Müsəlman türk dünyasının ən məşhur dilçi alimi (İkinci hissə)

/ Bazar ertəsi, 03 Avqust 2020 13:11
Müsəlman türk dünyasının ən məşhur dilçi alimi (İkinci hissə)

Müsəlman mədəniyyətinin böyük simaları

(Əvvəli: https://islam.az/az/mezhaleler/i-slam-tarikhi/item/6104-oz-dilini-dunyaya-tan-rtd-rm-s-turk-mahmud-kasghari)

Xilafətin davam etməkdə olan tənəzzül mərhələsi orta yaşlı, istedadlı və səyahət etməyi sevən Kaşğari üçün gözəl imkanlar açırdı. O, əsas türk dillərində olduğu kimi, ərəb və fars dillərində də sərbəst danışırdı. Kaşğari öz əsərində eyham vurmuşdu ki, kitabı xəlifəyə ithaf edərkən qarşıda açılan perspektiv imkanlarından xəbərdar idi; – o xəlifə ki, qəlbində əmirəlmöminin (möminlərin hakimi) olaraq qalsa da, faktiki olaraq, “dünya hökmdarının köməkçisi” statusuna enmiş, yəni Mahmud Kaşğari kimi bir türkün (sultanın) təbəəsinə çevrilmişdi.

Onun planı bundan ibarət idi: xəlifəni və onun arxasında dayanan ərəblərlə farsları buna məcbur etmək ki, türk dilini öyrənməyin və türk mədəniyyəti ilə tanış olmağın zamanının gəlib-çatdığını etiraf etsinlər. Uzun illər boyunca türklərə qarşı yönəlmiş bir düşüncəni inkar etmək cəhdi üzərində qurulsa da, bu ideya, şübhəsiz, uğurlu oldu. Kaşğari öz oxucularını bu ideya ilə cırnatmaqla kifayətlənmir, onlara türk dillərini öyrənmək, bu dillərin daşıyıcılarının mədəniyyəti ilə tanış olmaq istiqamətində praktiki plan təqdim edirdi. Bu plan əsasında o, yalnız ayrı-ayrı söz və ifadələrdən deyil, həm də bütün türk dünyasına məxsus atalar sözləri, məsəllər, poeziya nümunələri və xalq müdrikliyinin zərrələrindən ibarət türk-ərəb lüğətini yazdı. Bütün bunlar orijinal türk dillərində, ərəb hərfləri ilə yazıldı və sonra ərəb dilinə tərcümə edildi. Bundan əlavə, Kaşğari öz əsərini müxtəlif türk tayfaları və onların adət-ənənələri barədə kiçik hekayələrlə bəzədi, hətta oxucunu hər tayfanın məskunlaşdığı yerlə tanış etmək üçün xəritə də tərtib etdi.

Bu işin daha bir çətinliyi də onda idi ki, o zamana kimi bu cür əsərlər yazılmamışdı, Kaşğarinin istifadə edə biləcəyi heç bir model mövcud deyildi. Əlbəttə, ərəb dilində yazıb-yaratmış coğrafiyaşünasların klassik məktəbi vardı. Bu məktəbin ən yaxşı nümayəndələri Kaşğaridən 150 il əvvəl yaşamışdılar (o cümlədən, Orta Asiyalı Əbu Zeyd Bəlxi). Onun coğrafiya haqqında yazdığı kitab (sonradan itmiş və günümüzə kimi gəlib-çatmamışdır) müsəlman dünyasının müxtəlif siyasi quruluşlarını təsvir etmək istəyən ərəblərin arasında geniş yayılmışdı. Bundan əlavə, müxtəlıif lüğətlər də vardı, amma onların heç biri türk dilində deyildi.

 Bununla belə, Kaşğari bir məsələdə yenilik tərəfdarı deyildi. O, öz əsərinə daxil etdiyi  xəritəni dairəvi formada hazırlamışdı. Bu həndəsi sxem Avropada, ərəb aləmində və Çində hələ də istifadə edilirdi, amma faktiki olaraq köhnəlmiş sayılırdı. Onun yerini iki əsr əvvəl Xarəzmi və müasirlərinin işləyib-hazırladıqları, coğrafi uzunluğu və enliyi göstərən xəritələr tutmuşdu. Düzdür, Kaşğarinin xəritəsi köhnəlmiş sayıla bilər, lakin o, ilk şəxs idi ki, bu xəritədən müəyyən etnik və linqvistik qrupların məskunlaşmasını göstərmək məqsədi ilə istifadə etmiş, həmin qruplara məxsus dil və şivələrin lüğətini ona əlavə etmiş, daha sonra onların poeziyasından və hikmətli sözlərindən ən gözəl nümunələri təqdim etmişdi. Bütün bunlar bir kitabda toplanmışdı.

“Divanu lüğət əl-türk” üzrə mütəxəssis, isveçrəli alim Andreas Kaploni qeyd edir ki, Kaşğarinin məqsədi yalnız dillərin sadə təsvirindən ibarət deyildi. Öz əsərində o, bu dilləri öyrənməyin “açarını” vermək istəyirdi. Bu, ona bənzəyir ki, bu gün kimsə bir dərslik çərçivəsində yalnız fransız və ya ispan dilinin deyil, bütün roman dillərinin öyrənilməsi üçün bilikləri verməyi öz qarşısına məqsəd qoymuş olsun. Kaşğari öz doğma dilindən (xaqan və ya qaraxan dili – qədim uyğur türk ədəbi dilinə yaxın olan dil) başlayır. Kaploni bunu belə izah edir: “Bir dildən başqa dilə keçmək üçün Kaşğari öz oxucuna fonetik və morfoloji qaydalar təqdim edir, bu qaydaların istisna hallarını, yəni bu və ya digər tayfanın işlətdiyi sözləri göstərir. O, vurğulayır ki, bütün bu qaydaları və misalları yadda saxlayan oxucu türk dillər qrupuna aid olan istənilən dili anlaya bilər”.

Kaşğari öz əsərini təvazökarlıqdan uzaq olan bu fikirlə başlayır ki, bu cür çətin işin öhdəsindən yalnız o gələ bilərdi: “Mən türk şəhərlərini və çöllərini gəzdim, onların şivələrini və ədəbiyyatını öyrəndim. Mən türklərin arasında ən bəlağətli, öz fikrini ən aydın ifadə edə bilən, ən savadlı, əsil-nəsəb baxımından ən nəcabətli, nizə atmaqda ən mahir şəxslərdən biriyəm. Mən bütün tayfaların şivələrini mükəmməl şəkildə bilirəm və bunları zərif bir ardıcıllıqla düzmüşəm”. 

Daha sonra o, etiraf edir, bu araşdırmada Allah özü ona yardım etmişdir və onun kitabı “əbədi abidə, ötüb-keçməyən (köhnəlməyən) dəyər” olacaq...

(yazı şərqşünas S.F.Starrın “İtirilmiş Maariflənmə: ərəb fütuhatından Teymurləngin dövrünə kimi Mərkəzi Asiyanın qızıl əsri” kitabının əsasında hazırlanmışdır)

 

Please publish modules in offcanvas position.