Kufə şəhərinin və Kufə məscidinin hər hansı fəziləti (üstünlüyü) vardırmı?
Oxuc sual verir
Kufə İslam fəthləri gedişində salınmış bir şəhərdir. Bu yerlərin hələ qədim zamanlardan bəri mübarək olduğuna inam vardır. İmam Əlinin (ə) hakimiyyəti dövründə Kufə xilafətin paytaxtı olmuşdur. Bu şəhərin əhalisi barədə dini mətnlərdəki məlumatlar birmənalı deyil. Kufəlilərin bir hissəsi İmam Əliyə, İmam Həsənə və İmam Hüseynə (ə) xəyanət etdikləri üçün bəzi hədislərdə Kufə şəhəri və əhalisi məzəmmət edilir. Ümumilikdə Kufə şəhəri İslamın siyasi və mədəni tarixində mühüm rol oynamışdır. İslam tarixinin, o cümlədən, şiə məzhəbinin bir çox mühüm simaları bu şəhərin yetirməsidir. Ədəbiyyat, dilçilik, fiqh, əqaid, xəttatlıq və sairə sahələrdə Kufədən xeyli mütəxəssis çıxmışdır. Eləcə də, Kufədə bəzi ziyarətgahlar yerləşir. İmam Əli (ə) Kufə məscidinin mehrabında qılıncla vurulmuşdur. O həzrətin evi, Müslim ibn Əqilin məzarı, Muxtarın məzarı burada yerləşir. Kufə yaxınlığındakı Səhlə məscidi bəzi rəvayətlərə görə İmam Mehdinin (ə) zühurundan sonra onun qərargahı olacaq.