Əgər Avropa bütünlükdə müsəlmanların əlində olsaydı... (İkinci hissə)

/ Cümə axşamı, 20 Fevral 2020 11:27
Əgər Avropa bütünlükdə müsəlmanların əlində olsaydı... (İkinci hissə)

Alternativ tarix

(Əvvəli: http://islam.az/az/mezhaleler/i-slam-tarikhi/item/2675-aezhaer-avropa-butunlukdae-musaelmanlar-n-aelindae-olsayd-birindzi-hissae)

Müsəlmanların qarşısı alınmasaydı, dünya hansı istiqamətdə inkişaf edərdi?

Böyük tarixçi Eduard Hibbon Puatye döyüşünü “bütün dünyanın tarixini dəyişdirmiş hadisə” adlandırmışdır. O, “Roma imperiyasının süqutu və məhvi” adlı maqistr dissertasiyasında ərəblərin qələbə çalacağı ehtimalı zamanı alına biləcək nəticələr barədə yazırdı:

“Cəbəlüttariq qayalarından Luara düzənliyinə çatmaq üçün müsəlmanlara min mildən bir az artıq qələbə marşı keçmək lazım gəldi. Daha bir belə cışrayış ərəbləri Polşanın və Şotlandiyanın sərhədlərinə gətirib çıxaracaqdı. Reyn çayı Nil və Fərat kimi gəmiçilik üçün yararlıdır. Ərəb donanması hətta döyüşsüz Temza çayının axarlarına yaxınlaşa bilərdi. O halda bəlkə də indi Oksfordda Quran tədris olunur, təfsirçilər isə sünnət olunmuş ingilislərə Mühəmmədin (s) vəhyinin həqiqətini və müqəddəsliyini öyrədirdilər...”

Doğrudan da, əgər müsəlmanlar franklara qalib gəlib Puatye döyüşünü udsaydılar, vəziyyət necə olardı? Əgər bu savaşda Karl öz döyüşçülərinin böyük hissəsi ilə birlikdə həlak olsaydı, nə baş verərdi?

732-ci il yürüşünün əvvəlində müsəlmanlar irimiqyaslı fəth haqqında düşünməsəydilər belə, böyük xristian ordusuna qalib gəlib, onların başçısını öldürdükdən sonra yəqin ki, evə dönməzdilər. Unutmaq olmaz ki, 711-ci ildə İspaniyaya yürüş də kişik basqın kimi başlamış, amma uğur qazanaraq qələbə səfərinə çevrilmişdi. Əbdürrəhmanın əsgərləri qələbə çalsaydılar, yəqin ki, Turu ələ keçirəcək, hətta daha da ruhlanaraq, Orlean və ya Paris üzərinə yürüyəcəkdilər.

Bu arada, hələ Martell ləqəbini qazanmadan həlak olan Karlın ölümü onunu varislərin hakimiyyət uğurunda çəkişməyə sürükləyəcəkdi. Bu çəkişmənin qalibi hər kim olacaqdısa – istər Karloman, istərsə də Gödək Pipin – eyni zamanda frizlər, burqundlar, provansallar və müsəlmanlarla mübarizə aparmalı olacaqdı. Amma qalib şöhrəti qazanmadan və qələbə ilə ruhlanmış orduya sahib olmadan bunu etmək şox çətin olardı. Elə isə, Karldan fərqli olaraq, onun varisi nə müsəlmanlardan Avinyonu geri ala (737-ci il), nə də onlara Berr çayı yaxınlığında qalib gələ biləcəkdi (738-ci il). Bu qələbələri qazanmadan, o, həmçinin, Pipindən fərqli olaraq, 752-759-cu illər arasında müsəlmanları Septimaniyadan uzaqlaşdırıb, Pieney dağlarının arxasına qova da bilməyəcəkdi. Arxada, cənubi Qalliyada müsəlman torpaqlarının olması Karl Pipinin varisi Böyük Karla da imkan verməyəcəkdi ki, Almaniya və İtaliyaya yürüşlər etsin (elə bu yürüşlər onu “böyük” etmişdi)...

Müsəlmanlar zəifləmiş frank krallığından qorxmadan, qarış-qarış torpaqları alaraq, La-manş boğazını keçib, Hibbonun dediyi kimi, ayparalı bayrağı Oksford üzərinə yüksəldə bilərdilər. Cəbəlüttariqdən Skandinaviyaya, İrlandlyadan Vislaya kimi uzanacaq Qərbi Avropa müsəlman dövləti hansı xüsusiyyətlərə sahib ola bilərdi? Xristianlıq hakim din statusunu itirərərək, öz ardıcıllarının sayını durmadan itirən dini azlıq inancına çevrilərdi. Hətta bu azlıq da müsəlman İspaniyasında olduğu kimi, ərəb dilini və ənənələrini mənimsəyəcəkdi. Müsəlman İspaniyasında əhalinin İslama kütləvi gəlişinin qarşısını yalnız rekonkista hərəkatı ala bilmişdi. Şübhəsiz, Mühəmmədin (s) ardıcıllarının siyasi ağalığı şəraitində onların dini Şimali Afrikada və Yaxın Şərqdəki kimi tezliklə avropalıların əksəriyyəti tərəfindən qəbul ediləcəkdi.

Bundan əlavə, xristianlıq okean arxasına yayılmayacaqdı. Əgər 1492-ci ildə Avropa gəmiləri Atlantik okeanını o biri tərəfinə yola düşsəydi belə, onların yelkənini xaç deyil, aypara bəzəyəcəkdi. Müsəlmanlar Əməvilər zamanında Aralıq dənizində ticaəti öz əllərində saxlayır, Hind okeanına portuqalların gəlişinə kimi nəzarət edirdilər. Bizim araşdırdığımız ehtimal halında onlar yəqin ki, böyük həvəslə Yeni Dünyanı (Amerikanı) öyrənməyə və məskunlaşdırmağa başlayacaqdılar. Amerikanın yerli əhalisi müsəlman olacaq, bu gün İslam yeganə ümumdünya dininə çevriləcəkdi.

Unutmaq olmaz ki, müsəlman İspaniyası (Əndəlus) Roma imperiyası zamanından bəri Avropada mövcud olmuş mədəni baxımdan ən yüksək inkişaflı dövlət olub. Əndəlusun X əsri sülh və rifah, şəhərlərin artımı, memarlıq sahəsində şah əsərlərin yaradılması, elm, incəsənət və maarifin parlaq inkişafı dövrü kimi tarixə düşmüşdür. Şimali Avropanın şəhərləri İspaniya şəhərləri ilə müqayisədə xırda kəndləri xatırladırdı. İspaniyalı tacirlər hər yerə yol tapır, İspaniyanın müsəlman filosofları isə klassik yunan irsi barədə Qərb salnaməçilərindən qat-qat çox bilirdilər.

Müsəlman hakimiyyətnin Pireney dağlarından şimala yayılması orta əsrlər Avropasını tamam başqa şəklə sala bilərdi. Axı müsəlmanlar hara ayaq basırdılarsa – istər Şimali Afrika olsun, istər İspaniya, istərsə də Yaxın Şərq – obrazlı ifadə ilə desək, oranı qızıla tuturdular. Müsəlman hakimlərin himayəsi altında ticarət genişlənir, əkin yerləri becərilir, irimiqyaslı suvarma və tikinti işləri aparılırdı.

Müsəlman Avropası qəyiyyən geridə qalmış olmazdı. İlk ərəb fatehləri Bizans və İran mədəniyyəti ilə tanış olan kimi, necə deyərlər, bu mədəniyyətlərə ilk baxışdan aşıq oldular. Sonralar onlar qədəm basdıqları hər yerə özləri ilə birlikdə o zamankı dünya sivilizasiyasının ali nailiyyətlərini də aparırdılar. Müsəlman İngiltərəsi, Fransası və Almaniyası başdan-başa yalnız məscid və qəsrlərlə deyil, saraylarla, hamamlarla, fəvarələrlə və bağlarla da örtülərdi. X əsdə Paris bəlkə də ikinci Kordovaya çevrilər, onun məhəllələrində qədim dünyanın bütün dilləri səslənərdi. Parisi qızıla tutulmuş, mərmər sütunlu, hind boyaları ilə çəkilmiş ornamentlərlə bəzəkli saraylar zinətləndirə bilərdi. Əgər Aaxen Böyük Karlın deyil, xəlifənin iqamətgah olsaydı, orada ağır, qalın divarlı proto-roman üslublu kilsələr deyil, sanki havada “uçan” minarələrə malik məscidlər yerləşərdi.

Uyğun dəyişiklik mənəvi aləmdə də sezilərdi. Çünki ərəblər maariflənmənin, xüsusilə də, fəlsəfə və poeziyanın vurğunu kimi tanınırdılar. Şimali Avropa alimləri Platon və Aristotelin əsərləri ilə əslində olduğu kimi XII əsrdə deyil, X əsrdə tanış olardılar. Vəhşi saqalar əvəzinə, şairlər Bağdad sarayında oxunmağa layiq olan zərif şeirlər qoşardılar. Təəccüblü deyil ki, Anatol Frans kimi zərif ruh sahibi mədəniyyətin tənəzzülünə və barbarların zəfərinə yol açmış Puatye döyüşünün nəticələrinə təəssüf edirdi...

(Yazıda Kornuoll Universitetinin (Böyük Britaniya) tarix və klassik filologiya üzrə professoru Barri S.Straussun məqaləsindən istifadə edilmişdir).

Please publish modules in offcanvas position.