Peyğəmbərin (s.) RAMAZAN xütbəsi

/ Çərşənbə, 14 Noyabr 2007 14:36
Peyğəmbərin (s.) RAMAZAN xütbəsi

Əziz müsəlman bacı və qardaşlar!

Bu həftədən başlayaraq, saytımızda "Cümə xütbəsi" adlı yeni rubrika açılır. Bu rubrikada Siz İslam dininin əqidə əsaslarına, dinimizin tarixinə, əxlaqi normalara, habelə, müsəlmanların bugünkü həyatında qarşıya çıxan əsas ictimai mövzulara aid maraqlı yazılar oxuyacaqsınız. Həm Ramazan ayının gəlişi münasibətilə, həm də yeni bölməyə "xeyir-dua" məqsədilə birinci həftəni Həzrəti Muhəmməd Peyğəmbərin (s) Ramazan xütbəsindən hissələrlə başlamağı qərara aldıq.

Həzrəti Peyğəmbər (s) Ramazan ayının gəlişi ərəfəsində müsəlmanların qarşısında xütbə oxuyaraq belə buyurmuşdu:

"Ay camaat! Allahın ayı Ramazan bərəkət, rəhmət və günahlardan bağışlanma nemətləri ilə sizə doğru gəlir. Allahın hüzurunda bu ay başqa aylardan daha üstündür. Günlərin ən üstünü, gecələrin ən yaxşısı, saatların ən fəzilətlisi bu aydadır.

Ramazanda ac və susuz qalmaqla qiyamət gününün aclığını və susuzluğunu yada salın. Kasıblara əl tutun, qocalara ehtiram göstərin, uşaqları əzizləyin, qohumlarınızla mehriban olun. Dilinizi nalayiq söhbətlərdən, gözünüzü harama baxmaqdan, qulağınızı sizə yaraşmayan sözləri dinləməkdən çəkindirin! Başqalarının yetimləri ilə mehriban rəftar edin ki, sizin yetimlərinizə qarşı da başqaları mehriban olsunlar…

Ay camaat! Bu ay ərzində hər kim öz əxlaqını yaxşılaşdırsa, qiyamət günündə sirat körpüsündən asanlıqla keçər. Hər kim camaata pislik etməsə, Allah öz qəzəbini ondan uzaqlaşdırar. Hər kim öz qohumları ilə sıx əlaqə saxlayıb onlara yaxşılıq etsə, Allahın mərhəmətini qazanar. Kim qohumlarla əlaqəni kəssə, Allah da ondan öz mərhəmətini kəsər…

Ay camaat! Bu ayda behiştin qapıları açılar. Dua edin ki, o qapılar üzünüzə bağlanmasın. Cəhənnəmin qapıları isə bu ayda bağlanar. Dua edin ki, onlar açılmasın. Bu ayda şeytanlar zəncirlənər (fəaliyyətsiz qalar). Dua edin ki, onlar sizə qalib gələ bilməsin!.."

  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.