Yoluxucu xəstəliklər mövzusu dini mənbələrdə (Üçüncü hissə)

/ Çərşənbə axşamı, 28 Aprel 2020 12:42
Yoluxucu xəstəliklər mövzusu dini mənbələrdə (Üçüncü hissə)

(Əvvəli: https://islam.az/az/mezhaleler/i-slam-tarikhi/item/3721-yolukhudzu-khaestaeliklaer-moevzusu-dini-maenbaelaerdaehttps://islam.az/az/mezhaleler/i-slam-tarikhi/item/4082-yolukhudzu-khaestaeliklaer-moevzusu-dini-maenbaelaerdae-i-kindzi-hissae)

7. Bir ayənin təfsiri

Bəzi təfsirçilərin fikrincə, Bəqərə surəsinin 243-cü ayəsində haqqında danışılan, öldürülən və sonra dirildilən insanlar taun xəstəliyindən qaçanlar olmuşdur. Ayədə buyurulur: “Minlərlə adamın (taundan) ölüm qorxusu ilə öz yurdlarını tərk edib getdiklərini görmədinmi? Allah onlara: “Ölün!” – dedi və sonra da (yenidən) diriltdi. Həqiqətən, Allah insanlara lütf edəndir, lakin insanların bir çoxu şükür etməzlər!” (Bəqərə, 243).

Təfsirə əsasən, keçmiş zamanlarda Şam vilayətində bir şəhərə taun xəstəliyi düşdü. Varlılar taundan xilas olmaq üçün şəhərdən çıxıb qaçdılar, kasıbların isə heç yerə getməyə imkanı olmadı. Allah elə etdi ki, şəhərdə qalanlar xəstəlikdən xilas oldular, qaçıb gedənlər isə ölümün caynağına keçdilər. Bu hadisədən uzun müddət sonra həmin yerdən keçən Hezqil Peyğəmbər (s) ölülərin çürümüş sümüklərini görüb təəccübləndi. Allahın əmri ilə ölülər yenidən həyata qayıdıb dirildilər (Bihar əl-ənvar, 6-cı cild, səh. 122-123).  

8. Xəstəliyin yoluxmasına imkan vermək olmaz

İmam Sadiq (ə) cüzam xəstəliyinə tutulmuş şəxslə bir dirsək məsafədən artıq uzaq durmağı tövsiyə edir, başqa bir hədisdə isə cüzamlı xəstədən, aslandan qaçırmış kimi qaçmağı tapşırırdı (Şeyx Səduq. Mən la yəhzuruh əl-fəqih, 4-cü cild, səh. 357).

Səhihi-Müslimdə və digər mənbələrdə yazılıb ki, Peyğəmbər buyurmuşdur: “Xəstəni sağlamlara qatmayın”. Bu hədis həm sağlam insanlara, həm də heyvanlara şamil edilə bilər. Belə ki, bəzi tədqiqatçıların fikrincə, burada xəstə dəvəni sağlam dəvə sürüsünə qatmamaq nəzərdə tutulub.

Yoluxucu xəstəliklər zamanı özünütəcrid (krantin) qaydalarına riayət etmək və xəstəliyin mərkəzini (ocağını) qapatmaq barədə tövsiyələrə Allahın Rəsulunun (s) hədislərində rast gəlirik. Peyğəmbərimiz (s) 1400 il bundan əvvəl göstəriş vermişdi ki, taun, vəba kimi yoluxucu xəstəliklər yayıldığı zaman hər kəs öz yaşadığı məkanda qalmalıdır. Belə ki, xəstəliyin yayıldığı şəhərin əhalisi oradan kənara çıxmamalı, kənar yerlərin əhalisi isə həmin şəhərə gəlməməlidir. Bu, xəstəliyin yarandığı məkanda qapanmasına, oradan kənara çıxmamasına xidmət edən bir tədbirdir və böyük itkilərin qarşısını alır. Müasir dillə desək, Peyğəmbər (s) yoluxucu xəstəliyin yayıldığı şəhərləri “qapalı şəhər” elan etmişdi.

9. Tarixdən bir misal

Ömər ibn Xəttab Şamın fəthindən sonra Qüdsün açarlarını şəxsən təhvil almaq məqsədi ilə 637-ci ildə Mədinədən çıxıb Şama gəldi. Yərmuk yaxınlığına çatdıqda Şamdakı müsəlman qoşunun komandanı Əbu Übeydə ibn Cərrah onu qarşıladı və Şamda vəba xəstəliyinin tüğyan etdiyini xəbər verdi. Xəlifə və onunla gələnlər yola davam etmək ya geri qayıtmaq barədə düşünməyə başladılar.

Ömər əvvəlcə onu müşayiət edən mühacirləri çağırıb onlardan məsləhət istədi. Mühacirlərin bir hissəsi xəstəlikdən qorunmaq üçün geri qayıtmağı məsləhət gördü, bir hissəsi isə “xəlifəyə yaraşmaz ki, yolundan dönsün” söylədi.

Ömər ənsardan olanlarla görüşüb onların fikrini soruşdu. Ənsarın da arasında fikir ayrılığı yarandı.

Ömər bu dəfə Qüreyş böyüklərindən məsləhət almaq qərarına gəldi. Qüreyş tayfasının ağsaqqalları yekdilliklə dedilər ki, insanları təhlükəyə salmaq olmaz və geri dönmək lazımdır. Ömər onların məsləhətinə əməl edib, ertəsi gün geri qayıtmaq əmrini verdi. Səhihi-Buxaridə yazılıb ki, xəstəliyin yayıldığı şəhərə giriş-çıxışın qadağan olması barədə Peyğəmbərin (s) hədisini də həmin hadisə zamanı Ömərə sübut kimi gətirmişdilər.

 

Please publish modules in offcanvas position.