Yoluxucu xəstəliklər mövzusu dini mənbələrdə (İkinci hissə)

/ Bazar ertəsi, 20 Aprel 2020 13:52
Yoluxucu xəstəliklər mövzusu dini mənbələrdə (İkinci hissə)

(Əvvəli: https://islam.az/az/mezhaleler/i-slam-tarikhi/item/3721-yolukhudzu-khaestaeliklaer-moevzusu-dini-maenbaelaerdae)

2. Böyük epidamiyalar

Dini mətnlərimizdə əsasən, taun, vəba və cüzam kimi yoluxucu xəstəliklərin adı çəkilir. Hədislərin içində taunla bağlı olanlar üstünlük təşkil edir.

Tarixdə ilk nəhəng taun epidemiyası miladi VI əsrdə baş vermişdir. Afrikada başlayan, o zamankı məlum dünyanın demək olar ki, hər nöqtəsinə yayılan xəstəlik zamanı təkcə Bizans imperiyasını paytaxtı Konstantinopolda ölənlərin gündəlik sayı 5 min nəfəri keçirdi. Mənbələr bu xəstəlikdən ölənlərin sayını 25-100 milyon nəfər arası göstərir. Nəzərə alaq ki, VI əsrdə ümumilikdə dünya əhalisinin sayı 200-300 milyon nəfər arası qəbul edilir.

XII-XIII əsrlərdə taun xəstəliyi Çin, Hindistan, Yaxın Şərq, Misir də daxil olmaqla böyük ərazini bürüdü. Təkcə Misirdə bir milyon insan qırıldı.

Növbəti böyük taun epidemiyası “qara ölüm” adı ilə tanınır. XIV əsrin ortalarında baş vermiş bu xəstəliyi dəhşətli edən səbbələrdən biri də bu idi ki, ondan qabaq uzun müddət boyunca davam etmiş quraqlıq nəticəsində qida ehtiyatı tükənmiş və insanların immun sistemi zəifləmişdi. Üstəlik, Avropa bundan az əvvəl cüzam və çiçək epidemiyalarını adlamışdı. “Qara ölüm” qısa müddət ərzində Avropanı və Yaxın Şərqi öz caynaqlarına aldı. Bəzi iri şəhərlər əhalinin 50-80 faizini itirdi. Ümumilikdə Avropa əhalisinin üçdə-biri taunun qurbanı oldu. Bəzi mənbələr 60 milyon insan ölümündən xəbər verir.

Sonrakı əsrlərdə də taun xəstəliyi bəzən lokal, bəzən də qlobal miqyasda əraziləri əhatə etmişdir. Məsələn, taun XVII əsrdə Rusiyada 700 min adamın həyatına son qoydu. 

XIX əsrin ortalarında başlamış üçüncü taun epidemiyası da getdikcə bütün qitələrə yayıldı. Təkcə Çin və Hindistan bu epidemiyada 12 milyon nəfər itirdi.

3. Əməvas taunu

İslamın əvvəllərində Yaxın Şərqdə baş vermiş taun epidemiyası müsəlman mənbələrində “Əməvas” taunu adı altında qeyd edilir. Əməvas Fələstində, Qüds yaxınlığında bir kənddir, xəstəliyin ocağı bura olmuşdur. Hicri 18-ci (miladi 640-cı) ildə Ömər ibn Xəttabın xilafəti dövründə baş qaldırmış bu bəla 25-30 min müsəlmanın həyatına son qoydu. Şam vilayətinin fəthində iştirak etmiş məşhur səhabələr Əbu Übeydə ibn Cərrah, Məaz ibn Cəbəl və oğlu Əbdürrəhman, Yezid ibn Əbusüfyan (Müaviyənin qardaşı), Süheyl ibn Əmr, Peyğəmbərin (s) əmisi oğlu Fəzl ibn Abbas (bəzi məlumatlara görə) Əməvas taunu nəticəsində dünyadan köçmüşlər.

Taun xəstəliyi sürətli yayıldığına və böyük tələfatla nəticələndiyinə görə, müsəlman alimləri tərəfindən də diqqət mərkəzində saxlanılmışdır. Bu xəstəliklə mübarizəyə müsəlman təbiblərin verdikləri töhfələrlə yanaşı, din alimlərinin də fəaliyyətini qeyd etmək yerinə düşər. Taun, vəba, cüzam və digər xəstəliklər zamanı müsəlmanların nə etməli, xəstəliklə necə mübarizə aparmalı olduqlarını ifadə edən hədis və rəvayətlər toplanıb sistemləşdirildi. Bu mövzuda müstəqil risalələr qələmə alındı. Məsələn, məşhur alimlər İbn Əbid-dünya, Cəlaləddin Süyuti, İbn Həcər Heysəmi, Təqiyyəddin Sübki, Zirkeşi və başqaları taunla bağlı kitab yazmışlar. Büxari, Müslim, Nəsai kimi hədis alimləri isə öz kitablarında taun xəstəliyi ilə bağlı Peyğəmbərin (s) hədislərinə ayrıca fəsil ayırmışlar. 

4. Yoluxucu xəstəliklər barədə hədislər

Taun və digər yoluxucu xəstəliklər barədə məsumların buyurduqları hədislər fərqli mövzuları əhatə edir. Hədislərin bir qismində bu xəstəliklərdən qorunma üsulları qeyd edilir, bəzi hədislərdə isə xəstəlik qurbanlarının şəhid qədər savab qazandıqları bildirilir.  

Həzrət Mühəmməd Peyğəmbərin (s) belə buyurduğu nəql olunur: “Taun bir əzab idi və Allah-Taala onu öz istədiyinə (seçdiyinə) göndərirdi. Allah onu möminlər üçün rəhmət (mərhəmət) etdi. Əgər taun gələndə bir şəxs öz şəhərində qalsa, Allaha xatir səbir etsə və Allahın yazısından (qəzavü-qədərindən) savayı başına heç nə gəlməyəcəyinə inansa, şəhid qədər savab qazanar” (Müttəqi Hindi. Kənz əl-ümmal, 10-cu cild, səh. 77).

Eyni kitabda Ənəs ibn Malikin Peyğəmbərdən (s) bu hədisi eşitdiyi yazılıb: “Taun hər bir müsəlman üçün şəhidlikdir”.

Səhihi-Buxarinin “Tibb” kitabında taunla bağlı babda yazılıb ki, Ənəs ibn Malik məşhur alim İbn Sirinin oğlu Yəhyanın taun xəstəliyindən vəfat etdiyini eşitdikdə, Peyğəmbərin (s) bu hədisini söyləmişdi: “Taun (bu xəstəlikdən ölən) hər kəs üçün şəhidlikdir”.

5. Əzab yoxsa rəhmət?

Taun qəbilindən olan yoluxucu xəstəliklərin hansı səbəbdən insanlara göndərildiyini dəqiq söyləmək çətindir. Bəzən bu xəstəlik əzab, bəzən isə sınaq kimi endirilir. Birinci halda cəza, ikinci halda isə mərhəmət sayıla bilər.

İmam Əli (ə) taun xəstəliyini “sürətli ölüm” adlandırmışdır (Bihar əl-ənvar, 6-cı cild, səh. 121).

İmam Zeynülabidindən (ə) soruşdular ki, taun xəstəliyinə tutulmuş adamdan, əzaba düçar olmuş şəxs kimi qaçıb uzaqlaşmalıyıqmı? İmam cavab verdi: “Əgər o adam günah əhlidirsə, tauna yoluxsa da-yoluxmasa da, ondan uzaq olun. Əgər itaət əhlidirsə, taun vasitəsilə günahlarından pozular. Allah taun vasitəsilə bir topluma əzab verər, başqa topluma isə rəhm edər”. Daha sonra İmam (ə) Günəşi misal çəkir. Allah bu dünyada Günəş istiliyi vasitəsilə insanları soyuqdan qoruyur, meyvələri yetişdirir. Axirətdə isə istilik vasitəsilə günahkarlara əzab verəcək (Bihar əl-ənvar, 75-ci cild, səh. 16).

 

Please publish modules in offcanvas position.