Təbəristan hazırda İran ərazisində yerləşən bir məntəqənin adıdır. Buradan çıxmış məşhur şəxslər özlərinə Təbəri və Təbərani nisbəsini (ləqəbini) götürmüşlər. Tarixdə Təbəri kimi tanınan bir neçə alim olmuşdur. Bunların ən tanınmışı Əbu Cəfər Mühəmməd ibn Cərir Təbəridir (839-923). Təbəri məşhur tarix və təfsir kitablarının müəllifidir. Onun məzhəbi barədə fikir ayrılığı vardır. Bir qism tədqiqatçılar onun şiə olduğunu iddia etsələr də, əksəriyyətin fikrincə Təbəri əhli-sünnə məzhəbinə etiqad etmişdir. Onun ənənəvi əhli-sünnə məzhəbi olan şafiiliyə mənsub olması yaxud Cəririyyə adlı yeni məzhəb yaratması da ixtilaflı məsələdir.
Adı, atasının adı və künyəsi onunla eyni olan başqa bir Təbəri ləqəbli alim də miladi IX-X əsrlərdə yaşamışdır. Şiə məzhəbindən olan bu alim “əl-Müstərşid” adlı kitabın müəllifidir. Bəzi tədqiqatçılar “Dəlail əl-imamə” adlı daha bir kitabı da ona mənsub edirlər. Amma bəzi alimlərin fikirncə, bu əsəri miladi X-XI əsrlərdə yaşamış Təbəri ləqəbli daha başqa bir şiə alimi qələmə almışdır.
Nəhayət, miladi XII əsrdə yaşamış İmadəddin Təbəri adlı alim də şiə əqidəsinə inanmışdır, onun “Kamili Bəhai” kitabı çox məşhurdur.