Muxtar kimdir? (İkinci hissə)

/ Cümə, 21 Fevral 2020 11:28
Muxtar kimdir? (İkinci hissə)

(Əvvəli: http://islam.az/az/mezhaleler/i-slam-tarikhi/item/2700-mukhtar-kimdir)

Muxtarın qiyamında güc nisbəti tez-tez dəyişirdi. Belə ki, İbrahim ibn Malik Əştər qoşunun əksəriyyəti ilə şəhər ətrafındakı düşmən dəstələri ilə döyüşdüyü zaman Kufədəki müxalifət qüvvələri bir neçə dəfə Muxtarı mühasirəyə alıb çətin vəziyyətdə qoymuşdular. Hər dəfə İbrahimin Kufəyə qayıtması Muxtarı xilas etmişdi.

Əməvilərin Kufə valisi Übeydullah ibn Ziyad məğlubiyyətlə barışa bilmirdi. O, Kufəni geri almaq üçün böyük bir qoşunla şəhər üzərinə hücuma keçdi. Lakin İbrahim ibn Malik Əştərlə döyüşdə Əməvi qoşunu darmadağın edildi, Übeydullah ibn Ziyad öldürüldü. Onun kəsik başını Muxtarın hüzuruna gətirdilər, Muxtar da onu İmam Zeynül-abidinə (ə) göndərdi. Deyirlər ki, İmam Zeynül-abidin (ə) atasını qətlə yetirmiş şəxsin kəsik başını görəndə şükr səcdəsi etmiş və Muxtara xeyir-dua vermişdi.

Muxtar Kərbəla faciəsində əli olan hər kəsi tutub, törətdiyi cinayətin ağırlığına uyğun olaraq işgəncə ilə qətlə yetirirdi. Əlləri¬ni İmam Hüseynin (ə) və tərəfdarlarının qanına bulamış Ömər ibn Səd, Şümr ibn Zil-cövşən, Sinan ibn Ənəs, Xuli ibn Yezid Əsbəhi, Əmr ibn Həccac Zibeydi, Hərmələ ibn Kahil, Bəcdəl ibn Süleym, Mürrə ibn Münqiz, Həkim ibn Tüfeyl və başqaları Muxtarın əmri ilə öldürüldülər. Bununla da Muxtar öz vədinə sadiq qalıb, İmam Hüsey¬nin (ə) qatillərindən intiqam almış oldu.

Übeydullah ibn Ziyad qətlə yetirildikdən sonra Mosul, Bəsrə və Mədain şəhərləri də Muxtarın əlinə keçdi.

Abdullah ibn Zübeyr Muxtarın qələbə xəbərlərini eşidəndə Ərəbistan əhalisinin də onun tərəfinə keçə biləcəyindən narahat oldu. Məkkə və Mədinədə böyük nüfuz sahibi olan Mühəmməd ibn Hənəfiyyə, Abdullah ibn Abbas kimi Bəni-Haşim böyükləri camaatı Muxtarın ətrafına səsləyə bilərdilər. Abdullah ibn Zübeyr Bəni-Haşim seyidlərindən 17 nəfəri (yuxarıda adları çəkilən iki nəfər də daxil olmaqla) Məkkə ətrafındakı Arim dərəsində həbs etdirdi. Abdullah bu nüfuzlu insanların qarşısında tələb qoydu ki, ona beyət etsinlər; əgər bir neçə gün ərzində beyət etməsələr, onları tonqalda yandırmaqla hədələdi. Bu məqsədlə artıq Arim dərəsinə xeyli odun yığmışdılar. Muxtar bundan xəbər tutan kimi qəfil bir hücumla Bəni-Haşim əsirlərini azad etdi.

Abdullah ibn Zübeyr öz qardaşı Müsəbi Muxtarla döyüşə yolladı. Müsəb Bəsrə şəhərini ələ keçirib burada düşərgə qurdu. Kufədə Muxtardan narazı olan qüvvələr də Müsəbə qoşuldular. Kufə yaxınlığında baş vermiş gərgin döyüşdə Muxtarın qoşunu məğlub oldu. Muxtar bir neçə min tərəfdarı ilə Kufədəki Darül-imarəyə (valinin qəsrinə) çəkildi.

Uzun müddətli mühasirə nəticəsində Muxtarın tərəfdarlarının sayı get-gedə azalırdı. Onların bir hissəsi döyüşdə həlak olmuş, bir hissəsi də qaçmışdı. Muxtar hər gün bir dəstə döyüşçü ilə darül-imarədən çıxıb vuruşur və yenə sığınacağa qayıdırdı. Hicri 67-ci il ramazan ayının 14-də (miladi 687-ci il) Muxtar döyüşdə şəhid oldu. Onun darül-imarədəki tərəfdarları savaşmaqdan imtina edib aman istədilər. Müsəb onlara aman verdi, amma sığınacaqdan çıxan kimi hamısını öldürməyi əmr etdi. Muxtarın həyat yoldaşını da öz ərini peyğəmbər saymaq ittihamı ilə yalandan təqsirləndirib öldürdülər.

Muxtarın başını kəsib Abdullah ibn Zübeyr üçün göndərdilər, qollarını doğrayıb Kufə məscidinin divarından asdılar. Muxtarın məzarı Kufə məscidinin şərq tərəfində, Müslim ibn Əqilin qəbrinin yanında yerləşir.

Muxtarın şəxsiyyəti barədə şiə mənbələrindəki məlumatlar ziddiyyətlidir. Bəzi rəvayətlərdə onun imamət məsələsində fərqli mövqe tutduğu, Mühəmməd ibn Hənəfiyyəni imam və mehdi kimi qəbul etdiyi bildirilir. Lakin əksər hədislərdən məlum olur ki, şiə imamları Muxtar haqqında müsbət fikirdə olmuş və onun qiyamını razılıqla qarşılamışdılar. Bu hədisləri Əllamə Məclisi “Biharül-ənvar” kitabında qeyd etmişdir (Əllamə Məclisi. Biharül-ənvar, XLV, 342-390). Həmin hədislərin birində deyilir ki, İmam Mühəmməd Baqir (ə) camaatın Muxtar haqqında nalayiq sözlər danışdığını eşidəndə buyurmuşdur: “Muxtarı söyməyin. O bizim şəhidlərimizin qatillərini öldürdü, intiqamımızı aldı...”

(ardı var)

Please publish modules in offcanvas position.