Dənizdə necə qüsl almaq olar?

Qüsl almağın iki məşhur qaydası vardır. Biri tərtibi, o birisi isə irtimasi qüsl adlanır. Tərtibi qüsl bədəni müəyyən ardıcıllıqla yumaq vasitəsilə edilir. Belə ki, əvvəlcə baş və boyun, sonra bədənin sağ yarısı, daha sonra da sol yarısı yuyulur. Bu cür qüslü adətən krantın altında və ya suyu bədənə tökmək yolu ilə yerinə yetirirlər.
Dəniz, çay, dərin hövuz kimi iri su məkanlarında isə irtimasi qüsl almaq da olar. Bunun üçün əvvəlcə suyun bədəni islatmasına mane olan bütün maneələr aradan qaldırılır: paltarı soyunur, üzük və s. zinət əşyalarını çıxarır, bədəndəki rəng, yapışqan və s. kimi ləkələr təmizləyirlər. Suyun insan boyuna yaxın dərinliyinə gedilir. Sonra insan irtimasi qüsl niyyəti edərək tamamilə suyun içinə dalır. Belə ki, bir an içində bütün bədəninə suyun yetişməsini təmin edir. Hətta ayaqlarının altına da su çatsın deyə, dənizin (çayın, hovuzun) dibindən təkan verib aralanır. Yaxşı olar ki, bu zaman əllərini və ayaqlarını, barmaqlarını da aralı tutsun ki, bunların arası da islansın. Məqsəd odur ki, bir an içində bütün bədən su ilə tam əhatə olunsun, suyun yetmədiyi heç bir bədən üzvü qalmasın. Bunu edərsə, irtimasi qüsl tamamlanmış olur. İrtimasi qüslün daha bir növü var, amma yuxarıda qeyd edilən qayda daha asan və geniş yayılmışdır.






