Müqəddəs aylarRamazan

Mükafatların verildiyi gün – ramazan bayramı

Ramazan (fitr) bayramı İslamda ən böyük iki bayramdan biri.

Ramazan ayının sona çatması münasibətilə şəvval ayının 1-də qeyd edilir. Dini mətnlərdə «eyd əl-fitr» (fitr bayramı) kimi də xatırlanır.

Ramazan bayramına keçən gecə ayrılmış fitrə pulunu bayram günü səhər öz təyinatı üzrə çatdırmaq məsləhətdir.Ramazan bayramı günü oruc tutmaq haramdır. Həmin gün səhər vaxtı qüsl almaq, ətir səpmək, təmiz və səliqəli libas geyinmək, qohum-qonşuları təbrik etmək, əzizlərin görüşünə getmək savabdır. Bütün bayramlarda olduğu kimi, ramazan bayramı günündə də küsülülərin barışması təkid edilir. Bayram günündə ölülərin məzarını ziyarət edib, ruhlarına rəhməğ diləmək də ənənə şəklini alıb.

Ramazan bayramı günü qılınan bayram namazı eynilə Qurban bayramının namazı kimidir.

Bayram namazını qılmaq şafii və maliki məzhəblərndə təkid edilən sünnət sayılır. Hənəfi məzhəbinə görə, bayram namazını qılmaq vacibdir (fərzdən daha aşağı səviyyədə). Hənbəli məzhəbinə görə isə, vacibi-kifayidir. Yəni heç kim bu namazı qılmasa, bütün müsəlmanlar günahkar sayılarlar; amma bir nəfər qılsa, başqalarının öhdəsindən bu vəzifə götürülmüş olar. Cəfəri məzhəbi baxımından, peyğəmbərin və imamın zamanında bayram namazını camaatla qılmaq vacibdir. İmamın qeyb dövründə isə qılınması müstəhəbdir; həm camaatla, həm də təklikdə qılına bilər.

Həzrət Mühəmməd Peyğəmbər (s) buyurmuşdur:

«Şəvval ayının ayparası görünəndə (yəni Fitr bayramı gecəsi) mələklər möminlərə elan edərlər: «Sabah öz mükafatlarınızı almağa tələsin; sabah mükafat günüdür». İmam Əli ibn Əbu Talib (ə) xəlifə olduğu dövrdə ramazan bayramı günü müsəlmanların qarşısında xütbə söyləyərək buyurmuşdu: «Ey camaat, bu gün yaxşı əməl sahiblərinə savab verilər, pis əməl sahibləri ziyana uğrayarlar. Bu gün qiyamətə çox bənzəyir. Evinizdən çıxıb məscidə toplaşmağınız qiyamətdə qəbirdən çıxıb Rəbbinizin hüzurunda toplaşmağınıza oxşayır. Məsciddə namaza durarkən qiyamətdə Rəbbinizin hüzurunda duracağınızı təsəvvür edin. Məsciddən evinizə dönməniz isə qiyamətin sonunda behiştə və ya cəhənnəmə getmənizi xatırlatsın sizə.

Ey Allahın bəndələri! Bilin, oruc tutan kişi və qadınlara veriləcək ən kiçik savab budur ki, Ramazanın sonuncu günündə Allahın əmri ilə mələklərdən biri car çəkib elan edər: «Müjdə olsun sizə, ey Allahın bəndələri! Sizin ötən günahlarınız bağışlandı. Görək gələcəkdə özünüzü necə aparacaqsınız».

Ramazan bayramına keçən gecəni ibadət və dua ilə keçirmək müstəhəbdir. Həmin gecə də ehya saxlamağın və çoxlu namaz qılmağın savabı var.

Fitr bayramına keçən gecənin axşam namazlarından və bayram gününün namazlarından sonra bu duanı oxumaq böyük savaba malikdir:

«Allahü əkbər. Allahü əkbər. La ilahə illəllah. Vallahü əkbər. Vallahü əkbər. Və lillahil-həmd. Əl-həmdü lillahi əla ma hədana. Və ləhüş-şükri əla ma əvlana». Tərcüməsi: «Allah böyükdür. Allah böyükdür. Allahdan başqa məbud yoxdur. Allah böyükdür. Allah böyükdür. Həmd Allaha məxsusdur. Bizi hidayət etdiyinə görə Allaha həmd olsun. Bizi özünə dost etdiyinə görə Ona şükr olsun».

Rəvayətlərdə deyilir ki, İmam Zeynül-abidin (ə) ramazan bayramının gecəsi sübhə kimi oyaq qalıb namaz qılar və deyərdi: «Bu gecə heç də Qədr gecəsindən əskik deyil». İmam Əli ibn Əbu Talib (ə) isə həmin gecənin üstünlüyünü belə təsvir edirdi: «Yeri var ki, insan hər il dörd gecə yalnız ibadətlə məşğul olsun: fitr bayramı gecəsi, qurban bayramı gecəsi, şəbanın orta gecəsi və rəcəb ayının birinci gecəsi».

Bəzi ölkələrdə ramazan bayramı böyük təntənə ilə bir neçə gün (ən azı 3 gün) qeyd edilir.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Oxşar yazılar
Close
Back to top button