“Ümmətin alimi” ləqəbli səhabə - Abdullah ibn Abbas (İkinci hissə)

/ Bazar ertəsi, 06 Aprel 2020 15:40
“Ümmətin alimi” ləqəbli səhabə - Abdullah ibn Abbas (İkinci hissə)

İkinci hissə

 

(Əvvəli: https://islam.az/az/mezhaleler/i-slam-tarikhi/item/3518-ummaetin-alimi-laegaebli-saehabae-abdullah-ibn-abbas)

 

Abdullah ibn Abbas hicrətdən 3 il əvvəl dünyaya gəlmişdi. O zaman Peyğəmbər (s) də daxil olmaqla bütün müsəlmanlar Məkkə müşrikləri tərəfindən baykot edilib, Şibi-Əbitalibdə, yəni Həzrət Əlinin (ə) atası Əbitalibə məxsus olan və Məkkə kənarında yerləşən məntəqədə təcrid olunmuş şəkildə yaşayırdılar. Abdullah anasının tərbiyəsi, Peyğəmbərin (s) nəzarəti altında böyüdü.

Abdullahın atası Abbasın nə zaman İslamı qəbul etməsi məsələsinə tədqiqatçıların münasibəti fərqlidir. Əhli-sünnə məzhəbində üstün olan rəyə görə, Abbas Məkkə dönəmində iman gətirməmiş, yalnız Bədr savaşından sonra İslamı qəbul etmişdi. Bədr savaşında Abbasın müşriklər tərəfində iştirak etdiyini bu fikrin sübutu kimi göstərirlər.

Şiə inancına görə isə Abbas İslamın ilk dövrlərində iman gətirmiş, lakin Peyğəmbəri (s) daha yaxşı qorumaq imkanını qazanmaq niyyətilə müsəlman olduğunu gizlətmişdi və müşriklərin arasında yaşayırdı. Onun Əqəbə beyətində iştirak etməsi və Peyğəmbərin tərəfindən vəkil kimi danışması da buna sübut ola bilər; Əqəbə beyətində Abbas yəsriblilərə Peyğəmbəri (s) qorumağı tövsiyə etmişdi.

Onun həyat yoldaşı (Abdullahın anası) Lübabə isə İslama dəvətin lap əvvəllərindən aşkar şəkildə müsəlman olmuşdu. Hətta İslam mənbələrində onu Allah Rəsulunun (s) həyat yoldaşı Xədicədən sonra iman gətirmiş ilk qadın adlandırırlar; məlumatlara görə, o, Xədicənin dəvəti ilə İslam dininə gəlmişdi. Buna görə də, həyat yoldaşı Abbasla deyil, müsəlmanlarla birlikdə yaşamış və Şibi-Əbitalibdə onlarla birlikdə qalmışdı. Bununla belə, Peyğəmbər (s) Abbasla Lübabənin kəbinini pozmamışdı. Lübabənin Abbasla nikahda qalması Abbasın imanına bir sübutdur. Çünki Peyğəmbər (s) müsəlman qadını müşrik kişinin nikahında saxlamırdı, şəriətə görə də bu cür kəbin batildir. Peyğəmbər (s) bu məsələdə yaxın qohumlara da güzəşt etmirdi. Tarixdən məlumdur ki, o həzrətin öz qızı Zeynəb iman gətirsə də, əri Əbul-As müşrik olduğu üçün, aralarındakı nikah pozulmuşdu.

Abbas İslam tarixində özünəməxsus rol oynamış və beş əsrdən çox hakimiyyət sürmüş Abbasilər sülaləsinin əcdadıdır. Daha dəqiq desək, Abbasi xəlifələri Abbasın və oğlu Abdullahın nəslindən gəlmişlər. Belə ki, ilk Abbasi xəlifəsi Əbül-Abbas Səffah, Peyğəmbərin (s) əmisi Abbasın nəvəsinin nəvəsi olmuşdur.

Dini mənbələrdə Peyğəmbərin (s) öz əmisi Abbas barədə hörmət və sevgi ifadə edən bəzi hədisləri mövcuddur. Məsələn: “Mənim haqqımı əmim Abbasa ehtiram göstərməklə verin; çünki o, ata-babamın yadigarıdır”. “Kim Abbası incitsə, məni incitmiş kimidir; çünki əmi adamın atasının qardaşıdır” (Bihar əl-ənvar, 22-ci cild, səh. 286). Bəzi tədqiqatçılar bu cür hədislərin (Əllamə Məclisi bunları Şeyx Tusinin “Əmali” kitabından nəql edir) Abbasi xəlifələri zamanında yaradıldığını və Abbasilərin hakimiyyətini dəstəkləmək məqsədi güddüyünü iddia edirlər.

Peyğəmbər (s) Abbas barədə nə qədər sevgi ilə danışmışsa da, onun nəsli barəsində bir o qədər narazılıq və bizarlıq bildirmişdir. O həzrət, Abbasilər sülaləsinin gələcəkdə törədəcəkləri bütün cinayətləri peyğəmbərlik gücü ilə qabaqcadan hiss edirdi (Əhli-beyt imamlarının altısı məhz Abbasi xəlifələrinin əmri ilə zəhərlədilib şəhadətə çatmışdır).

Abbasilər Əməviləri hakimiyyətdən devirmək üçün özlərini Əhli-beytin intiqamçısı kimi göstərir və “Ali-Mühəmmədin rizası (razılığı)” şüarı ilə çıxış edirdilər. Onların məqsədi şiələri öz hərəkatlarına cəlb etmək və hakimiyyətə çatmaq üçün onları alətə çevirmək idi. Əhli-beyt imamları bu məqsədi duyduqları üçün nə özləri Abbasilərin mübarizəsinə qoşuldular, nə də tərəfdarlarına bu icazəni verdilər. Abbasilər hakimiyyəti ələ keçirdikdən sonra bu hakimiyyətin legitimliyini əsaslandırmaq üçün müxtəlif bəhanələr uydurmağa başladılar. Abbasın digər Qüreyşilərdən üstünlüyü barədə qondarma hədislər yaradıldı. Abbasi təbliğatçıları deyirdilər ki, şəriətə görə, bir şəxs rəhmətə gedəndə, onun varisləri ata-anası, övladı, baba-nənəsi, qardaş-bacısı və əmi-dayısı sayılır. Bu təbəqələrdən hansı biri həyatda olmasa, irs növbəti sıraya keçir. Peyğəmbər (s) vəfat edərkən, nə valideynləri, nə baba-nənəsi sağ idi. O həzrətin qardaşı da, oğlu da yox idi. Əmiləri arasında isə yalnız Abbas sağ idi. Beləliklə, Peyğəmbərin (s) xəlifəsi onun yeganə kişi varisi - əmisi Abbas olmalı idi. Lakin Abbasilərin bu əsaslandırması kökündən yanlışdır. Əvvəla, Peyğəmbərdən (s) sonra müsəlmanlar üzərində hakimiyyət irsi şəkildə ötürüləcək məsələ deyildi. İkincisi, o həzrət öz sağlığında Allahın əmrini müsəlmanlara çatdırmış və İmam Əlini (ə) canişin təyin etmişdi (Qədir-Xüm hadisəsi və onlarla mötəbər hədis buna sübutdur).

(ardı var)

 

Please publish modules in offcanvas position.