Hicri 9-cu (miladi 630-cu) ildə İslam dini ilə açıq mübarizə aparmağın faydasızlığını anlayan münafiqlər qərara gəldilər ki, Mədinədə ikitirəlik yaratsınlar. Bu işdə onlara Əbu Amir adlı bir nəfər başçılıq edirdi. Əbu Amir müsəlmanların qorxusundan əvvəlcə Taifə, oradan Şama qaçmışdı. O, münafiqlərə xəbər göndərdi ki, məscid adı altında özləri üçün qərargah və təbliğat mərkəzi tiksinlər, ora yığışıb İslam əleyhinə yeni planlar qursunlar.
Mədinə münafiqləri Peyğəmbərdən icazə istədilər ki, Mədinənin girəcəyində yeni bir məscid tiksinlər. Peyğəmbər Təbuk səfərinə hazırlaşırdı, cavabı qayıtdıqdan sonra verəcəyini söylədi.
Lakin münafiqlər bu sözü qulaqardına vurub qısa müddət ərzində istədikləri məscidi tikdilər. Peyğəmbər Təbuk səfərindən qayıt¬dıqdan sonra isə Ondan xahiş etdilər ki, yeni məscidi ziyarət edib orada namaz qılsın. Bu zaman Allah-Taala “Tövbə” surəsinin 107-108-ci ayələrini göndərdi. Həmin ayələrdə məscid “zirar məscidi” (yəni zərərli, zə¬rər verən məscid) adlanırdı. Peyğəmbər dərhal müsəlmanlara əmr verdi ki, oranı uçurub yerlə-yeksan etsinlər. Zirar məscidini dağıdıb yandırdılar və onun yeri zibilliyə çevrildi.
Şərhlər