Peyğəmbərin uşaqlıq illəri ilə bağlı bir hadisənin izi ilə (Üçüncü hissə)

/ Cümə axşamı, 26 Noyabr 2020 11:56
Peyğəmbərin uşaqlıq illəri ilə bağlı bir hadisənin izi ilə (Üçüncü hissə)

(Əvvəli: https://islam.az/az/mezhaleler/i-slam-tarikhi/item/7390-peyghemberin-usaql-q-illeri-ile-baghl-bir-hadisenin-izi-ile)

Yazının ötən bölümlərində Həzrət Mühəmməd Peyğəmbərin (s) həyatı ilə (xüsusilə, uşaqlıq illəri ilə) bağlı “şərhi-sadr” (sinənin yarılması) adlı hadisəyə toxunmuş, onun lehinə və əleyhinə olan dəlillərə qısaca izah vermişdik. Bunu da əlavə edək ki, əgər məsumluq xüsusiyyətinin bu kimi üsullarla əldə edildiyini (və ya edilə bildiyini) qəbul etsək, digər məsumların da həyatında buna bənzər hadisələri axtarmalıyıq. Amma 124 min peyğəmbərin, onların canişinlərinin və 12 imamın həyatı haqqında mövcud məlumatlarda buna oxşar hadisənin izinə rast gəlmirik.

Bəzi alimlər qeyd etdiyimiz iradlara baxmayaraq, şərhi-sadr hadisəsini təsdiq etməkdə davam etmişlər; üstəlik, irəli sürülən iradlara da cavab verməyə çalışmışlar. Suriyalı məşhur şafii alimi, 2013-cü ildə təkfirçilərin Dəməşqdə törətdiyi terror aktı nəticəsində həlak olmuş Şeyx Mühəmməd Səid Ramazan əl-Buti “Fiqhüs-siyrə” kitabında bu məsələyə münasibət bildirərək yazır: “Bu hadisədə ilahi hikmət Allah Rəsulunun bədənindəki şər və pislik nöqtəsini qoparmaq deyildi. Əgər elə olsaydı, bu iradlar düzgün olardı. Çünki əgər pisliklərin mənbəyi və kökü bədən orqanları yaxud orqanizmdəki qan zərrəcikləridirsə, bütün pis adamları bir cərrahi əməliyyatla xeyirxah insana çevirmək olar. Zahirən belə görünür ki, bu hadisənin hikməti peyğəmbərlik məsələsini aşkara çıxarmaq və Allah Rəsulunu uşaqlıq dövründən maddi vasitələrlə ismət (günahsızlıq, məsumluq) və vəhy məqamına hazırlamaq idi. Ta ki bu yolla insanların iman gətirməsi və o həzrətin peyğəmbərliyini təsdiq etməsi daha asan və rahat olsun. Nəticə etibarilə, bu, mənəvi bir təmizlənmə idi, amma maddi və hissi formada təzahür etmişdi...”

Daha sonra müəllif şərhi-sadr hadisəsinin səhih sənədlərlə mötəbər mənbələrdə əks edildiyini (əhli-sünnə baxımından) qeyd edir və bunu həmin hadisəni qəbul etmək üçün yetərli sayır. Alimin fikrincə, rəvayətlərin səhihliyi bu hadisəni simvolik şəkildə yozmağa ehtiyac yaratmır, hətta bu kimi mötəbər hədisləri rədd etmək Allaha olan imanın zəifləməsinə gətirib-çıxara bilər. Əl-Buti yazır ki, hədisin zahiri mənasına etibar etmək kifayətdir, onu digər mənalara yozmaq ümumilikdə hədis dilinin etibardan düşməsinə və lüğət (dilçilik) elminin bir kənara qoyulmasına səbəb olar. Əgər bu hədisi məcazi mənada dəyərləndirsək, digər hədislər də simvolizmə qurban gedə bilər.

Qeyd etdiyimiz kimi, şərhi-sadr hadisəsi zahiri mənası ilə əksər şiə alimləri tərəfindən etibarsız sayılıb, qəbul edənlər də onu rəmzi mənada izah etməyə çalışıblar. Böyük Quran təfsirçisi Əllamə Təbrisi “Məcməül-bəyan” təfsirində yazır ki, bu hadisənin zahiri mənası təşbihə (simvolizəyə) möhtacdır: “Çünki o həzrət hər cür pislikdən və eybdən pak idi, ürəyi və onun içindəki etiqadı su ilə necə pak etmək olar?” Böyük şiə tədqiqatçısı mərhum Seyyid Cəfər Mürtəza Amili də şərhi-sadr barədə rəvayətləri cahiliyyə dövrünün əsatirlərindən və israiliyyatdan hesab edir (“əl-Səhih min əl-siyrət əl-Nəbiyy əl-əzəm”, 2-ci cild).

Bununla belə, qeyd edək ki, şərhi-sadr hədislərinə şiə məzhəbinin “Biharül-ənvar” (Əllamə Məclisi), “Mənaqib” (İbn Şəhraşub) kimi mənbələrində rast gəlirik. Müasir cəfəri alimlərindən Haşim Məruf Hüseyni şərhi-sadr hadisəsini qəbul etməklə yanaşı, ona bu cür məna verir: Şərhi-sadr rəvayətlərinə qarşı irəli sürülən iradlar bu hadisəni tam inkar etmək üçün yetərli deyil. Bu hadisə möcüzələrdən biridir, ağıl onu dərk edə biməsə də, Allahın qüdrətindən kənar deyil. Alimin fikrincə, Peyğəmbərin (s) həyatında bu qəbildən xeyli hadisələr baş verib ki, tədqiqatçılar onları izah etməyə acizdirlər (“Siyrət əl-Mustafa”).

Görkəmli Quran alimi Əllamə Seyyid Mühəmməd Hüseyn Təbatəbai “əl-Mizan” təfsirində şərhi-sadr hadisəsinə tam fərqli izah verir. Əllamə Təbatəbai diqqəti buna yönəldir ki, bəzi şiə mənbələrində bu hadisəni təsvir edən hədislər əhli-sünnə kitablarındakı hədislərdən fərqlənir. Belə ki, məsələn, İbn Şəhraşub hadisəni Həlimə xatunun dilindən bu şəkildə rəvayət edir: “Mən onu (həzrət Mühəmmədi) beş il iki gün bəsləmişəm. Bir gün məndən soruşdu ki, (süd) qardaşlarım hər gün hara gedirlər?” Mən cavab verdim ki, heyvanları otarırlar. Həzrət buyurdu ki, mən də onlarla birlikdə gedəcəyəm. O, qardaşları ilə getdi, mələklər onu dağın başına qaldırıb, orada yuyub pak etdilər. Oğullarım mənim yanıma qaçıb dedilər ki, köməyə gəl, Mühəmmədi oğurlayıblar! Mən gəlib çatanda gördüm ki, onun tərəfdən bir nur göyə ucaldı. Mən onu qucaqlayıb dedim: “Sənin başına nə gəldi?” Cavab verdi: “Kədərlənmə, Allah mənimlədir!” Sonra baş verənləri mənə danışdı. Ondan müşk ətri gəlirdi. Bu hadisədən sonra camaat dedi ki, şeytanlar ona hakim olub! O həzrət özü isə deyirdi ki, mənə heç nə olmayıb, məndən ötrü qorxmayın”.

Əllamə Təbatəbai qeyd edir ki, əgər hadisənin bu şəkildə baş verdiyini qəbul etsək, irəli sürülmüş iddialar öz qüvvəsini itirər. Çünki burada həzrətin maddi (fiziki) mənada təmizlənməsi iddia edilmir. Əllamə Təbaətəbainin fikrincə, bu hadisə də “misal aləmi”nin bir nümunəsi kimi qəbul edilməlidir. Ələst məclisi və aləmi-zərr barədə məqaləmizdə Əllaəminin misal aləmi haqqındakı görüşlərini izah etmişdik. Metafizik aləm də adlandırıla bilən misal aləmi yaşadığımız aləmə paralel şəkildə mövcuddur. Əllaəmə qeyd edir, Peyğəmbər (s) özünün eyb və nöqsanlardan təmizlənməsini misal aləminə məxsus olan simvolik quruluşda müşahidə etmişdir. Necə ki, merac zamanı o həzrətə cənnət və cəhənnəmin görüntüləri də simvolik formada (məcazi və misali şəkildə) göstərilmişdi. 

Tədqiqatçı alim Rəsuli Məhəllati bunları qeyd etdikdən sonra Əllamənin bu şərhini Peyğəmbərin (s) meracı zamanı şərhi-sadr baş verməsi haqqındakı rəvaəyətlərə tətbiq etməyi mümkün sayır. Amma Peyğəmbərin (s) uşaqlıq vaxtına aid olan rəvayətləri bu şəkildə şərh etməyi qənaətbəxş hesab etmir.  

(məqalədə Rəsuli Məhəllatinin “Analitik İslam tarixindən dərslər” kitabından istifadə edilmişdir).     

 

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.