“Əməllər niyyətlərə bağlıdır” hədisinin mənası nədir?

Həzrət Muhəmməd Peyğəmbərdən (s) rəvayət edilmiş bu hədisin şərhi barədə çox danışmaq olar. Qısaca bunu deyək ki, dinimizdə bir əməlin Allah dərgahında qəbul edilməsi üçün onun niyyətinin düzgün olması da şərtdir. Məsələn, bir insan cəmiyyət içində yaxşı əməllər edirsə, ibadətləri uzun-uzadı yerinə yetirirsə, başqalarına yardım göstərirsə, amma məqsədi Allah rizasını qazanmaq yox, insanların gözündə ucalmaq, şah-şöhrət əldə etmək, məşhurlaşmaqdırsa, onun əməllərinə savab yazılmaz.
Yaxud bir insan məsələn, zöhr namazını qılmaq üçün niyyət edəndə çaşıb “əsr namazı qılıram” desə, amma ürəyində zöhr namazını niyyət etsə, onun namazı elə zöhr namazı kimi qəbul olar.
Daha bir cəhət budur ki, insan hətta bir yaxşılığı etməyə imkan tapa bilməsə, amma bunu ürəyində səmimiyyətlə arzulasa, ona həmin niyyətə görə əməlin savabı verilər. Məsələn, pulu olmayan adam bir kasıba yardım etməyi çox arzulasa, “kaş pulum olaydı, ona yardım edəydim” deyə niyyət etsə, Allah ona həmin niyyətindəki yardımın savabını verər və o, kasıba yardım etmiş kimi sayılar.
Bu hədisə daha geniş şərhlər də vermək olar. Dini kitablarda bu barədə ətraflı məlumatlar mövcuddur.






