Türklər və onların qələbə minarələri (Birinci hissə)

/ Çərşənbə axşamı, 14 İyul 2020 11:54
Türklər və onların qələbə minarələri (Birinci hissə)

(ABŞ-dakı Orta Asiya və Qafqaz Araşdırmaları İnstitutunun təsisçisi və rəhbəri, şərqşünas alim Stiven Frederik Starrın “İtirilmiş Maariflənmə: ərəb fütuhatından Teymurləngin dövrünə kimi Mərkəzi Asiyanın qızıl əsri” kitabından)

Mütəxəssislərə çoxdan məlumdur ki, silindrşəkilli uca qüllələr (minarələr) Orta Asiya və Əfqanıstanda meydana gəlmiş, oradan əvvəlcə Hindistana, daha sonralar Osmanlı imperiyasına və Səfəvilər dövlətinə keçmişdir. İslamın ilk əsrlərində müəzzin insanları ya qədim Ərəbistanda olduğu kimi evlərin damından, ya Roma və Bizans layihələri əsasında tikilmiş qüllələrdən (Dəməşqdəki Əməvi məscidi kimi), ya məscidlərin çöl divarına bitişik minarələrdən (yenə Əməvilərin və Şimali Afrika sakinlərinin tikdikləri şəkildə), ya da Abbasilərin paytaxtı Samirədəki kimi nadir rast gəlinən, qədim fars zikkuratlarından götürülmüş spiralvari tikililərin başından namaza səsləyirdi. 

Hələ Qaraxanilərin (840-1212) hakimiyyətə gəlməsindən əvvəl Orta Asiya sakinləri daha orijinal bir üsul seçərək, dairəvi qüllə şəklində müstəqil uca minarələr tikməyə başlamışdılar. Alimlər bölgədə 60-dan artıq bu cür tikili aşkar etmişlər. Bunların ən məşhuru – Buxaradakı məğrur və eyni zamanda məşum Qəlyan minarəsidir (1127-ci ildə ucaldılmışdır). Onu həm də “ölüm minarəsi” adlandırırlar; çünki yerli hakimlər ölümə məhkum olunmuş cinayətkarları onun başından yerə atmaqla edam edirdilər.

Etiraf etmək lazımdır ki, bu qəbildən olan ilk minarələr Qaraxanilərin zamanında meydana gəlmiş, daha sonrakı minarələrin tikintisi isə ya onların, ya da digər türk sülalələrinin hesabına gerçəkləşmişdir (Əfqanıstan və Hindistanda Qəznəvilər, Mərkəzi Asiyanın qərbində və İranda Səlcuqlar).

Həmin dövrdə qeyri-türk sülalələri tərəfindən tikilmiş azsaylı silindrik minarələrdən başlıcası müasir Əfqanıstan ərazisindəki Cam məntəqəsində ucaldılmış qəribə minarədir. Hündürlüyü 65 metrə çatan bu minarə 1886-cı ilə kimi tədqiqatçıların diqqətindən kənarda qalmışdı. Bu nəhəng minarəni fars əsilli yerli Gurilər türk mənşəli Qəznəvilərin ordusunu məğlub etdikdən sonra öz qələbələrinin şərəfinə ucaltmışdılar.

Qırğızıstanlı tədqiatçı Cüməmədəl İmanqulov bir müddət öncə yeni bir nəzəriyyə ilə çıxış etmişdir. Müasir texnologiyalardan istifadə etməklə o, XI-XII əsrlərdə Qaraxanilər dövlətinin ərazisində tikilmiş bir neçə əsas minarənin hündürlüyünü ölçmüşdür. Daha sonra o, minarələrin özülünün diametrini ölçmüş və bunların arasındakı tənasübün 1:2,666638-ə bərabər olduğunu tapmışdır. Bu tənasüb dəyişməz olaraq qalır, belə ki, o dövrdə Orta Asiyada tikilmiş bütün minarələrdə bu tənasüb qorunur. İmanqulov bu miqyası Uzgən və Balasaqundakı minarələrə də tətbiq etmişdir. Həmin minarələr əvvəllər indikindən uca olmuş, sonralar zaman keçdikcə yuxarı hissələri dağılmışdır. Bu miqyasın köməyi ilə alim həmin minarələrin də ilkin hündürlüyünü hesablamışdır.

Mümkündür ki, XI əsrdə memar və bənnalar bir yerdən başqa yerə hərəkət edərək, oxşar minarələr tikirdilər. Yüz ildən sonra avropalı daş ustaları da qotik kilsələri tikərkən eyni yolla gedirdilər. Lakin Orta Asiya iri şəhər mərkəzlərində bu cür nəhəng layihələri həyata keçirmək üçün Avropa ilə müqayisədə daha artıq qüc və ehtiyata sahib idi.

Bütün bunları oturaq əhali ilə Şərqdən bir-birinin ardınca gələn köçəri tayfaların mürəkkəb qarşılıqlı əlaqələri üzərində qurulmuş Orta Asiya reallıqları baxımından dəyərləndirmək lazımdır. Bir zamanlar bu münasibətlər hər iki tərəf üçün faydalı idi, çünki tərəflər bir-birindən iqtisadi mənfəət qazanırdı. Oturaq əhalinin yaşadığı şəhərin qapılarında hər dəfə növbəti köçəri ordu peyda olduqda, birlikdə yaşamanın yeni şərtləri ortaya qoyulurdu. Bölgəyə köçən türkdilli əhali sayca çox deyildi, idarəçilik bir neçə hakim arasında şərikli şəkildə bölünürdü, buna görə də Qaraxanilərin bölgəyə nəzarəti səthi xarakter daşıyırdı. Onlar tabe etdikləri torpaqlara “öz bayraqlarını sancmaq”, yəni öz hakimiyyətlərini təsdiq etmək üçün xüsusi yollar axtarıb-tapmalı idilər.

(ardı var)

 

Please publish modules in offcanvas position.