Bəni-İsrailə qəhətlik üz vermişdi. Həzrət Musa Peyğəmbər (ə) yağış yağması üçün dəfələrlə dua etsə də, nəticəsi olmurdu. Axırda Allah-təala ona belə vəhy etdi: «Sənin ümmətinin içində bir nəfər sözgəzdirən adam var. Nə qədər ki, o tövbə etməyib, sənin duaların qəbul olmayacaq».
Həzrət Musa (ə) həmin adamın kim olduğunu soruşdu. Allahdan vəhy gəldi: «Ey Musa, mən sizə xəbərçilik etməyi, söz gəzdirməyi qadağan etmişəm. İndi istəyirsən ki, özüm xəbərçilik edim?! Ümmətinə tapşır, qoy hamı tövbə etsin».
Musanın (ə) əmrilə Bəni-İsrailin hamısı öz günahlarından tövbə etdi. Bundan sonra Allahın onlara rəhmi gəldi və yağış yağdı.