Türklər və onların qələbə minarələri (İkinci hissə)

/ Bazar ertəsi, 20 İyul 2020 10:53
Türklər və onların qələbə minarələri (İkinci hissə)

(Əvvəli: https://islam.az/az/mezhaleler/i-slam-tarikhi/item/5841-turkler-ve-onlar-n-qelebe-minareleri)

(ABŞ-dakı Orta Asiya və Qafqaz Araşdırmaları İnstitutunun təsisçisi və rəhbəri, şərqşünas alim Stiven Frederik Starrın “İtirilmiş Maariflənmə: ərəb fütuhatından Teymurləngin dövrünə kimi Mərkəzi Asiyanın qızıl əsri” kitabından)

“Öz bayrağını sancmağın” üsullarından biri də şəhərdə yaraşıqlı türbələr ucaltmaq idi. Şəhərin və ətraf kəndlərin üzərində ucalan, Qaraxanilərin gücünü hamıya nümayiş etdirən minarələr tikmək daha gözəgəlimli və səmərəli üsul sayılırdı. Ehtimal etmək olar ki, Qaraxani hakimlərinin bu qədər həvəslə minarələr tikdirməsinin səbəbi də elə bu olmuşdur. Tədqiqatçı-alimlər Riçard Ettinhauzen və Oleq Qrabar bu minarələri “qələbə qüllələri” adlandırmaqda haqlıdırlar. Quruluşlarındakı tənasübün eyniliyi də bu tikililərin ortaq mənşəli olduğunu göstərir.

Zaman keçdikcə qələbə qüllələri vətəndaş funksiyası qazanmağa başladı. Alman tarixçisi Ernst Dits qeyd edir ki, bunlar səyyahlar üçün yolgöstərici sütun, eləcə də, rəsmi fərmanların elan edildiyi minbər rolunu oynayırdı. Buxara və sair şəhərlərdə isə bu qüllələrdən edam hökmləri oxunurdu. Lakin bütün bunlar minarələrin dini vəzifəsini ləğv etmirdi. Unutmayaq ki, nə Balasaqunda, nə Uzgendə, nə də başqa bir şəhərdə Qaraxanilər iri məscid tikdirməmişlər. Balasaqunda minarə ilə yanaşı duran tikililər dini təyinatlı bina deyil, türbələrdir. Qırğızıstan Respublikası Mili Elmlər Akademiyasının əməkdaşı Valentina Qoryaçova belə bir fərziyyə irəli sürmüşdür ki, məscidlər qədim Ərəbistanda olduğu kimi taxtadan tikilə bilərdi; buna görə də onlardan heç biri günümüzə kimi qorunmamışdır. Lakin bu fərziyyənin həqiqət ehtimalı azdır. Niyə əvvəlcə nəhəng qüllə ucaldıb, sonra onu çox yaşamayan məscidlə bağlasınlar ki?  

Bu halda silindrik formalı Qaraxani qüllələrinin mənşəyini yalnız ehtimal etmək mümkündür. Bu barədə bir neçə maraqlı fərziyyə irəli sürülmüşdür. Ehtimal edilirdi ki, bunlar qədim türklərin öz tayfa başçılarının qəbri üzərində tikdikləri “balbal” adlı daş xatirə sütunlarıdır. Başqa bir fərziyyəyə görə, bu tikililərin mənşəyi zərdüştilərin öz ölülərini yerləşdirdikləri sütunlara gedib-çıxır. Digər alimlər isə bunların mənşəyini təsvir və mətnlərlə örtülmüş nəhəng hind sütunları (stambxa) ilə əlaqələndirirlər. Mahmud Qəznəvi qülləsinin ulduzvarı formasını nəzərə alan alimlər isə onların kökünün İslamdan əvvələ gedib-çıxdığını söyləyirlər.

Burada daha bir ehtimal irəli sürmək olar. Çöl köçəriləri üfüqi aləmdə yaşadıqları üçün onlara həmişə yüksəklik maraqlı gəlirdi. Onlar ölülərin məzarı üzərində mümkün qədər hündür binalar tikirdilər. (Hətta tikilən ilkin binalar günümüzə kimi qorunmuş tikililərdən daha hündür idi). Belə bir xalqın səmalara ucalan kərpic qüllələr tikmək ideyasından ilham alması heç də qəribə deyil.

Qələbə qüllələrinin mənşəyi hər nə olursa-olsun, çöl tərəfdən onları ornament şəklində kərpic düzümü bəzəyirdi. Orta əsrlərdə yaşamış italyan səyyahı Buxaradakı Qəlyan minarəsinin naxışlarına o qədər valeh olmuşdu ki, həmin naxışı Venesiyanın Dojlar sarayının çöl divarındakı kərpic düzümündə təkrar etmişdi. Bu naxışların bir qismi köçərilərə məxsus olan parçalardan köçürülmüş, bir qismi isə bundan bir əsr əvvəlki Samanilər dövrünə aid iri binaların üzərində olan bəzək və ornamentlərdən götürülmüşdü. Bu ornamentlər Qaraxanilərin köçəri həyatdan imtina etmələri və dörd əsas paytaxt şəhərində məskunlaşmaları ilə başlamış şəhər həyatına uyğunlaşma prosesindən xəbər verirdi...

 

Please publish modules in offcanvas position.