Müsəlmanların hərbi təlim-tərbiyə sistemi (İkinci hissə)

/ Çərşənbə axşamı, 17 Noyabr 2020 15:57
Müsəlmanların hərbi təlim-tərbiyə sistemi (İkinci hissə)

(Əvvəli: https://islam.az/az/mezhaleler/i-slam-tarikhi/item/7330-muselmanlarda-herbi-telim-terbiye-sistemi)

Həzrət Mühəmməd (s) sadə bir həqiqəti gözəl şəkildə dərk edirdi: Ərəbistanın köçəri qəbilələrini öz ətrafında birləşdirmək üçün insan həyatının ən mühüm, taleyüklü məsələlərinin həllini özündə ehtiva edən dünyagörüşü, qayda və təlimlər sistemini yaratmaq lazımdır. Özü də bu taleyüklü məsələləri həll edə bilən sistem elə olmalı idi ki, onunla hər bir bədəvi ərəb (sosial mənsubiyyətindən və məşğuliyyətindən asılı olmayaraq) razılaşsın və onu özününkü bilsin...

Həyat təcrübəsi bunu göstərirdi ki, uğurun böyük hissəsi Qurani-Kərimin göstərişlərini düzgün şəkildə anlamaqdan asılıdır, düzgün anlama isə pedaqoji təcrübəsiz mümkün deyil. Bunun üçün təlim-tərbiyə sisteminə ehtiyac vardı, Mühəmməd (s) də məhz bu məsələ ilə məşğul olmağa başladı.

O, təlim-tərbiyənin ümumi məqsədini işləyib-hazırladı. Təlim-tərbiyənin əsas məqsədi – geniş əhali arasında İslam dinini yaymaqdan ibarətdir. Daha dar mənada məqsəd isə şüur və təhtəlşüur səviyyəsində möhkəmlənmiş müsəlman əsgərinin mənəvi-etik qaydalarını yaratmaq idi.

Təlimin hədəfi bundan ibarət idi ki, döyüşçüyə uzunmüddətli yaddaş bazasında möhkəmlənmiş nəzəri və praktiki davranışlar (bilik, bacarıq və təlimlər) aşılansın.

Hərbi təlim-tərbiyə gedişində həm sülh, həm də müharibə dövründə uşaq və yeniyetmələrlə, qəbilənin yetkin üzvləri ilə iş aparılırdı. Onlara İslam dininin özəyini təşkil edən əxlaqi dəyərlər və biliklər öyrədilirdi, bunların köməyi ilə fərd (müsəlman) ilə ümmət (müsəlman cəmiyyəti) arasında vəhdət yaradılırdı və bütün bunlar Allaha doğru yönəlmə (mənəvi təkamül) fonunda inkişaf etdirilirdi.

Hər bir müsəlmanın həyatının qayəsi və döyüşçü kimi tərbiyəsinin başlıca məqsədi – sözə baxmaq, itaət, Allahın iradəsinə təslimçilik (“İslam” sözünün mənası), Allahın vacib buyurduğu və hər bir möminin vəzifəsi olan dini ibadətləri və sair göstərişləri yerinə yetirmək idi. Quran ayələrinin düzgün anlaşılması həyatdan məmnunluq duyğusunu təmin etməli idi. 

İslamaqədərki dövrdə ərəb döyüşçülərinin təlim-tərbiyə məktəbi əsasən inkişafetdirici və tərbiyəedici müəssisə rolunu oynayırdı və hərbi hazırlığın əsas tələblərinə tam cavab verirdi. Maarifləndirici aspekt yalnız şəhər mühitindəki təlimlərdə mövcud idi. İslamın gəlişi ilə döyüşçü hazırlığı prosesi yuxarıda göstərilən inkişafetdirici və tərbiyəedici xüsusiyyətlərlə yanaşı, ciddi şəkildə maarifləndirmə funksiyasını və psixoloji hazırlıq aspektini də qazandı. Həzrət Mühəmməd (ə) bundan əvvəl yaradılmış təlim-tərbiyə formalarını yeniləməyə və təkmilləşdirməyə başladı.  

Məlum olduğu kimi, din universal psixoloji hazırlıq mexanizmidir və insana çoxtərəfli təsir edir. Bir tərəfdən din insanın dünyagörüşündəki ziddiyyətləri aradan qaldırmağa qadirdir, digər tərəfdən insanı həmfikirlərin ziddiyyətdən uzaq olan cəmiyyətinə daxil edir, eləcə də insanın şüuraltısına yönələn, onu sağlamlaşdıran çox güclü, səmərəli mexanizmə malikdir. Din həmçinin, digər üsullarla aradan qaldırıla bilməyən həlledilməz ziddiyyətlərin (həyat-ölüm qarşıdurması kimi) aradan götürülməsi üçün yeganə səmərəli mexanizmdir; Quran ayələrində buna rast gəlmək mümkündür...

VII əsrin ikinci yarısından etibarən məktəblər təkcə şəhərlərdə deyil, müsəlman dünyasının iri kəndlərində də mövcud idi. Xilafət əhalisinin mühüm hissəsi savadlı idi (o zamankı xristian dünyasının əksər sakinlərindən fərqli olaraq). Təhsilin bütün mərhələlərində hərbi təlim-tərbiyə zəruri sayılırdı. Bu, zamanın tələbi idi; hər bir müsəlmana Allahın döyüşçüsü, öz qılıncı ilə yalnız həqiqi dini qorumaq deyil, onu bütün dünyaya yaymaq vəzifəsini daşıyan İslamın müdafiəçisi kimi baxılırdı. 

İslam dünyasında psixo-fizioloji özünütənzimləmənin metodiki sisteminin formalaşması prosesi gedirdi. Bunun əsasını isə ruhla bədənin harmoniya içində inkişafının praktiki aspektləri dururdu: şüurun tənzimlənməsi, tənəffüsün tənzimlənməsi və bədənin tənzimlənməsi. Bu praktikanın özülünü psixoloji köklənmə, müəyyən səslərin tələffüzü (bir qayda olaraq, bura dualar, zikrlər aid idi) təşkil edirdi ki, onları da fiziki döyüş təmrinləri müşayiət edirdi. Bu hərəkətlər düzgün şəkildə yerinə yetirildiyi təqdirdə şüurda müəyyən simvollar sistemi yaranır. Bu simvollar sistemi müsəlmanların qalxanlarında və digər hərbi təchizat nümunələrində təsvir edilirdi. Bütün bu əşyaların üzərində əyani metodik vəsait təsiri bağışlayan açar obrazları görmək olar. Səs-hərəkət-tənəffüs-simvol anlayışlarının harmoniyası orqamizmin ritmini Yer kürəsinin sutkalıq ritminə uyğunlaşdırmağa qadir idi. Bu da sağlamlığı gücləndirir, iş qabiliyyətini və dözümlülüyü artırır, insanın əqli imkanlarını səfərbər edir, onun müxtəlif növ stres hallarına tez uyğunlaşmasını təmin edir. Təlim gedişində fərdi tərbiyə prosesinə üstünlük verilirdi. Hərbi gimnastika mühüm yerə malik idi, hər bir hərəkətə mənayüklü simvol və müəyyən səs nizamı – dua uyğun gəlirdi. Döyüş hazırlığı hərəkətlərinin ifası zamanı düzgün ritmə riayət etməyi öyrənmək vacib idi. Müsəlmanların hərbi təlimində mühüm məfhumlardan biri də döyüş ritmi sayılırdı. Məşhur müsəlman alim Əbdülhəmid (Xamid) özsünün “Uğurlu ovun qaydaları” kitabında bu məsələlərə toxunmuşdur.

(“Şərqin hərbi-mənəvi ordenləri” kitabından ixtisarla tərcümə edilmişdir)

 

Please publish modules in offcanvas position.