Boşanmaq çözüm deyil...(Hekayə)

/ Суббота, 17 сентября 2016 18:39
Boşanmaq çözüm deyil...(Hekayə)

İslam.az-ın poçtuna oxucumuz Eldar İlqaroğlunun qələmə aldığı hekayə daxil olub. Hekayəni oxucularımıza təqdim edirik.

Boşanmaq çözüm deyil...

(hekayə)

6 ay olardı boşanmışdılar...

Artıq neçə müddətdir ki, mənzilinin girişində 3 yaşlı Aytacının onun qabağına qaçmasını görmürdü. Məxsusən qızını çox özləyirdi hətta onun ətrini duymaq, qucaqlayıb bağrına basmaqdan ötrü burnunun ucu göynəyirdi...

Həmişə isti olan evin, çayın, yeməyin soyuqluğu bir yana, otaqlardakı qulaqbatırıcı səssizlik onu az qalırdı ki, dəli etsin. Fikri dağılsın deyə televizorun səsini ucaltsa da heç nə eşitmirdi. Adətən gözləri televizorla yanaşı divardan asdığı ailəvi fotoşəkilərinə zillənib qalırdı. Elə gün olurdu ki, heç şam yeməyi yemədən yatır, səhər də heç nə yemədən çıxıb işə gedirdi...

Əslində boşanmağı özü istəyən Rasim bu qədər üzüləcəyini heç ağlına belə gətirməzdi. Bu qərarın nə qədər yalnış olduğunu indi-indi anlayırdı.

Axı insan sahib olduğunun dəyərini itirdikdən sonra anlayır...

O indi anlayırdı ki, Sevdayla etdikləri mübahisələr çox cılız, xırda və önəmsiz məsələlər idi, indi anlayırdı ki, “kişi qüruru” zənn etdiyi təkəbbürü ucbatından pak bir məhəbbətlə sevdiyi Sevdanı hər gün necə aşağılayırdı. Bəs evliliklərindən qabaq Sevdaya yazdığı şerlər və o şerlərə sığışdıra bilmədiyi sonsuz məhəbbət necə olmuşdu?! O böyüklükdəki məhəbbət necə yox olmuşdu ki, yeməyin duzlu və yaxud şit olması, uşağın çox ağlaması, Sevdanın telefonda rəfiqələri və anası ilə çox danışması, hətta adicə telviziya kanallarını bölüşdürə bilməmək böyük bir mübahisə və bu mənasız səbəblərə görə günlərlə küsülülüyə gətirib çıxardı? Nişanlı olduğu dönəmdə hər gün “səni sevirəm” sözünü qulağına pıçıldamaq, biri-birinin ardınca arası kəsilmədən göndərdiyi eşq mesajları evliliklərindən sonra hər keçən gün azalmağa başlamışdı. Sonda isə soyuqluq, biganəlik, hörmətsizlik və boşanmaq... dəyərdimi bütün bunlara əcaba? Yox, əlbəttə yox...

Son dəfə məhkəmədən sonra evdəki əşyalarını yığışdırmağa gəlmişdi Sevda. Son dəfə bu evdən çıxarkən geri dönüb məsum baxışlı gözlərindən axan göz yaşlarını görməmişdi sanki Rasim, əslində, görməməzliyə vurdu özünü o an. “Müvəqqətidir, keçib gedər” deyə düşünmüşdü qəddarcasına.

Heç bir həftə keçməmiş ən son ayrıldıqları anı tez-tez xatırlamağa başlamışdı. Son dəfə görməməzliyə vurduğu Sevdanın yanağından süzülən yaşlar sanki elə indicə daş qəlbinə damcılanırdı, vicdanını sızladırdı Rasimin. Ən çox da onu yandıran onun etdikləri müqabilində Sevdanın ona heç vaxt hörmətsizlik etməməsi idi. Qəribəsi də bu idi ki, o bunları indi - tək qaldığı zamanda düşünürdü. Halbuki, boşanmadan qabaq həmişə elə sanardı ki, ona hörmətsizlik olunub. Özü bu halından baş açmırdı. Türk filmlərindən birində eşitmişdi bu sözü: “Nasıl bakarsın, öylə görürsün”.

Yox, artıq belə davam edə bilməyəcəkdi... Bütün olanlardan özünü günahkar bilirdi. Bu üzdən Sevdaya zəng etməyə utanırdı. Bu dəfə SMS yazmağı qərara aldı və yazdı: “Məni bağışla, Sevda, sənə insafsızlıq etmişəm. Çox gec başa düşmüşəm səhvimi. Çox üzmüşəm səni. Bağışlamamağa haqqın var. Amma səhvlərimi düzəltməyə fürsət ver, nolar... Gəl əvvəlki həyatımıza geri dönək. Söz verirəm səni bir daha üzməyəcəyəm.”

Cavab mesajının gəlməsi çox çəkmədi: “Artıq gecdir. Səni çox gözlədim. Heç özümü demirəm, bircə dəfə qızımızın halını belə sormadın bu 6 ayda... Qızıma və mənə sahib çıxan başqa biri var həyatımızda. Bizi rahat burax. ”

Bəli əziz dostlar, heç də həmişə çözüm bildiyimiz vasitələr problemi aradan qaldırmır, daha ağır problemlərə səbəb olur.

Əksər çətinliklərin çözümü dözümdür. Necə ki, qeyd olunan mövzu barədə Ulu Yaradanımız bizə dözməyi buyurur:

“Ey iman gətirənlər! Qadınlara zorla varis çıxmaq sizə halal deyildir! (Qadınlar) açıq-aşkar pis bir iş görməyincə, özlərinə verdiyiniz şeylərin bir hissəsini geri qaytarmaq məqsədilə onlara əziyyət verməyin. Onlarla gözəl (Allahın buyurduğu kimi) rəftar edin. Əgər onları xoşlamırsızsa (dözün). Ola bilsin ki, sizin xoşlamadığınız hər hansı bir şeydə Allah (sizdən ötrü) çoxlu xeyir nəzərdə tutmuş olsun.”

(Qurani-Kərim, Nisa surəsi: 19)

Eldar İlqaroğlu

Комментарии (0)

Здесь не опубликовано еще ни одного комментария

Оставьте свой комментарий

  1. Опубликовать комментарий как Гость.
0 Значки
Вложения (0 / 3)
Поделитесь своим местоположением

Please publish modules in offcanvas position.

>