Yoluxucu xəstəliklər mövzusu dini mənbələrdə (Birinci hissə)

/ Bazar ertəsi, 13 Aprel 2020 13:24
Yoluxucu xəstəliklər mövzusu dini mənbələrdə (Birinci hissə)

1. Müalicəyə başla və Allaha təvəkkül et


İslamın gəlişi ilə yüksək səviyyədə inkişaf etmiş elm sahələrindən biri də tibbdir. Orta əsrlərdə müsəlman alimləri tibb elminə ən böyük töhfələri vermişlər. Qərb dünyası əsrlər boyunca müsəlmanların tibbi biliklərini öyrənmiş, mənimsəmiş, bunun əsasında öz nəzəriyyələrini qurmuşdur. Tibb elminə qarşı bu diqqət məsumlardan başlayan bir ənənədir. İslam Peyğəmbərinin (s) və imamların (ə) hədisləri içində tibb ilə bağlı təlimatlar çoxdur. Bu da təsadüfi deyil. İslam dinində ən dəyərli məfhum insan həyatıdır. Dinimizə görə, insanlığı qorumaq, bəşəriyyəti həm maddi, həm də mənəvi tərəqqiyə yönəltmək ən ali həfədlərdən biridir. Məsumlarımız həmişə müsəlmanları öz sağlamlıqlarını qorumağa, başqalarının həyat və sağlamlığına diqqətli yanaşmağa, xəstəilklərlə mübarizə aparmağa, xəstəlik qarşısında Allaha təvəkkül etməklə və səbirli olmaqla yanaşı, tibbi vasitələrdən də istifadə etməyə çağırmışlar.

İmam Cəfər Sadiqdən (ə) rəvayət olunur ki, peyğəmbərlərdən biri xəstələndiyi zaman müalicə almaqdan imtina etmiş və demişdi: “Mən dərman qəbul etməyəcəyəm. Qoy məni xəstələndirən (yəni Allah) məni sağaltsın”. Bu zaman Allahdan ona nida gəldi: “Sən müalicə olunmayınca, Mən sənə şəfa vermərəm. Həqiqətən, şəfa Məndəndir” (Əllamə Məclisi. Bihar əl-ənvar, 62-ci cild, səh. 66). Hədisdən məlum olur ki, insan nə qədər Allaha təvəkkül etsə belə, ağıl və məntiqin tələb etdiyi əlac yollarından boyun qaçırmamalıdır. Xəstəliyə tutulan şəxs tibbi üsulla müalicə olunmalıdır, çünki xəstəliyin tibbi yolla sağalması Allah-Taalanın Özü tərəfindən təsbit edilmiş bir qanundur. Yalnız tibbi müalicəni apardıqdan sonra, onun fayda verməsi üçün Allaha təvəkkül etmək lazımdır. Necə deyərlər, “dəvənin ayağını bağla, sonra Allaha təvəkkül et”. İmam Sadiqdən (ə) bəzi şəxslərə dərmanın fayda verdiyi, bəzilərinə isə fayda vermədiyi və xəstəlikdən öldüyü barədə soruşulduqda, həzrət buyurmuşdu: “Allah dərd də endirir, dərman da. Allah elə bir dərd yaratmayıb ki, onun dərmanını da yaratmamış olsun. Sən dərmanı iç və Allahın adını çək” (yux. mənbə).

Allahın Rəsulu (s) buyurmuşdur: “Allah dərd də göndərib, dərman da, hər dərd üçün dərman yaradıb. Müalicə olunun, amma haramla (haram vasitələrlə) müalicə olunmayın!” (Bihar əl-ənvar, 62-ci cild, səh. 76).

Peyğəmbərimizə (s) aid edilən məşhur hədislərin birində buyurulur: “(Xəstələndikdə) müalicə olunun (dərman için); çünki Allah elə bir xəstəlik nazil etməz ki, ondan ötrü şəfanı da nazil etməmiş olsun” (Bihar əl-ənvar, 62-ci cild, səh. 66). Əhli-sünnə mənbələrində (Sünəni-Nəsai, Müstədrək əl-Səhiheyn, Müsənnəf) bu hədisin sonunda “yalnız ölümdən başqa; onun dərmanı yoxdur” əlavəsi mövcuddur. Hədisin bəzi variantlarında isə “qocalıqdan savayı” ifadəsinə rast gəlirik.

Müqəddəs Kitabımızda buyurulur: “Öz əlinizlə özünüzü təhlükəyə atmayın!” (Bəqərə, 195). Özünü qəsdən ağır xəstəliyə məruz qoymaq da həyat üçün böyük təhlükədir. Buna görə də, ağır keçici xəstəlikdən qorunmaq mümkün olduğu halda bunu etməmək, səhlənkar davranmaq Allahın hökmünü qulaqardına vurmaq deməkdir və günahdır.

 

Please publish modules in offcanvas position.