Muxtar kimdir? (Birinci hissə)

/ Cümə, 21 Fevral 2020 11:09
Muxtar kimdir? (Birinci hissə)

İslam tarixi boyunca ən çox mübahisələrə səbəb olan, üzərinə iftiralar atılan, adı haqsız yerə mənfi şəkildə hallandırılan şəxsiyyətlərdən biri də Muxtardır. Bunun səbəbini başa düşmək çətin deyil.

Muxtar İmam Hüseynin (ə) qatillərini bir-bir tutub qətlə yetirmiş, Əməvi xilafəti üçün ciddi təhlükə yaratmış, üstəlik, Zübeyrilər nəsli ilə də düşmən olmuşdur. Buna görə də Muxtarın adını unutdurmaq, yaddaşlardan silmək, xidmətlərinə kölgə salmaq üçün Əməvilər xeyli çalışmış və müəyyən qədər öz məqsədlərinə nail olmuşlar.

Bu məqalədə Muxtarın şəxsiyyəti barədə qısa məlumat verilir. Məqalənin ikinci bölümündə Muxtarın adı ilə bağlanan, guya onun tərəfindən yaradıldığı iddia edilən, əslində isə nəinki Muxtarla əlaqəsi olmayan, hətta uydurma və qondarma bir mövzu olan keysaniyyə cərəyanından söhbət açılır.

Muxtar şiə məzhəbinin tarixində mühüm yer tutan şəxsiyyətlərdən biridir. Muxtar ibn Əbu Übeyd ibn Məsud Səqəfi hicrətin birinci ilində anadan olmuşdur. Əsli Taifdəndir. Atası Əbu Übeyd səhabələrdən olub, ikinci xəlifə Ömər ibn Xəttabın hakimiyyətinin əvvəllərində ailəsi ilə birlikdə Mədinəyə gəlmiş, İraqın fəthində iştirak etmiş və hicrətin 13-cü ilində (miladi 634-cü il) oğlu Cəbrlə birlikdə şəhid olmuşdu.

Bundan sonra Muxtar əmisi Səid ibn Məsudun himayəsi altında yaşamağa başladı. Səid ibn Məsud Həzrət Əlinin (ə) tərəfindən Mədain valisi təyin edilmişdi. Muxtar kiçik yaşlarından Əhli-beytin məhəbbəti ilə böyümüşdü. İmam Əli (ə) tərəfindən ona “keysan” (zirək, diribaş) ləqəbinin verildiyini yazırlar.

İmam Əli ibn Əbu Talibin (ə) zamanında Muxtar Kufədə yaşayırdı. O həzrətin şəhadətindən sonra Bəsrədə məskunlaşdı, sonra yenə Kufəyə qayıtdı. İmam Hüseynin (ə) elçisi Müslim ibn Əqil Kufədə məhz Muxtarın evində qalırdı. Müslimin qiyamından azacıq əvvəl Kufədəki əksər Əhli-beyt tərəfdarları kimi Muxtar da həbs edildi. Buna görə də o, Müslimin qiyamında və Kərbəla faciəsində iştirak edə bilmədi.

İmam Hüseynin (ə) şəhadəti bütün Əhli-beyt tərəfdarları kimi Muxtarın qəlbində də təlatüm yaratdı. İmamın intiqamını almaq istəyi onun varlığına hakim kəsildi. Kufə valisi Übeydullah ibn Ziyad Muxtarı qətlə yetirmək istəyirdi. Lakin Muxtarın bacısı öz həyat yoldaşı Abdullah ibn Ömərdən xahiş etdi ki, qardaşının barəsində Yezidin qarşısında vəsatət qaldırsın. Abdullah ibn Ömərin xahişi ilə Yezid Muxtarın azad olunması barədə fərman verdi.

Bu arada Abdullah ibn Zübeyr Əməvilər xilafətini bürümüş böhrandan faydalanaraq özünü xəlifə elan etdi. Məkkə və Mədinənin ardınca İraq da Abdullah ibn Zübeyrə tabe oldu. Artıq Kufəni onun göndərdiyi vali idarə edirdi. Keçmişdə Əməvilərə xidmət etmiş bir çoxları indi Abdullah ibn Zübeyrə qoşulmuşdular.

Abdullah məşhur səhabə Züber ibn Avvamın oğlu idi. Cəməl savaşında atası Zübeyrlə eyni cəbhədə, İmam Əlinin (ə) əleyhinə vuruşmuşdu. Abdullah Əhli-beytə nifrət bəsləyirdi. Hətta Cəməl savaşında Zübeyr döyüşdən yayınmaq istədikdə, Abdullah onu danlamış və qorxaqlıqda təqsirləndirmişdi. İmam Əli (ə) Cəməl savaşından qabaq Zübeyrlə görüşəndə ona demişdi: “Biz səni Əbdülmüttəlib oğullarından hesab edirdik. Amma imansız oğlun Abdullah boya-başa çatandan sonra səninlə bizim aramızda ayrılıq saldı”.

Abdullah Məkkədə hakim olduğu dövrdə xütbələrdə İmam Əlinin (ə) ruhuna təhqir və söyüşlə dolu ifadələr işlədirmiş. Onun Abdullah ibn Abbasla söhbət zamanı belə söylədiyini də rəvayət edirlər: “Qırx ildir ki, Əhli-beytə qarşı nifrəti ürəyimdə gizlədirdim” (Məsudi. Mürucüz-zəhəb, III, 80).

Lakin o həm də mahir siyasətçi idi, öz məqsədinə çatmaq üçün ən müxtəlif üsullardan istifadə etməyi bacarırdı. Abdullah ibn Zübeyr Muxtarı da öz tərə-finə çəkməyə çalışırdı. Muxtar kimi möhkəm iradəli, bacarıqlı hərbçinin təcrübəsinə onun ehtiyacı vardı. Muxtar əvvəlcə onun tərəfinə keçmək fikrində idi; amma sonra Abdullahın qeyri-səmimi niyyətindən xəbərdar olub ondan uzaqlaşdı. İbn Zübeyrin təyin etdiyi Kufə valisi Muxtarı yenidən zindana saldı; amma o, bu dəfə də öz qaynının vəsatəti ilə həbsdən xilas oldu.

Muxtar artıq açıq silahlı çıxış üçün şəraitin yetişdiyini görüb hərəkətə başladı. Malik Əştərin oğlu İbrahim Muxtara qoşulduqdan sonra qiyamçıların qüvvəsi daha da artdı. Hicri 66-cı il rəbiül-axir ayında (miladi 685-ci il) Muxtar Kufədə qiyam qaldırdı. O, dörd prinsip əsasında camaatdan beyət alırdı: Allahın kitabına (Qurana) əsasən hökm vermək, Peyğəmbər sünnəsinə əməl etmək, İmam Hüseynin (ə) qatillərindən intiqam almaq və məzlumlara yardımçı olmaq. Muxtarın tərəfdarları Abdullah ibn Zübeyrin təyin etdiyi Kufə valisini şəhərdən qovdular.

(ardı var)

Please publish modules in offcanvas position.