Hicrətin min iki yüz on altıncı ilində baş vermiş hadisələr haqqında

/ Понедельник, 22 июня 2020 11:02
Hicrətin min iki yüz on altıncı ilində  baş vermiş hadisələr haqqında

Qısa olaraq ərəb şeyxi Əbdüləziz barədə

Əbdüləziz ərəb tayfalarından olan bir cahil tayfanın şeyxidir. Onun qısa əhvalatı belədir ki, o, qəbilənin başçısı olub və Əbdülvəhhab adında birisi də o tayfanın böyüklərindən idi və Bu Cəhlin  tayı olan Bəsrə mahalı əhlindən Məhəmməd adlı birinin yanında şagirdlik etmişdi. Axırda təhsil almaqdan ötrü İsfahana gəldi və ömrünü oradakı mədrəsələrdə fiqhi, üsulu və nəhvü sərfi  öyrənməyə sərf etdi və elə qərara gəldi ki, hər millətin əqidələrindəki incəliklərinə bələddir. Amma o, İblisin əməli nəticəsində yolunu azmışlardan oldu. Etiqadı bu idi ki, Allah-təala təkdir və peyğəmbərləri, eləcə də içində şəkk-şübhəsi olmayan Kitabı göndərmişdir. Sonuncu Axirüzzəman Peyğəmbərin vəfatından sonra Allahın kitabı yetər və hər dövrdə adamların içindən bir müctəhid çıxıb müşkülləri həll edər. Bir dövr Əbu Bəkr, bir dövr Ömər, bir dövr Osman və bir dövr Heydər Əmirülmöminin, başqa çağda Şafei, başqa vaxtda Əbu Hənifə,  bir zaman da imam Cəfər (əleyhissəlam). Əgər bir müctəhid vəfat etsə, digəri onun yerinə gələr və müxtəlif məsələlərə dair Kitabüllahdan açıqlamarlar verər, ta adamlar onun sözünə əməl etsinlər. Məzarların və qəbirlərin üstündə hündür qübbələr tikmək, oraya hədiyyələr və nəzirlər gətirmək, türbələri qızıl və gümüşlə bəzəmək, onları ziyarət etmək, o şəni böyük olanlar zümrəsinin ziyarətgahlarını öpmək, o torpaqdan möhür daşı düzəltmək və onunla namaz qılmaq şəriətdə bidətdir və Allaha şərik qoşmaqdır və bu cür davrananlar kafir hökmündədirlər və Haqq-təalanın Qur’anda müşrik adlandırdığı o qəbildəndirlər ki, öz əlləri ilə bütlər düzəldib onları özləri ilə Allah arasında bir vasitəçi biliblər, onları təvaf ediblər, onlara xidmət göstəriblər, onların qarşısında səcdə qılıblar və onlara sitayiş ediblər, bilavasitə Allahı deyil, onları şəfaət verən və vasitəçi kimi tanıyıblar. 

O, füruüddinə dair bu cür boş-boş səylər göstərərək İsfahandan öz qəbilənin içinə gəldi və bu qəbildən olan sözləri öz şeyxinə söylədi. Əbdüləziz hökmranlıq etməyə iddialı olmuşdu. Məlumdur ki, beynində hamıdan üstün olmağı hədəfləyən hər kəs yeni dindən və təzə ayindən öz məqsədi üçün tez istifadə edər. O, həmin sözləri qəbul edərək məzhəbdən və sünnətdən döndü, ərəbləri bu dinə dəvət etdi və öz məzhəbini yaymaqdan ötrü ətrafdakı bədəvi ərəblərlə dava-dalaşa girdi. Gah düşmənə yenildi, gah da düşməni yendi və sonda güc və dövlət toplamağı bacardı. Dəriyədə  dəmir qalxan kimi mətin bir qalanın binasını qoyub talan-tarac yolu ilə öz payını və sərvətini gündən-günə artırdı və bədəvi ərəb qəbilələrinin əksəriyyətini öz əli altına saldı. O qocalarkən oğulları yetişdilər. Bu mənhusların ən böyüyünün adı Səud idi. O, igidliyi və mərdliyi hesabına yüksəlməyi bacarıb tədbirli və uzaqgörən olaraq nizə və qılınc gücü ilə bədəvi ərəblərin çoxunu öz hökmünə və fərmanına tabe etdirdi. Bunun ardınca o, bidət saydığı din imamlarının (əleyhiməssəlam) türbələrini və ziyarətgahlarını viran etmək, habelə bütpərəst və müşrik hesab etdiyi zəvvarları və mücavirləri  qətlə yetirmək xəyalına düşüb bir neçə dəfə Nəcəfi-əşrəfə qəsd etdi. O, Haqq nurunun atəşinə yol tapa biləcəyini güman edirdi, lakin Haqqın qol gücü, xüzaə  və digər şiə ərəblərinin sayıqlığı və qalanın möhkəmliyi sayəsində oxu daşa dirəndi. 

Nadir şah Əfşarın hakimliyi çağından bu xoşbəxt şahənşahın  dövləti dövrünədək  ki, əlhəmdülillah, İran xalqı tam əminamanlıq şəraitində yaşamaqdadır və vətəndən ayrı düşmüş hər birisi üzünü öz diyarına çeviribdir, altmış ilə yaxın İranın və Hindistanın bütün vilayətlərinin varlı-dövlətli adamları ölkələrini bürümüş fitnələrin üzündən vətənlərini tərk edib pak imamların astanına pənah aparırdılar ki, onların canları ilə halal və haram malları bu qonşuluğun bərəkəti sayəsində zalımların əlinə keçməkdən və tələf olmaqdan eyməndə qalsın .

Nəcəf, Kərbəla və Kazimeyn kimi müqəddəs məşhədlərdə  qəriblərin çoxluğundan yerli sakinlər üçün yer qalmırdı və onlar  haram yeməyin, eyş-işrətə məşğul olmağın, şəhvani hisslərə qapılmağın, nəfsə qulluq etməyin məqamı deyil, zöhdün, təqvanın və dünya malından əl çəkib axirət aləminə üz çevirməyin məskəni olan bu məkanda uzun müddət yaşayıb o qədər sələmçilik, murdarçılıq, qəbih əməllər və rüsvayçı işlər törətdilər ki, əgər digər islam ölkələrində onlardan birinə yol verilsəydi, onlar məzəmmət, qınaq və intiqam hədəfinə çevriləcəkdilər. Get-gedə bütün bu ziyarətgahlarda, o cümlədən Kərbəlada laqeydlik və həyasızlıq o dərəcəyə çatmışdı ki, şəriətdə haram sayılanlar halal hesab edildi və gizlicə işlədilən günahların üzərindən pərdə götürüldü. Nə Allahdan utanardılar, nə də gizli sirrləri bilən və görən höccətüllahdan çəkinərdilər. Nə böyük xətalar və günahlar yeridir! Başları mal yığmağa məşğul olduğundan ildə bircə dəfə də pak astanın ziyarətinə getməzdilər ki, qadağan olunmuşları tərk etməklə, ibadətlərini yerinə yetirməklə və həsənatları, yaxşı işləri üst-üstə toplamaqla batinləri saflaşsın. Allaha yaxın olan adamlar lazım idi ki, heç bir xəbisliyə bulaşmayan bu müqəddəs torpaqda qorxmaz əllə nəfsləri çirklənməkdən və mal yığmaq aludəliyindən pak etsinlər və millətin gözü və könlü önündə nadan Səudun iti qılıncının üstündən qəflət pərdəsini götürsünlər. Nəticədə xoşbəxt tale bu bəd əməllərinə görə onlardan üzünü çevirdi və Büxtünnəssər Bəni-İsraili istila etdiyi kimi Səud da Əbdüləzizin işarəsi ilə oraya hakim oldu. Bu da belə baş verdi ki, Nəcəfi-əşrəfin hasarını yarmaqda Əbdüləzizin qılıncı küt, əl-ayağı da süst çıxdığına görə Kərbəlanı dağıtmağa və kərbü bəla  məkanı olan və möhkəm hasarı olmayan bu yerin əhalisini qətlə yetirməyə səy göstərdi. Onun işarəsilə həmin ilin zihiccə ayında  Səud özünün on iki min nəfərlik başıpozuq ordusunu yığıb heç kimə xəbər vermədən sübh tezdən səhradan çıxıb Kərbəlaya basqın etdi. Əllərinə keçən qocadan-cavandan hamını rəhmsiz qılıncdan keçirib öldürdülər, qadınların namusuna və ismətinə baxmadan hamısını soyundurub lüt-üryan etdilər və həzrət Seyyidüşşühədanın (əleyhissəlam) pak zərihini və nurlu sənduqəsini həyasız əllərilə qanmazcasına daşa basıb sındırdılar. Onun bağlarını qopartdılar, astanın xəzinəsini, qızıl və gümüş qəndilləri, müqəddəs rövzənin xalılarını və digər əşyalarını qarət etdilər, zərli kərpicləri və eyvandakı aynaları qırdılar, qapı-divarı sökdülər, xəzinənin hər xanəsində olan qızılları, inciləri, daş-qaşları, müxtəlif ölkələrdən gətirilmiş nəfis əşyaları bir an içində oğurlayıb apardılar. Qan küçə-məhəllələrdə sel kimi axdı və bu pak torpaqda yenə də aşura günü və Kərbəla hadisəsi yaşandı. Etibarlı mənbələrdə verilən məlumata görə öldürülənlərin miqdarı beş min nəfərə yaxın idi, talan olunmuş malların hesabını isə Allahdan başqa heç kim bilməz ...

Xülasə, bu faciədən sonra intiqamını Bəhram kimi alan hökmdar  öz qulluqçusu İsmayıl bəy Bayatı bir məktubla Bağdada Süleyman paşanın yanına göndərdi. Məktubda yazırdılar ki, əgər İran ordusunun Osmanlı dövlətinə daxil olması o ali dövlətin başçılarının xatirində (əslində heç bir səbəbi olmayan) narahatlıq yaratmasa, bildirilir ki, Cənab Barinin köməyi ilə nə qədər ki, vəhhabi tayfasının işi kök salmayıb və onun çarəsini asanlıqla qılmaq çətin məsələyə dönməyib, o fəsadçılığa son qoyulmalıdır. Süleyman paşa cavabında ərz etdi ki, o bədniyyət tayfanın fəsadlı xassəsinin səbəbləri Osmanlı dövlətində hərtərəfli araşdırılmışdır. Yaxın zamanda bu yerlərdə onlardan heç əsər-əlamət də qalmayacaqdır və İran ordusunun bu işi görmək üçün zəhmət çəkməyinə bir hacət olmaz. Pak rövzənin təmiri və ziyarətgahda tələf olanların əvəzinin çıxması da bu dövlətin öhdəsindədir. İnşallah, bu yaxınlarda əməliyyata başlanılacaqdır. 

Təəssüf ki, həmin arada Süleyman paşa fani aləmdən baqi dünyaya köçdü. Bağdadın və Bəsrənin işi tam durğunluq vəziyyətinə düşdü. Osmanlı dövləti başçılarının o tayfanın məsələsinə çarə qılmaq üçün fürsəti olmadı və onların şər işləri günbəgün artdı.

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun xəzinəsi. Şifr: I-41

Əbdürrəzzaq bəy Məftun Dünbüli 

Məasiri-sultaniyyə. 1241-ci il 

Tərcümə edən: Hacı Rauf Şeyxzamanlı

Əlyazmalar İnstitutunun əməkdaşı

 

Комментарии (0)

Здесь не опубликовано еще ни одного комментария

Оставьте свой комментарий

  1. Опубликовать комментарий как Гость.
0 Значки
Вложения (0 / 3)
Поделитесь своим местоположением

Please publish modules in offcanvas position.