“Fatihə” surəsinin təfsiri (On altıncı hissə)

/ Şənbə, 26 Dekabr 2020 14:45
“Fatihə” surəsinin təfsiri (On altıncı hissə)

(Əvvəli: https://islam.az/az/zhuran/item/7864-fatihe-suresinin-tefsiri-on-besinci-hisse; https://islam.az/az/zhuran/item/2395-fatihae-suraesinin-taefsiri?fbclid=IwAR1OYw2JifizpJZhboZj4PCpmyZ5rX5C-GBrbASAIJgsetpKZ3HytBU1cV0;islam.az/az/zhuran/item/2360-butoev-zhuran-n-maezhhzi-bu-ayaedae-toplan-bislam.az/az/zhuran/item/2361-bismillah-sanki-allah-n-nishan-d-rislam.az/az/zhuran/item/2362-fatihae-suraesinin-taefsiriislam.az/az/zhuran/item/2363-fatihae-suraesini-taefsiriislam.az/az/zhuran/item/2380-fatihae-suraesini-taefsiriislam.az/az/zhuran/item/2378-fatihae-suraesinin-taefsiriislam.az/az/zhuran/item/2382-butun-haemdlaer-allaha-maekhsusdurislam.az/az/zhuran/item/2383-fatihae-suraesinin-taefsiri; http://islam.az/az/zhuran/item/2385-fatihae-suraesinin-taefsiri islam.az/az/zhuran/item/2389-fatihae-suraesinin-taefsiriislam.az/az/zhuran/item/2390-fatihae-suraesinin-taefsiriislam.az/az/zhuran/item/2392-fatihae-suraesinin-taefsiriislam.az/az/zhuran/item/2393-fatihae-suraesinin-taefsiriislam.az/az/zhuran/item/2394-fatihae-suraesinin-taefsiri)

Dördüncü ayə: “Maliki yovmiddin”

“Fatihə” surəsinin bu ayəsi özündən əvvəlki ayələrdə başlamış mənanı davam etdirir. Əvvəlki ayələrdə aləmlərin Rəbbi olan, Rəhman və Rəhim sifətlərini daşıyan Allaha həmd olunurdu. Dördüncü ayədə həmd olunan Allahın daha bir sifəti ilə tanış oluruq:

O, hesab gününün, qiyamətin sahibidir. Allahın mülkiyyəti qeyri-məhduddur.

Quranın üst-üstə onlarla ayəsində Allah-Taalanın mülkündən və mülkiyyətindən söz açılır. Allaha aid edilən “mülk” ifadəsi Quran mətnində təqribən 45 dəfə təkrar olunub. Müqəddəs kitabın 67-ci surəsi isə “Mülk” adlanır və bu ayə ilə başlanır: “Əlində mülk olan Allah nə qədər uludur; Ö, hər şeyə qadirdir!”

Allah-Taala Qurani-Kərimdə öz mülkü barəsində buyurur “Göylərin və yerin mülkü Onun əlindədir. Dirildən də, öldürən də Odur. O, hər şeyə qadirdir!” (Hədid, 2). “Məgər bilmirsən ki, göylərin və yerin mülkü Allaha məxsusdur və sizin Allahdan savayı dost və yardımçınız yoxdur?” (Bəqərə, 107).

Bu ayələrdən belə məlum olur ki, bütün kainatın ixtiyarı Allaha məxsusdur. Bəs, bu dünyada Allahın bəzi insanlara verdiyi mülk və səltənəti necə izah edək? Malik yalnız Allahdırmı, yoxsa insanlar da mülkiyyət sahibi ola bilərlər?

Alimlər mülkiyyəti iki növə ayırmışlar: 1) həqiqi mülkiyyət; 2) etibari (yəni nisbi) mülkiyyət. Həqiqi mülkiyyət heç nə ilə məhdudlaşmır və mütləqdir. Belə mülkiyyətin sahibi olmağa yalniz Allah layiq və qadirdir. Allah hər şeyi özü yaratmışdır və hər şeyi özü bəsləyib idarə edir. Onun hökmü hər yerə çatır. Heç nə Onun hökmündən kənara çıxa bilməz. Allahın malikliyi Onun rübubiyyət (Rəbblik) sifətinə əsaslanır. Əgər hər şey Allahın rübubiyyətinə möhtacdırsa və Allah tərəfindən bəslənib yaşayırsa, demək hər şeyin əsil maliki də elə Allahdır. Allahın mülkiyyətindən kənarda qalmaq, sadəcə olaraq, yox olmaq deməkdir. Özünüz fikirləşin, əgər Allah-Taala yalnız öz istədiyi vaxt bir şeyi yaratmağa, istədiyi vaxt dəyişdirib başqa hala salmağa və istədiyi vaxt məhv etməyə qadirdirsə, bu əsil maliklik demək deyilmi?

Lakin Allah-Taala dünyada müəyyən qüvvələrə də başqaları üzərində nisbi hakimiyyət vermişdir. Bu hakimiyyət dünyanın idarəsində insanlara kömək etmək üçündür. Məhz bu nisbi hakimiyyətin sayəsində cəmiyyətin siyasi, iqtisadi, mənəvi münasibətləri yaranır, inkişaf və tərəqqi meydana çıxır. Təbiidir ki, Allahdan başqa heç nə və heç kim mütləq yaradıcılıq və rübubiyyət sifətinə malik deyil. Öna görə mülk sahiblərinin mülkiyyəti də yalnız nisbi xarakter daşıyır. Allahdan savayı hər şeyin malikliyi qeyri-mütləqdir; etibari mülkiyyət də elə budur.

Qurani-Kərimin aşağıdakı ayəsində məxluqat aləminin mülkiyyətinin nə dərəcədə Allahdan asılı olması dolğun şəkildə göstərilmişdir: “De ki, ey mülk sahibi olan Allah! Sən mülkü istədiyin şəxsə verər, istədiyin şəxsdən alarsan. İstədiyin şəxsi yüksəldər və istədiyin şəxsi alçaldarsan. Xeyir yalnız Sənin əlindədir, Sən həqiqətən, hər şeyə qadirsən!” (Ali-İmran, 26).

Belə bir misal gətirək: heç kim inkar etməz ki, insanın ən çox hökm edə biləcəyi şey onun öz bədənidir. İnsan istədiyi vaxt əlini qaldırıb-salır, gözünü yumub-açır, oturub-durur, danışır, susur və s. Heç bir canlı və cansız əşya insanın əmrlərini öz bədəni qədər cəldlik və dəqiqliklə icra edə bilməz.

Bununla belə, insanın öz bədəni üzərində mülkiyyəti də məhdud və yarımçıqdır. İnsan nə qədər istəsə də, saçının və dırnaqlarının uzanmasına mane ola bilməz, yemək və içməyə olan tələbatını aradan qaldıra bilməz. Öz istəyindən asılı olmayaraq hər bir insan qocalığa, sonra ölməyə məhkumdur. Əgər insanın özü üzərində hakimiyyəti bu vəziyyətdədirsə, başqaları üzərində hansı hakimiyyətdən danışmaq olar?

Qurani-Kərimin bəzi ayələrində Həzrət İbrahimin nəslinin (Nisa, 5), Həzrət Süleymanın (Bəqərə, 102), zalım Fironun (Zuxruf, 51) mülkündən danışılır; bunların hamısı etibari mülkiyyətə aiddir.

Allah insanlara mülkü müxtəlif məqsədlərlə verə bilər. Əgər Həzrət Süleymana (ə) insanları doğru yola yönəltmək üçün rahatlıq məqsədilə mülk vermişdisə, Firona imtahan və sınaq məqsədilə hakimiyyət və səltənət bağışlamışdır.

 

Please publish modules in offcanvas position.