Məscid tikdirmiş qadınlar (ikinci hissə)

/ Şənbə, 12 Dekabr 2020 15:33
Məscid tikdirmiş qadınlar  (ikinci hissə)

(Əvvəli: https://islam.az/az/mezhaleler/i-slam-tarikhi/item/7678-mescid-tikdirmis-qad-nlar-birinci-hisse)

Qadınların məscid tikdirmək ənənəsi sonralar da müsəlman dövlətlərində davam etmişdir. Bunun ən bariz nümunələrindən biri Teymuri sülaləsinə mənsub Gövhərşad bəyim adlı xanımdır. Gövhərşad bəyim (1378-1457) Teymurləngin gəlini, yəni Teymurləngin kiçik oğlu Şahrux Mirzənin arvadı idi. Soykökü etibarilə türk tayfalarından birinə mənsub idi. Atası Qiyasəddin “tərxan” fəxri adını daşıyırdı. Bu zadəgan titulunu ona Teymurləng bağışlamışdı. Gövhərşad bəyimini anası Banu Xanzadə bəyim Məşhəddə, İmam Rza (ə) hərəminin yaxınlığında dəfn edilmişdir. Gövhərşad bəyim məşhur Teymuri hökmdarı, həm də görkəmli riyaziyyatçı-astronom, Səmərqənd rəsədxanasının banisi Uluğbəyin anasıdır. Onun digər oğlu da məşhur rəssam və xəttat Baysunqur Mirzədir.

Gövhərşad bəyim Teymurilərin paytaxtı olan Herat şəhərində məscid, xanəgah və mədrəsədən ibarət kompleks tikdirmişdi. Onun özü də həmin kompleksin hüdudları daxilində, sağlığında özü üçün tikdirdiyi məqbərədə dəfn edilmişdir. Gövhərşad bəyim elm və sənəti himayə edir, bununla yanaşı, siyasət işlərinə də qarışırdı. Ərinin və oğullarının üzərində böyük nüfuzu vardı. Elə siyasi nüfuzu səbəbindən təqribən 80 yaşlarında ikən Teymurləngin nəticəsi, yəni Miranşahın nəvəsi Sultan Əbusəidin əmri ilə öldürülmüşdü. Gövhərşad bəyim xalq içində böyük nüfuza malik idi, xeyriyyəçi kimi tanınırdı, kasıblara əl tuturdu.

Onu tarix səhifələrində unudulmaz edən addım Məşhəddə İmam Rzanın (ə) mübarək hərəminə bitişik olan yaraşıqlı məscidi tikdirməsidir. Həmin məscid bu günə kimi Gövhərşad bəyimin adını daşıyır. Rəvayətə görə, Gövhərşad bəyim öz zinət əşyalarını, o cümlədən, çox bahalı almaz boyunbağısını sataraq bu möhtəşəm məscidi tikdirmişdi. Herat məscidi kimi Məşhəddəki məscidin də memarı Qivaməddin Şirazi idi.

Gövhərşad məscidinin tikintisi təqribən 13 il davam etmiş və hicri 821-ci (miladi 1418-ci) ildə tamamlanmışdı. İmam Rzanın (ə) mübarək hərəminin cənub hissəsində yerləşən və hərəmin binasına bitişik olan bu məscid geniş sahəyə malikdir. Ümumi sahəsi 9400 kv.metrdən artıq olan məscidin 2800 kv.metrlik həyəti vardır. Gövhərşad bəyim Məşhəd hərəmində iki rəvaq (üstübağlı tikili, qalereya, pasaj) da tikdirmişdir ki, bunlardan biri “hafizlər rəvaqı”, digəri isə “seyidlər rəvaqı” adlanır.

Gövhərşad məscidi həm xaricdən, həm də daxildən bəzəklərlə örtülmüşdü. Xüsusilə, məscidin iri günbəzi kaşı bəzəklərlə incə şəkildə işlənmişdi. Maraqlısı budur ki, məscidin cənub girişində yerləşən, üzərində tikilmə tarixi qeyd edilən kitabə Gövhərşad bəyimin oğlu Baysunqur Mirzə tərəfindən yazılmışdır. Qeyd etdiyimiz kimi, Baysunqur Mirzə bacarıqlı miniatür rəssamı və xəttat idi, xüsusilə, süls xəttində mahir ustadlardan sayılırdı (süls xətti memarlıqda və kitab tərtibatında geniş istifadə edilirdi).

Gövhərşad məscidinin özəlliklərindən biri də onun minbəridir. Təqribən 7.5 metr hündürlüyə malik minbər XIX əsrin əvvəllərində - Fəthəli şah Qacarın dövründə hazırlanmışdır. Qoz və armud ağacından düzəldilmiş minbərdə heç bir dəmir hissəcik yoxdur, mismardan istifadə edilməyib.

Gövhərşad məscidi təqribən 1673-cü ildə zəlzələdən ciddi ziyan görmüşdür. 1911-ci ildə rusların hücumu zamanı məscidin günbəzi toplardan atəşə tutuldu. Dağıntı o qədər ciddi oldu ki, bir neçə ildən sonra günbəzi tamamilə söküb yenidən tikmək qərarına gəldilər.

Səfəvilər və Osmanlılar dövründə də qadınların məscid tikintisi və məscid təsərrüfatının yaradılması (vəqf) sahəsində ciddi uğurları olmuşdur. Səfəvilər dövrünün qadınları əsasən vəqf ənənəsini dirçəltməyə diqqət yetirdikləri halda, Osmanlının saray və zadəgan qadınları məscid tikintisinə daha çox vəsait ayırırdılar. Təsadüfi deyil ki, bu gün də Türkiyə ərazisində qadınların adı ilə bağlı iri məscid kompleksləri mövcuddur.

Artıq XV əsrdə Osmanlı dövlətində qadınlar öz maliyyə vəsaitləri hesabına məhəllə məscidləri və camilər tikdirməyə başlamışlar. Hazırki Türkiyənin müxtəlif bölgələrində mövcud olan, İstanbulda daha çox rast gəlinən həmin ibadət ocaqlarından bəzilərinin adını qeyd edirik:

Sultan I Mehmetin qızı Səlcuq xatun tərəindən 1450-ci ildə Bursada inşa edilmiş Səlcuq xatun camisi,

Bursada Oruc bəyin qızı Sitti xatunun tikdirdiyi cami (1459-60),

Sultan II Mehmet Fatehin həyat yoldaşı, Zülqədəroğulları soyundan olan Sittişah Sultanın Ədirnədə 1482-ci ildə inşa etdirdiyi cami,

Sultan III Muradın anası Nurbanu Validə Sultanın İstanbulun Üsküdar məhəlləsində tikdirdiyi Ətiq Validə Sultan kompleksi (Memar Sinan, XVI əsr),

İstanbulun Üsküdar məhəlləsində Sultan III Əhmədin anası Gülnuş Sultan tərəfindən inşa edilmiş cami (1710),

İstanbulda (Aksaray) Sultan Əbdüləzizin anası Pertevniyal Validə Sultan tərəfindən tikilmiş cami (XIX əsr),

İstanbulda Sultan Əbdülməcidin anası Bəzmialəm Validə Sultan tərəfindən tikintisinə başlanmış məşhur Dolamabağça camisi (XIX əsr) və s.

 

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.