Məhərrəm barədə bəzi iradlara cavab

/ Çərşənbə axşamı, 11 Fevral 2020 12:30
Məhərrəm barədə bəzi iradlara cavab

Məhərrəm ayı başladı... Yenə sosial şəbəkələrdə, gündəlik söhbətlərdə bir mövzu akuallaşdı: məhərrəmliyi qeyd etmək lazımdırmı?

Əsasən, radikal cərəyanların ardıcılları tərəfindən qızışdırılan bu müzakirələrdə belə fikirlər formalaşdırılır. Əvvəla, guya İslam dini matəmin əleyhinə olduğu üçün məhərrəmliyi qeyd etmək olmaz. İkincisi, Həzrət Hüseyn (ə) şəhadətə çatıb Allahın yanında ən uca məqama nail olub; ona görə də bu faciəyə ağlamaq yox, sevinmək lazımdır! Üçüncüsü, bu şəxslər daha da həyazıslaşaraq deyirlər ki, məhərrəm ayı hicri təqvimlə yeni ilin başlanğıcıdır; ona görə də bu ayın gəlişini bayram kimi qeyd etmək daha yaxşı olar!

Doğrudur, İslam dini nikbin dindir, gələcəyə ümidlə baxmağı tövsiyə edən dindir. Bu dində bədbinlik, ümidsizlik bəyənilmir, həmişə matəmdə qalmaq məzəmmət olunur. Amma əvvəla, məhərrəmlik bütün il boyu deyil, iki ay davam edir. İkincisi, səbəb olduğu halda kədərlənməyi və matəm saxlamağı heç bir din və heç bir sağlam məntiq inkar etmir. İslamın məzəmmət hədəfi - matəmdə həddi aşmaq, şəriətin icazə vermədiyi əməlləri etmək, daim matəmdə olub həyatdan küsməkdir. Dünya yaranandan bəri müqəddəslərimiz kədərli hadisələrə üzülmüş, ağlamış, matəm saxlamışlar. Övladının və ya başqa yaxınının ölümünə, itkisinə ağlamaq müqəddəslərimizin həyatında rast gəlinən hallardandır. Həzrət Yəqub Peyğəmbər (ə) oğlu Yusifin (ə) ayrılığında o qədər ağlamışdı ki, gözləri tutulmuşdu. Həzrət Mühəmməd Peyğəmbər (s) oğlu İbrahimin dəfni zamanı ağlayanda səhabələr ona irad bildirmiş, Peyğəmbərimiz isə ağlamağın təbii bir hal olduğunu və günah sayılmadığını bəyan etmişdi.

Amma məhz İmam Hüseynin (ə) faciəsinə gəlincə, şiə və sünni mənbələrində rəvayət edilən onlarla hədis sübut edir ki, İki Cahan Günəşi körpə Hüseynin (ə) boğazından öpər və ağlayardı, səbəbini soruşanlara isə Kərbəla faciəsi barədə qabaqcadan xəbər verərdi. Məsum imamlarımız aşura günü təziyə məclisləri təşkil edir, evin çölündən eşidiləcək qədər uca səslə ağlayır, şairlərin Kərbəla müsibəti barədə qəsidə və mərsiyələrini dinləyir, onlara mükafat verirdilər. Bu barədə əldə olan hədis və rəvayətlər, kiçik bir inkar yeri qoymayacaq dərəcədə çoxsaylı və mötəbərdir.

İkinci irada cavab olaraq bildiririk ki, Kərbəla hdisəsi İslam tarixinin hər nə qədər fəxarətli səhifəsi olsa belə, faciədir. Bu hadisədə sevincə, şadlığa səbəb olacaq heç bir məqam yoxdur. Peyğəmbər nəvəsinin gözü qarşısında bütün yaxınlarının növbə ilə qılıncdan keçirilməsi, uşaqlara belə aman verilməməsi, İmamın özünün başının diri-diri vəhşicəsinə kəsilməsi, bundan sonra cansız cəsədlərə işgəncələr edilməsi, qadınların qolubağlı əsir aparılması - məgər bunlarda sevindirici cəhət varmı? Hələ aşuraya qədərki bir neçə gündə Əhli-beytin susuzluğunu da bura əlavə etdikdə ürəkaçan heç bir mənzərə ilə qarşılaşmırıq. Hansı ağıllı, şüurlu insan bu hadisələri xatırlayanda sevinər? Bu cür irad bildirənlərin hansı əzizi öləndə özləri sevinir, şadlıq edirlər? Məgər video kadrlarda görmürükmü ki, İŞİD cəlladlarından biri “şəhid” olanda (əslində isə cəhənnəmə vasil olanda) yanındakılar göz yaşları içində onunla vidalaşırlar? Əgər sıravi bir insanın ölümünə ağlaşırlarsa, Peyğəmbər nəvəsi sıravi insandan əskikdirmi? Bəs harda qaldı Əhli-beyt sevgisi iddiası?

Yeni il məsələsinə gəlincə, ümumiyyətlə heç bir əlamətdar hadisənin ildönümünü keçirtməyi icazəli saymayan, mövlud mərasimlərini şirk adlandıran bir dəstənin məhərrəmi yeni il başlanğıcı kimi qeyd etmək təklifi yalnız gülüşə layiq ola bilər. On üç əsr yarımdır ki, məhərrəm ayı Kərbəla faciəsinin tarixi kimi yaddaşlara həkk olub. “Məhərrəm” sözü deyərkən, zehnlərə aşura, İmam Hüseyn (ə), matəm gəlir. Əsrlərdir matəmlə eyniləşmiş bir tarixi necə bayram kimi təsəvvür və təqdim etmək olar? Bəlkə də o sözləri deyən adamlar məhərrəmin 1-ni bayram saya bilərlə, amma qəlbində Peyğəmbər sevgisi gəzdirən əsil müsəlmanların həmin günü şadlıq edib bayram tutacaqlarını təsəvvür etmək qeyri-mümkündür.

Please publish modules in offcanvas position.