaevi-saray-nda-turk-dili-birindzi-hissaehttp://islam.az/az/mezhaleler/i-slam-tarikhi/item/2672-saefaevi-saray-nda-turk-dili-i-kindzi-hissaehttp://islam.az/az/mezhaleler/i-slam-tarikhi/item/2673-saefaevi-shahlar-hans-dildae-yaz-sh-rd-lar-udzhundzu-hissae)

Saray yazışmalarının daha çox fars dilində aparılmasının ikinci səbəbini isə o dövrün ictimai-siyasi, etik-mədəni mənzərəsində axtarmaq lazımdır. Yuxarıda xatırlatdığımız “Münşeatü-s selatin”i vərəqlədikcə aydın olur ki, XIV-XV əsrlərdə müsəlman dövlətlərinin beynəlxalq yazışmalarında fars dilindən kifayət qədər çox istifadə edilmişdir. Hətta Osmanlı sultanları Orxan Qazı, Sultan I Murad, İldırım Bayezid, I Mehmet, II Murad, II Mehmet Fatih, II Bayezid zamanlarında (XIV-XV əsrlər) saray dəftərxanasında fars dili üstün mövqe tutmuşdur. Türk dili ölkədaxili yazışmalarda (şahzadələrə, bölgə əmirlərinə ünvanlanmış məktublarda) daha çox tətbiq edilirdi. XVI əsrin ilk onilliklərinə kimi Osmanlı sultanları ölkə xaricinə göndərdikləri məktublarda fars dilinə, ölkədaxili yazışmalarda isə türk dilinə üstünlük verirdilər. Lakin Sultan Süleyman Qanuninin hakimiyyətə gəlişindən sonra (1520-ci il) Osmanlı sultanlarının beynəlxalq yazışmalarında da türk dilinin təsiri ciddi surətdə artır.

“Münşeatü-s selatin”dəki yüzlərlə məktubdan aydın olur ki, XIV-XV əsrlərdə İslam dünyasının böyük bir hissəsində dövlət səviyyəsində yazışma dili məhz fars dili sayılırdı. Hətta Hindistan hökmdarları, Cəlairilər və Teymurilər də Osmanlı sultanlarına məktubu fars dilində yazırdılar. Teymurləngin İldırım Bayezidə 5 məktubundan 4-ü fars, biri ərəb dilindədir. Onun xələfləri Şahrux Mirzə, Uluğbəy və başqaları da Osmanlı sarayına fars dilində müraciət edirdilər. Anadolunun böyük bir hissəsində hökm sürən Qaramanoğulları mənşə etibarilə türk olsalar da, Osmanlı sarayına fars dilində məktub yazırdılar. Ən maraqlısı isə budur ki, Azərbaycan torpaqlarında hakimiyyət sürən Qaraqoyunlu və Ağqoyunlu hökmdarları, Şirvanşahlar da Osmanlı sultanlarına məktubu fars dilində yazır və onlardan bu dildə cavab alırdılar. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, Səfəvi şahlarının beynəlxalq yazışmalarda fars dilindən istifadə etmələri o dövrün reallığından doğan bir hadisə idi.

Burada Şah İsmayıl və Sultan Səlimin türkcə yazdıqları iki məktub misalında Səfəvi və Osmanlı sarayında işlədilən türkcənin üslub müqayisəsini vermək istərdik. Bu müqayisə nəticəsində Səfəvilərinmi yoxsa Osmanlılarınmı daha səlis və təmiz, fars-ərəb ibarələrindən uzaq türk dilində yazışma bacarığına malik olduğunu aydınlaşdıra bilərik. Müqayisə üçün Şah İsmayılın hicri 7 rəbiül-əvvəl 918-ci ildə (miladi 23 may 1512) Musa bəy Durğut oğluna göndərdiyi naməni və Sultan Səlim Yavuzun hicri 920-ci il cəmadiyül-əvvəl ayının axırlarında (miladi 1514-cü il iyul ayının axırları) Şah İsmayıla göndərdiyi üçüncü məktubu seçdik.

Şah İsmayılın məktubunda deyilir:

“Bismillahir-Rəhmanir-Rəhim.

Əbül-müzəffər İsmayıl Bahadur

Sözümüz

Əmiri-əzəmi-əkrəm Musa Durğut oğlı inayət və şəfqətimizə ümidvar oləndən sonra şöylə bilsün kim, iftixarül-əazim vəl-əyan Əhməd Ağa Qəramanlu ol tərəfə göndərdük və ol yerin ixtiyarliğin kəndüyə şəfqət etdük. Gərək kim müşarün-ileyh sözündən və məsləhətindən çıxməsün və mütabiət və yardım ona qılsun kim, inşaAllahi-Təala, hər nə kim etmək müradi və istəgi olsun, hasildür. Gündən-günə hər iş vaqe bulsa, Əhməd Ağa ittifaqi ilə dərgahi-müəllamizə bildürsünlər kim, hər növ buyuruğımız olsə, əməl etsün, gönlümüzü xoş tutub, mərhəmətimizə ümidvar olsun.

Təhrirən 7 rəbiül-əvvəl, sənə 918”.

Sultan Səlimin Şah İsmayıla üçüncü məktubu isə bu cür başlayır:

“İsmayıl bahadur, əsləhallahü şənuhu. Misali-lazimül-əmsal vasil olicəq məlum olə ki, hətki-pərdeyi-İslam və hədəmi-şəriəti-Seyyidül-ənam etməyə (əleyhis-səlatü vəs-səlam) qiyami-tam göstərdigin həddi-təvatürə yetişüb nöqteyi-tinəti-məzərrət-nihadini ki mərkəzi-daireyi-fitnəvü fəsaddır, səfheyi-xütteyi-ruzigardən əzfari-xəncərü tiği-abdarlə həkk eyləmək kaffeyi-müsliminə ümumən və səlatini-ülul-əmr və xəvaqini-zülqədərə xüsusən cümleyi-vacibatdən iydügünə əimmə və üləma kəssərəllahü əmsalihim ila yövmil-cəza bi-isrihim fətva verüb, ana binaən məhzən ehyayi-mərasimi-dini-Mühəmmədi və iqaməti-namusi-şərayei-Əhmədi icla içün ləşkəri-bişümari-xəsm-şikar ilə sənin qəsdinə biladi-şərqə təvəccöhi-humayun göstərüb, məzmuni-şərifində şahlıq cəhətindən təhti-təsərrüfündə olan nəvahi və ərazi səadəti-zülli-zəlili-rəyəti-fəth-ayatimlə müstəsəd olicəq, ər isən meydanə gələsən...”

Göründüyü kimi, təxminən eyni dövrün məhsulu olmalarına baxmayaraq, Şah İsmayılın məktubu daha anlaşıqlı, səlis və təmiz türkcədə qələmə alınmışdır. (Şah İsmayılın şeirləri də bu cür saf dilə malikdir). Lakin Sultan Səlimin məktubunda ərəb-fars ibarələri qat-qat çoxdur, məktubun dili ağır, cümlələri uzundur. Bu yazı üslubu sonralar (XVI əsrin ikinci yarısından başlayaraq) diplomatik yazışmalarda rast gəlinəcək etiket qaydalarına daha çox yaxındır.

Please publish modules in offcanvas position.