İslamın əsaslarıMəqalələr

“Möcüzə yaradan dua” – İSMİ-ƏZƏM

Dini mənbələrdən məlum olur ki, Allahın adlarından biri bütün adlar içindən seçilmiş və üstündür.

Dini mənbələrdən məlum olur ki, Allahın adlarından biri bütün adlar içindən seçilmiş və üstündür. Onun xüsusiyyətləri haqqında məlum olan budur ki, həmin ad Allahın bütün zatını, bütün sifətlərini özündə ehtiva edir. Həm də bu, Allahın ən çox sevdiyi və çağrılmaq istədiyi addır. Allahın bu adına “ismi-əzəm”, yəni ən böyük, ən əzəmətli ad deyirlər.

İsmi-əzəm elə bir addır ki, onu söyləyən və Allahı bu ada and verən şəxsin duası mütləq qəbul olar. Bu adı söyləməklə ən qeyri-mümkün işləri etmək, ən qəribə möcüzələri törətmək mümkündür. İstər keçmiş peyğəmbərlərin, istərsə də övliyaların həyatında bu barədə xeyli nümunələr vardır. Hətta Şərq ölkələri nağıllarında da mözücə göstərməyə imkan verən “ismi-əzəm dua”sı haqda xeyli rəvayət var.

İSMİ-ƏZƏM VARMI, YOXMU?

Əlbəttə, filosof və mütəfəkkirlərin heç də hamısı ismi-əzəmin mövcudluğunu qəbul etməmişlər. Fəxr Razi öz təfsirində bu mövzuya aydınlıq gətirərək yazır ki, ad (ism) adlandırılanı (müsəmmanı) ifadə etməli, tanıtdırmalıdır. Allahın zatını olduğu kimi anlamaq insana müyəssər olan bir iş deyil. Buna görə də Ona həqiqətini (zatını) tam əhatə edən bir ad qoymaq qeyri-mümkündür. Amma bu məlumatların sonunda müəllif ismi-əzəmin mövcudluğuna dair sübutların daha tutarlı olduğunu bildirir. Ismi-əzəmin mövcudluğuna inanmayan və Allahın adlarından birini daha üstün saymağın əleyhinə olanların sırasında Cüneyd Bağdadi, İbn Hibban, İbn Cərir Təbəri, Baqillani, Əşəri kimi böyük şəxsiyyətlərin adı çəkilir.

Hədislərdən məlum olduğu kimi, ismi-əzəm bəzi din müqəddəslərinə məlum idi. İmam Cəfər Sadiq (ə) buyurub ki, ismi-əzəm 73 hərfdən ibarətdir. Allah bu hərflərin 25-ni Həzrət Adəmə (ə), 25-ni Həzrət Nuha (ə), 8-ni Həzrət İbrahimə (ə), 4-nü Həzrət Musaya (ə), 2-ni isə Həzrət İsaya (ə) öyrətmişdi. Həzrət İsa Peyğəmbər (ə) bu iki hərfin köməyi ilə ölüləri dirildir və bərəs (xora) xəstəliyinə tutulandarı sağaldırdı. Həzrət Mühəmməd Peyğəmbərə (s) isə hərflərin 72-si öyrədilmişdi. Allah hərflərin birini gizli saxlayıb ki, özü bəndələrin mahiyyətini tam bilsin, amma bəndələr Onun mahiyyətini tam anlamasınlar (Biharül-ənvar, XI, 68).
Mühəddis Cəzairi bu hədisə aydınlıq gətirərək yazır ki, Həzrət İbrahimə (ə) Həzrət Adəmdən (ə) və Nuhdan (ə) az hərf öyrədilməsinin səbəbi Onun o birilərdən əskik olması mənasını vermir. Az hərf alan da, çox hərf alan da – bunların hamısı ülul-əzm peyğəmbərlərdir. Lakin ismi-əzəmin hərflərinin hamısı eyni deyil, bunların bəziləri o birilərdən daha üstündür, daha əhatəlidir.

İSMİ-ƏZƏMİ BİLƏN ADAM CİNLƏRDƏN DƏ GÜCLÜDÜR

İsmi-əzəmin mövcudluğu barədə Qurani-kərimin bəzi ayələrini sübut kimi gətirirlər. Əlbəttə, bu ayələrin heç birində ismi-əzəm haqqında açıq-aşkar danışılmır və onun adı çəkilmir, təfsirlərdə ayənin ismi-əzəmə işarə etdiyi bildirilir. Məsələn, Həzrət Süleyman Peyğəmbər (ə) Səba məlikəsi Bilqeysin taxtını gətizdirmək istəyəndə, Onun yanındakılardan biri (bunun vəzir Asəf ibn Bərxiya olduğunu yazırlar) demişdi ki, bu işi bir göz qırpımında edə bilər: “Kitabdan (Allahın kitabından, yaxud lövhi-məhfuzdan) bir qədər xəbəri olan birisi dedi: “Mən onu sənə bir göz qırpımında gətirərəm” (Nəml, 40).

Təfsirlərdə yazılıb ki, Asəf bu işi ismi-əzəmin köməyi ilə etmişdi. Burada diqqəti çəkən məsələ budur ki, Asəf ibn Bərxiya ismi-əzəmi bildiyi üçün hətta cinlərdən də güclü idi. Çünki bundan əvvəlki ayələrdə deyildiyi kimi, Həzrət Süleyman (ə) Bilqeysin taxtını kimin gətirə biləcəyini öz hüzurundakı cinlərdən, heyvanlardan və insanlardan soruşanda (o həzrət bunların hamısının dilini bilirdi və bunlar üzərində hakim idi), “cinlərdən olan bir ifrit dedi: “Sən yerindən (taxtından) qalxmamış mən onu sənə gətirərəm. Mən bu işi görməyə çox qüvvətliyəm, etibarlıyam!” (Nəml, 39). Lakin Asəf bundan da qısa vaxt ərzində – bir göz qırpımında bunu edə biləcəyini söylədi.

Hədislər də bunu təsdiq edir ki, Asəf ibn Bərxiya ismi-əzəmin 73 hərfindən birini bilirmiş. İmam Əli Nəqi buna əlavə olaraq buyurub ki, ismi-əzəmin 72 hərfi Əhli-beyt imamlarına məlumdur, bir hərf isə Allahın qeyb elminə aiddir (Nurüs-səqəleyn təfsiri, IV, 90).

İSMİ-ƏZƏM PİS ADAMIN ƏLİNDƏ GÜCLÜ SİLAHDIR

Rəvayətlərdə deyilir ki, Həzrət Musa Peyğəmbərin (ə) müasiri olmuş Bələm ibn Baura adlı abid də ismi-əzəmi bilirmiş. Buna görə də Bələmin bütün duaları müstəcab olurdu. İsmi-əzəmin köməyi ilə o, kəramətlər göstərirdi. Tövhid mövzusunda Bələm çoxlu kitab yazmışdı, hətta 200 nəfər katib həmişə onu müşayiət edir və dediklərini qələmə alırdı.

Hətta Həzrət Musa (ə) Bəni-İsrail qövmü ilə birlikdə Bələmin yaşadığı torpaqları fəth etməyə gələndə, o yerin camaatı Bələmə yalvardı ki, öz gücündən istifadə edib Musanın (ə) qabağını alsın. Əvvəlcə Bələm etiraz etdi. Söylədi ki, Musa (ə) peyğəmbərdir, Ona itaət etmək lazımdır, Onunla mübarizə aparmaq mənasızdır; çünki Onun yardımçısı Allahdır.

Amma camaat yalvarıb-yaxarmaqda davam edirdi. Onlar hətta qiymətli hədiyyələrlə Bələmin arvadını da öz tərəflərinə çəkməyə nail oldular. Arvadı Bələmi dilə tutub, Musaya (ə) qarşı tədbir görməyə çağırırdı. Bir yandan arvadının yalvarışları, bir yandan da qapısına gələnlərin xahişi Bələmi öz fikrindən döndərdi.
Bələm Həzrət Musaya (ə) qarşı dua etmək üçün səhraya getdi. Deyirlər ki, bu dua elə güclü idi ki, Həzrət Musanın (ə) qövmü 40 gün Bələmin yaşadığı torpaqlara yol tapa bilmədilər. Onlar bütün günü yol gedir, amma axırda yenə əvvəlki nöqtəyə qayıdırdılar. Axırda Musa Peyğəmbər (ə) bunun səbəbini bilmək üçün Allaha yalvardı və Allah Ona vəhy etdi ki, bəndələrindən biri ismi-əzəm vasitəsilə bu işi edir. Musa (ə) Allaha dua etdi ki, Bələmin şərrini onlardan uzaqlaşdırsın. Allah Bələmin hafizəsindəm ismi-əzəmi sildi. Artıq Bələmin heç bir duası müstəcab olmadı. Kəramətini itirmiş Bələm Allaha asi oldu və küfrə düşdü, beləliklə neçə illik ibadətini də zay etdi. Onun adı öz yolunu azmış din xadiminin nümunəsi kimi bu gün də çəkilməkdədir.
Quranda Bələmin adı verilməsə də, bu əhvalata üstüörtülü şəkildə işarə edilib (Əraf, 175-176). Həmin ayələrdəki ”ayələrimizi verdiyimiz kimsə“ ifadəsi ismi-əzəmdən xəbərdar olan Bələm ibn Baura haqqındadır.

İSMİ-ƏZƏM HANSIDIR?

İsmi-əzəmin konkret nədən ibarət olduğu barədə məlumatlar çox fərqli və rəngarəngdir. İslam müqəddəslərindən rəvayət edilən onlarla hədisdə bu və ya digər adın, ifadənin, hətta ayə və duanın ismi-əzəm olduğu bildirilib. Məsələn, İmam Cəfər Sadiqin (ə) belə buyurduğunu rəvayət edirlər: “Bsmillahir-Rəhmanir-Rəhim Allahın ən böyük (əkbər) və ya ən əzəmətli (əzəm) adıdır”. Başqa bir rəvayətə görə, İmam Sadiq (ə) ismi-əzəmin ümmül-kitabın (yəni Fatihə surəsinin) içində parçalanmış, bölünmüş halda mövcud olduğunu buyurub. Yenə İmam Sadiqin (ə) öz səhabəsinə belə buyurduğunu yazırlar: “İstəyirsənmi sənə Allahın ismi-əzəmini öyrədim? Əlhəmdu lillah (Fatihə), Qül hüvəllah (Ixlas) surələrini, ayətül-kürsini, İnna ənzəlnah (Qədr) surəsini oxu, sonra üzü qibləyə sarı durub istədiyin şey barədə dua et”. Yeri gəlmişkən, bəzi hədislərdə deyilir ki, Bismillahir-Rəhamanir-Rəhim ayəsinin ismi-əzəmə yaxınlığı gözün qarasının (bəbəyinin) ağına yaxınlığından da artıqdır (Biharül-ənvar, XCIII, 223-224).

İmam Rza (ə) “ya həyyü ya qəyyum” (ey diri və ey sabit, hər şeyin Ona dayaqlandığı – Allaha işarədir) zikrinin ismi-əzəm olduğunu buyurmuşdur.

Yenə İmam Rza (ə) buyurub ki, sübh namazından sonra aşağıdakı zikri 100 dəfə söyləməyin ismi-əzəmə yaxınlığı gözün qarasının ağına yaxınlığından daha çoxdur: “Bismillahir-Rəhmanir-Rəhim. La hövlə və la qüvvətə illa billahil-əliyyil-əzim” (Rəhman və Rəhim Allahın adı ilə. Uca və əzəmətli Allahdan savayı heç kimdə qüvvət və qüdrət yoxdur).

Bədiüz-zaman Nursi yazır ki, Həzrət Əli (ə) əsmaül-hüsnadan “Fərd, Həyy, Qəyyum, Həkəm, Ədl, Qüddus” adlarını, İmam Əbu Hənifə “Həkəm, Ədl” adlarını, məşhur sufi, “qövsi-əzəm” ləqəbli Əbdülqadir Gilani “Həyy” adını, İmam Rəbbani isə “Qəyyum” adını ismi-əzəm sayırdılar. Bu mövqedən çıxış edən Nursi belə bir fikrə gəlir ki, hər kəsin irfan yolundakı məqamına uyğun olaraq, ismi-əzəm də fərqli olur. Çünki Allahın hər hansı adı o zaman insan üçün ismi-əzəmə dönür və ona fövqəl-adə qüvvə bəxş edir ki, insan həmin adın mənasının dərinliyinə tam varmış olsun, öz ruhu ilə o adı yaşaya bilsin, yəni o adın məzhərinə (zühur yerinə) çevrilsin. Yalnız bu zaman o ad həmin adamın dilində qeyri-adi xüsusiyyətlərə malik ola bilər.

Məşhur səhabə, Peyğəmbərin əmisi oğlu Abdullah ibn Abbas deyirdi ki, ismi-əzəm Həşr surəsinin axırıncı 6 ayəsindədir.

Əsma bint Zeyd adlı səhabə qadın isə Peyğəmbərin Ali-İmran surəsindən 26-sı və 27-ci ayələri ismi-əzəm saydığını rəvayət edirdi.

Ənəs ibn Malik deyir ki, bir gün Peyğəmbər Əbu Əyyaş Zeyd ibn Samit adlı şəxsin belə dua etdiyini eşidir: “Allahümmə inni əsəlükə bi-ənnə ləkəl-həmd. La ilahə illa ənt. Ya mənnan ya bədiəs-səmavati vəl-ərz. Ya zəl-cəlali vəl-ikram” (Allahım, səndən öz istəyimi istəyirəm. Çünki həmd Sənə məxsusdur. Səndən başqa ilah yoxdur. Ey bəndələrinə çox ehsan edən, ey göyləri və yeri yaradan, ey cəlal və kərəm sahibi). Peyğəmbər bu duanı eşidəndə səhabələrinə buyurur: “Bilirsinizmi, bu kişi Allaha nə dua edirdi? O, Allahı ismi-əzəmlə çağırırdı. Bu adı söyləyənin duası müstəcab olar, istədiyi verilər” (Biharül-ənvar, XCIII, 224). Eyni duaya sonuna “ya həyyü ya qəyyum” sözlərini əlavə etmək şərti ilə əhli-sünnə mənbələrində də rast gəlirik (bax: Sünənü Əbu Davud, 1495-ci hədis; Sünənün-Nəsai, 1301-ci hədis. Bir qədər fərqli variantı üçün bax: Sünənüt-Tirmizi, 3538-ci hədis).

Məşhur alim İbn Kəsir yuxarıda adı çəkilən səhabə qadın Əsma bint Zeydə istinadən yazırdı ki, Peyğəmbər ismi-əzəmin aşağıdakı ayələrdən ibarət olduğunu buyurmuşdur: Bəqərə surəsinin 163-cü ayəsi və Ali-Imran surəsinin 1-2-ci ayələri (İbn Kəsir təfsiri, I, 474).

Əbu İmamə adlı səhabə Peyğəmbərdən rəvayət edirdi ki, ismi-əzəm Bəqərə, Ali-İmran və Ta-Ha surələrindən birindədir. Əbu İmamə bu hədisə aydınlıq gətirərək deyirdi ki, konkret olaraq Bəqərə surəsindən ayətül-kürsidə, Ali-İmran surəsindən 1-2-ci ayələrdə, Ta-Ha surəsindən isə 111-ci ayədə ismi-əzəmin olması ehtimal edilir.
Həzrət Peyğəmbərin öz xanımları Aişəyə və Ümmi-Sələməyə ismi-əzəmi öyrətməsi barədə hədislər vardır ki, bunlarda ismi-əzəmin təxmini mətni də verilib.
Hicri I əsrdə yaşamış məşhur müsəlman alimi Əta ibn Əsləm inanırdı ki, ismi-əzəm bu sözlərin içindədir: “Bismillahir-Rəhmanir-Rəhim. Ya Allah, ya Allah, ya Allah. Ya Rəhman, ya Rəhman. Ya Nur, ya Nur. Ya zət-tuli ya zəl-cəlali vəl-ikram”.

Böyük övliyalar və Allah dostları da ismi-əzəmə vaqif idilər. Məsələn, Əbdülqadir Gilaninin bu yolla ölünü diriltdiyini, bişirilib yeyilmiş bir toyuğu həyata qaytardığını yazırlar.

İMAMLAR DA İSMİ-ƏZƏMİ BİLİRDİLƏR

Mənbələrdə İmam Əlinin (ə), İmam Zeynül-abidinin (ə) və İmam Kazimin (ə) də ismi-əzəmi bilmələri və bu adla dua etmələri xəbər verilir. Xüsusilə, İmam Zeynül-abidinin (ə) ismi-əzəmi hansı yolla öyrənməsi barədə rəvayət çox maraqlıdır. O həzrət buyurub ki, il ərzində hər namazdan sonra Allaha dua etdim ki, mənə ismi-əzəmi öyrətsin. Bir gün sübh namazını qılandan sonra məni mürgü tutdu. Yuxuda bir nəfərin mənə belə dediyini eşitdim: “Duan müstəcab oldu. Belə de: “Allahümmə inni əsəlükə bismik. Allahü Allahü Allahü Allahü Allah. Əlləzi la ilahə illa hüvə rəbbül-ərşül-əzim”. (Allahım, adının xatirinə Səndən istəyirəm. Allah, Allah, Allah, Allah, Allah. Ondan başqa ilah yoxdur və o, böyük ərşin rəbbidir). İmam buyurub ki, bu dua ilə Allahdan hər nə istəmişəmsə, mənə verib (Biharül-ənvar, XCIII, 226).

Başqa bir rəvayətdə İmam Zeynül-abidin (ə) yuxuda ikən Həzrət Mühəmməd Peyğəmbərdən (s) öyrəndiyi ismi-əzəmi belə bəyan edib: “Ya Allah ya Allah ya Allah. Vəhdəkə la şərikə lək. Əntəl-mənnan, bədiüs-səmavati vəl-ərz, zül-cəlali vəl-ikram və zül-əsmail-üzzam. Və zül-izzil-ləzi la yəram. Və ilahüküm ilahün vahidün la ilahə illa hüvər-Rəhmanür-Rəhim. Və səlləllahü əla Mühəmmədin və alihi əcməin”. (Ey Allah, ey Allah, ey Allah. Sən vahidsən və şərikin yoxdur. Sən öz bəndələrinə çox mehribansan, göyləri və yeri yaradansan, cəlal və kərəm sahibisən, əzəmətli adlara maliksən. Sən məhv olmayan izzət sahibisən. Sizin tanrınız vahid, özündən başqa tanrı olmayan, Rəhman və Rəhim olan ilahdır. Mühəmmədə və Onun bütün nəslinə Allahın salavatı olsun). Rəvayətin sonunda deyilir ki, İmam Zeynül-abidin (ə), Onun oğlu Zeyd, onun oğlu İsa və onun da oğlu Əhməd bu dua vasitəsilə bütün istəklərin həyata keçdiyini öz təcrübələri ilə müşahidə edibmişlər (yux. mənbə, səh. 226-227).

İmam Əli (ə) ismi-əzəmlə Allahdan istək diləyənlərə tövsiyə edirdi ki, Hədid surəsinin 1-cidən 6-cıya kimi ayələrini və Həşr surəsinin 21-cidən 24-cüyə kimi ayələrini oxuyub, əllərini səmaya qaldırmış halda desinlər: “Ya mən hüvə hakəza. Əsəlükə bi-həqqi hazihil-əsma ən tüsəlliyə əla Mühəmmədin və ali Mühəmməd”. (Ey bu cür (yəni bu ayələrdə deyilən kimi) olan Allah! Bu adların xatirinə Səndən diləyirəm ki, öz salavatını Mühəmmədə və nəslinə ünvanlayasan).

Deyilənlərə görə, İmam Əli (ə) ismi-əzəmin köməyi ilə adi torpağı qızıla döndərirmiş.

Bir gün kasıb bir insan Ondan yardım istəyir. Üstündə pulu olmayan Əli (ə) yerdən bir ovuc torpaq götürür, ona nə isə oxuyub həmin adama uzadır. Ovcunu açanda məlum olur ki, əlindəki torpaq qızıla dönüb. O adam heyrətlə bunu necə etdiyini soruşur. İmam buyurur ki, oxuduğum Fatihə surəsi idi. Həmin adam da sevincək əlini atıb bir ovuc torpaq götürür, Fatihəni oxuyub əlini açır. Amma ovcundakı yenə torpaq olaraq qalırdı. Özünü itirmiş halda Əliyə (ə) baxır. İmam isə buyurur: “Oxuduqun həmin şeydir. Amma oxuyan qəlb başqadır”. (O.N.Topbaş. İmandan ihsana tasavvuf, səh. 375).

Daha bir rəvayətə görə, İmam Əli (ə) Bədr savaşından əvvəl yuxuda Həzrət Xızr Peyğəmbəri (ə) görmüş və xahiş etmişdi ki, düşmənə qalib gələ bilməsi üçün Ona dua öyrətsin. Həzrət Xızr (ə) da Ona belə deməyi tapşırmışdı: “Ya hüvə, ya mən la hüvə illa hüvə”. Səhər Əli (ə) yuxunu Həzrət Mühəmməd Peyğəmbərə (s) danışanda O buyurdu ki, sənə yuxuda ismi-əzəmi öyrədiblər. İmam Əli (ə) Bədr savaşında döyüşə-döyüşə bu zikri deyirmiş. Ümumiyyətlə, Əli (ə) İxlas surəsini oxuyandan sonra bu duanı söyləyər və əlavə edərmiş: “İğfirli vənsürni ələl-qövmil-kafirin”. (Məni bağışla və kafir qövm üzərində qələbə çalmaq üçün mənə yardım et). Əmmar ibn Yasirin rəvayətinə görə, Əli ibn Əbu Talib (ə) Siffeyn savaşı zamanı da bu duanı oxuyur və soruşanlara bunun ismi-əzəm olduğunu deyirmiş.

Yuxarıdakı duada işlədilən “o” (üçüncü şəxs əvəzliyi) mənasını bildirən “hüvə” və ya “hu” kəlməsi İslamda böyük məna daşıyır.

Xüsusilə, təsəvvüf aləmində “hu (hüvə)” – Allahın adları arasında ən ecazkar xüsusiyyətə malik ad sayılır. Təsadüfi deyil ki, Elmalılı Həmdi Yazırın “Haqq dini, Quran dili” təfsirində (Bəqərə surəsinin 163-cü ayəsinin şərhi) bu kəlmənin ismi-əzəm olması ehtimalı irəli sürülür: “Hu (o) ifadəsi diqqəti o rəhmət və şərəf qaynağına, vəhdətin uca başlanğıcına yönəldir. Buna görə də “o” kəlməsi əvəzlik olduğu halda, Onun (Allahın) zatına işarə edən ən böyük adı (ismi-əzəmi) olmuşdur. Tövhid dənizinə qərq olan və qəlbini yalnız Allaha bağlayan vəlilərə görə bu ismin dəyəri çox böyükdür. Buna ismi-əzəm deyənlər də var. Bununla yanaşı, ismi-əzəm “Allah” adıdır deyənlər daha çoxdur” (E.H.Yazır. Haqq dini, Quran dili, I, 562).

Qeyd edək ki, Fəxrəddin Razi də “Təfsiri-kəbir”də əvvəlcə ismi-əzəmin “zül-cəlali vəl-ikram” və ya “əl-həyyül-qəyyum” ifadələrindən ibarət olduğu barədə nəzəriyyələri verir, amma bunların zəif olduğunu bildirir. Daha sonra o, Allahın adlarından heç birinin ismi-əzəm sayıla bilmədiyi barədə nəzəriyyəni işıqlandırır. Bu fikrə görə, Allahın bütün adları böyük və ucadır, onların birini yüksəldib, qalanlarını əskiltmək doğru deyil. Amma Fəxr Razi bu görüşün də doğru olmadığı qənaətinə gəlir. Sonda isə ismi-əzəmin “Allah” kəlməsindən ibarət olması fikrini təqdim edir və ən güclü nəzəriyyə kimi bunun üzərində dayanır (Fəxr Razi. Ət-Təfsirül-kəbir, I, 122-123).

İsmi-əzəmin niyə dəqiq bilinməməsi və insanlardan gizli qalmasının səbəbinə gəlincə, əksər alimlərin fikri budur: Allah özünə məxsus olan əsmaül-hüsnanın hamısına diqqətimizi yönəltməyimiz, bütün adlarla Onu çağırmağımız, adların birini yadda saxlayıb qalanlarını unutmamağımız üçün ismi-əzəmi bizə konkret bildirməyib. Biz ismi-əzəmi zikr etmək ümidi ilə əsmaül-hüsnanı və gözəl duaları oxuyuruq, bununla da daha çox savab qazanmış oluruq.

İsmi-əzəmin nədən ibarət olması barədə kitablardakı fərziyyələr həddindən artıq çoxdur. Biz onlardan yalnız bir neçəsini burada qeyd etdik. Xatırladırıq ki, bu mövzuda müstəqil kitablar da qələmə alınmışdır ki, bunların müəllifləri sırasında Sərəxsi, Süyuti kimi məşhur alimlərin adına rast gəlirik.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button