İslam tarixiMəqalələr

Müsəlmanlarda hərbi təlim-tərbiyə sistemi

İslama qədərki dövr. Bədəvilər nəyi və necə öyrənirdilər

(Birinci hissə)

İslama qədərki dövr. Bədəvilər nəyi və necə öyrənirdilər

Ərəbistanın döyüşçü bədəvilərini həqiqi savaş vəziyyətinə hazırlayan, onların döyüş və yaşama qabiliyyətini yüksəldən, insan orqanizminin müdafiə funksiyalarını stimullaşdıran təlim məktəbi Həzrət Mühəmməd Peyğəmbərin (s) tarix səhnəsində görünməsindən xeyli əvvəl təşəkkül tapmışdı. Ərəbistan yarımadasının sərt iqlimi yaşamaq uğrunda mübarizə problemini köçərilər qarşısında ciddi şəkildə qoyurdu. Bir varlıq növü kimi öz mövcudluğunu qorumaq üçün belə bir şəraitdə insanın xüsusi intellektual səviyyəyə malik olması və şüurunu yüksək səviyyədə işə salması tələb edilmirdi.

Bədəvi ərəb düşmənlərin əhatəsində yaşayırdı, buna görə də təhlükə qarısında onun məhz hansı addımı atmağa (hücum etmək, qaçmaq yoxsa gizlənmək) qərar verməsi o qədər də mühüm deyildi.

Mühüm olan bu idi ki, o, bu və ya digər qərarı nə qədər tez verməyə müvəffəq olacaq. Hansı qərarı vermək barədə həddən artıq çox düşünən şəxs yəqin ki, sağ qala bilmir, bununla da öz bacarıqsızlığını gələcək nəsillərə ötürmürdü. Qərar seçimində sürətli və şüuraltı (nəinki şüurlu) davranma qabiliyyəti bədəvinin düşüncəsində dərin kök salmışdı və ümumilikdə onun yaşamaq imkanını şərtləndirirdi. Köçəri ərəbin həyatı özünü vəhşi heyvanlardan qorumaqdan, ovçuluq və heyvandarlıqdan, qonşu qəbilələrdən özünü müdafiə etməkdən ibarət idi. Bu problemləri həll edə bilmək üçün o, öz biliyini nəsildən-nəsilə ötürməli idi. Bilikləri ötürmək isə xüsusi pedaqoji təcrübə olmadan mümkün deyil…

Təlim-tərbiyənin əsas vəzifəsi qəbilə üzvlərinə köçəri təsərrüfatı idarə etmək və döyüşmək üçün vacib olan mənəvi-etik normaları aşılamaq üzərində qurulmuşdu. Mənəvi dəyərlər məcəlləsinin iki əsas qanunu var idi: qonaqpərvərlik və qan davası qanunları.

Tərbiyənin qarşısında duran məqsədlərə çatmağın yolu yalnız böyüməkdə olan nəsli keçmiş nəsillər tərəfindən yaradılmış mədəniyyətə qovuşdurmaqdan və qazanılmış müəyyən ictimai təcrübəni onlara ötürməkdən keçirdi. Tərbiyə prosesi gedişində insan özünün bütöv olanla (qəbilə, nəsil) birgəyaşayış xarakterini dəyərləndirir və bu baxımdan özündə müəyyən normalar formalaşdırırdı. İnsan psixikasının bünövrəsini təşkil edən ziddiyyətlərdən qaçmaq, vəhdəti qorumaq duyğusu Ərəbistanın o zamankı köçəri həyatında mühüm əhəmiyyət kəsb edirdi…
Tərbiyə vasitəsi kimi ünsiyyətin bütün növlərini özündə ehtiva edən dildən, müxtəlif həyat hadisələrində yerinə yetirilən, davranışın mühüm sosial stereotiplərini ifadə edən ayinlərdən, təbiət və cəmiyyət barədə təsəvvürlərin məcmusu olan folklordan geniş istifadə edilirdi.

Tərbiyə gedişində bəzi pedaqoji metodlar işlənib-hazırlanmışdı, bunların içində tərbiyə edilən gəncin hərəkətlərinin təqdir və ya məzəmmət edilməsi mühüm yer tuturdu.

Fəaliyyət bölgü əsasında həyata keçirilir, ayrı-ayrı tapşırıqlar verilirdi. Tərbiyəçilər gəncləri kollektiv ayinlərə cəlb edirdilər, təlqin metodundan geniş istifadə olunurdu.

Mənbələrin verdiyi məlumata görə, İslama qədərki Ərəbistanda döyüşçülərin təlim-tərbiyəsi iki formada həyata keçirilirdi: səhranın dərinliklərində (“dəvə belindəki məktəblərdə”) və şəhərlərdə. İslamdan əvvəl bədəvilər arasında məskunlaşmış həyat tərzinə – dövlətçiliyə müəyyən meyillər hiss olunurdu, o zamankı ərəb şəhərləri buna sübutdur. Lakin ərəblər arasında qəbilə bağlılığına əsaslanan köçəri həyat tərzi üstünlük təşkil edirdi. “Dəvə belindəki məktəblər”də (səhrada) aparılan təlim-tərbiyə nəticəsində döyüşçülərin bacarığı inkişaf etdirilirdi; təlimin bu səviyyəsi bədəviləri tam qane edirdi. Gənclərə at minmək, qılınc vurmaq, nizə və xəncərlə döyüçmək, ox atmaq öyrədilir, öz qəbiləsini qorumaq və qonşu qəbilələrə yürüşlər təşkil etmək təlimi verilirdi. Şəhərlərdə isə təlim-tərbiyə prosesi həm də maarifləndirmə funksiyası daşıyırdı. Şəhər qarnizonunun döyüşçülərinə və müdafiəçilərə (indiki dillə desək, şəhər polisinə) oxuyub-yazmağı, riyaziyyatı (yəni hesabı; həndəsə tədris fənlərinə aid deyildi), musiqini, poeziyanı (şeir qoşmağı), bununla yanaşı qılınc, ox, nizə və xəncərlə döyüşməyi, şəhər müdafiəsi üçün nəzərdə tutulan texniki vasitələrdən (döyüş maşinlarından) istifadəni, gözətçilik xidməti və şəhər müdafiəsi metodlarını öyrədirdilər.

Həzrət Mühəmməd Peyğəmbər (s) yeni dini dünyagörüşünü işləyib-hazırlayarkən ərəblərin milli xarakterinin əsas cizgilərindən bacarıqla istifadə etdi. Bu xüsusiyyətlər dosıtluqda və sevgidə fədakarlıq, əhdə vəfa, bütün xarici düşmənlərlə mübarizədə cəsurluq (səhrada hər cür məhrumiyyətlə dolu bədəvi həyat tərzi əsasında tərbiyə almaq), hünərpərvər addımlara olan hərislik (davamlı daxili müharibələr bunu tələb edirdi) və sairədən ibarət idi. Ərəb milli xarakterinin bu müsbət cəhətləri onda subyektiv, şəxsi xüsusyyətlərin üstünlük təşkil etdiyini göstərir. Sadalanan müsbət cəhətlərlə yanaşı ərəb kimliyinin bəzi mənfi çalarları da vardı: obyektiv həqiqətə biganəlik, dalaşqanlıq və inadcıllıq.

(“Şərqin hərbi-mənəvi ordenləri” kitabından ixtisarla tərcümə edilmişdir)

(İkinci hissə)

Həzrət Mühəmməd (s) sadə bir həqiqəti gözəl şəkildə dərk edirdi: Ərəbistanın köçəri qəbilələrini öz ətrafında birləşdirmək üçün insan həyatının ən mühüm, taleyüklü məsələlərinin həllini özündə ehtiva edən dünyagörüşü, qayda və təlimlər sistemini yaratmaq lazımdır. Özü də bu taleyüklü məsələləri həll edə bilən sistem elə olmalı idi ki, onunla hər bir bədəvi ərəb (sosial mənsubiyyətindən və məşğuliyyətindən asılı olmayaraq) razılaşsın və onu özününkü bilsin…

Həyat təcrübəsi bunu göstərirdi ki, uğurun böyük hissəsi Qurani-Kərimin göstərişlərini düzgün şəkildə anlamaqdan asılıdır, düzgün anlama isə pedaqoji təcrübəsiz mümkün deyil. Bunun üçün təlim-tərbiyə sisteminə ehtiyac vardı, Mühəmməd (s) də məhz bu məsələ ilə məşğul olmağa başladı.

O, təlim-tərbiyənin ümumi məqsədini işləyib-hazırladı. Təlim-tərbiyənin əsas məqsədi – geniş əhali arasında İslam dinini yaymaqdan ibarətdir. Daha dar mənada məqsəd isə şüur və təhtəlşüur səviyyəsində möhkəmlənmiş müsəlman əsgərinin mənəvi-etik qaydalarını yaratmaq idi.

Təlimin hədəfi bundan ibarət idi ki, döyüşçüyə uzunmüddətli yaddaş bazasında möhkəmlənmiş nəzəri və praktiki davranışlar (bilik, bacarıq və təlimlər) aşılansın.

Hərbi təlim-tərbiyə gedişində həm sülh, həm də müharibə dövründə uşaq və yeniyetmələrlə, qəbilənin yetkin üzvləri ilə iş aparılırdı. Onlara İslam dininin özəyini təşkil edən əxlaqi dəyərlər və biliklər öyrədilirdi, bunların köməyi ilə fərd (müsəlman) ilə ümmət (müsəlman cəmiyyəti) arasında vəhdət yaradılırdı və bütün bunlar Allaha doğru yönəlmə (mənəvi təkamül) fonunda inkişaf etdirilirdi.

Hər bir müsəlmanın həyatının qayəsi və döyüşçü kimi tərbiyəsinin başlıca məqsədi – sözə baxmaq, itaət, Allahın iradəsinə təslimçilik (“İslam” sözünün mənası), Allahın vacib buyurduğu və hər bir möminin vəzifəsi olan dini ibadətləri və sair göstərişləri yerinə yetirmək idi. Quran ayələrinin düzgün anlaşılması həyatdan məmnunluq duyğusunu təmin etməli idi.

İslamaqədərki dövrdə ərəb döyüşçülərinin təlim-tərbiyə məktəbi əsasən inkişafetdirici və tərbiyəedici müəssisə rolunu oynayırdı və hərbi hazırlığın əsas tələblərinə tam cavab verirdi. Maarifləndirici aspekt yalnız şəhər mühitindəki təlimlərdə mövcud idi. İslamın gəlişi ilə döyüşçü hazırlığı prosesi yuxarıda göstərilən inkişafetdirici və tərbiyəedici xüsusiyyətlərlə yanaşı, ciddi şəkildə maarifləndirmə funksiyasını və psixoloji hazırlıq aspektini də qazandı. Həzrət Mühəmməd (ə) bundan əvvəl yaradılmış təlim-tərbiyə formalarını yeniləməyə və təkmilləşdirməyə başladı.

Məlum olduğu kimi, din universal psixoloji hazırlıq mexanizmidir və insana çoxtərəfli təsir edir

Bir tərəfdən din insanın dünyagörüşündəki ziddiyyətləri aradan qaldırmağa qadirdir, digər tərəfdən insanı həmfikirlərin ziddiyyətdən uzaq olan cəmiyyətinə daxil edir, eləcə də insanın şüuraltısına yönələn, onu sağlamlaşdıran çox güclü, səmərəli mexanizmə malikdir. Din həmçinin, digər üsullarla aradan qaldırıla bilməyən həlledilməz ziddiyyətlərin (həyat-ölüm qarşıdurması kimi) aradan götürülməsi üçün yeganə səmərəli mexanizmdir; Quran ayələrində buna rast gəlmək mümkündür…

VII əsrin ikinci yarısından etibarən məktəblər təkcə şəhərlərdə deyil, müsəlman dünyasının iri kəndlərində də mövcud idi. Xilafət əhalisinin mühüm hissəsi savadlı idi (o zamankı xristian dünyasının əksər sakinlərindən fərqli olaraq). Təhsilin bütün mərhələlərində hərbi təlim-tərbiyə zəruri sayılırdı. Bu, zamanın tələbi idi; hər bir müsəlmana Allahın döyüşçüsü, öz qılıncı ilə yalnız həqiqi dini qorumaq deyil, onu bütün dünyaya yaymaq vəzifəsini daşıyan İslamın müdafiəçisi kimi baxılırdı.

İslam dünyasında psixo-fizioloji özünütənzimləmənin metodiki sisteminin formalaşması prosesi gedirdi.

Bunun əsasını isə ruhla bədənin harmoniya içində inkişafının praktiki aspektləri dururdu: şüurun tənzimlənməsi, tənəffüsün tənzimlənməsi və bədənin tənzimlənməsi. Bu praktikanın özülünü psixoloji köklənmə, müəyyən səslərin tələffüzü (bir qayda olaraq, bura dualar, zikrlər aid idi) təşkil edirdi ki, onları da fiziki döyüş təmrinləri müşayiət edirdi. Hərəkətlər düzgün şəkildə yerinə yetirildiyi təqdirdə şüurda müəyyən simvollar sistemi yaranır. Bu simvollar sistemi müsəlmanların qalxanlarında və digər hərbi təchizat nümunələrində təsvir edilirdi. Bütün bu əşyaların üzərində əyani metodik vəsait təsiri bağışlayan açar obrazları görmək olar.

Səs-hərəkət-tənəffüs-simvol anlayışlarının harmoniyası orqamizmin ritmini Yer kürəsinin sutkalıq ritminə uyğunlaşdırmağa qadir idi. Bu da sağlamlığı gücləndirir, iş qabiliyyətini və dözümlülüyü artırır, insanın əqli imkanlarını səfərbər edir, onun müxtəlif növ stres hallarına tez uyğunlaşmasını təmin edir. Təlim gedişində fərdi tərbiyə prosesinə üstünlük verilirdi.

Hərbi gimnastika mühüm yerə malik idi, hər bir hərəkətə mənayüklü simvol və müəyyən səs nizamı – dua uyğun gəlirdi. Döyüş hazırlığı hərəkətlərinin ifası zamanı düzgün ritmə riayət etməyi öyrənmək vacib idi. Müsəlmanların hərbi təlimində mühüm məfhumlardan biri də döyüş ritmi sayılırdı. Məşhur müsəlman alim Əbdülhəmid (Xamid) özsünün “Uğurlu ovun qaydaları” kitabında bu məsələlərə toxunmuşdur.

(“Şərqin hərbi-mənəvi ordenləri” kitabından ixtisarla tərcümə edilmişdir)

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button