Nasibi kimə deyilir?

“Nasibi” sözünün ərəb dilində mənası düşmənçilik etmək, kin bəsləməkdir. Dini termin olaraq şiə məzhəbinə aid mənbələrdə bu sözə daha çox rast gəlinur. Peyğəmbərin (s) Əhli-Beytinə (ə), İmam Əliyə (ə) və övladlarına ədavət bəsləyən şəxslərə nasibi deyirlər. Bu düşmənçilik həm onların sağlığında, həm də vəfatlarından sonra baş verə bilər. Yəni imamların zəmanəsindən sonra da yaşayan, onlara qarşı ürəyində ədavət olan şəxs nasibi sayılır. Bu ədavət fərqli şəkillərdə təzahür edə bilər. İstər imamların sağlığında onlara qarşı döyüşən, onların canına qəsd edən, onları söyüb təhqir edən, istərsə də sonralar imamların ruhuna qarşı təhqirə yol verən adamlar nasibi təbəqəsinə mənsubdurlar. Burada diqqət yetirilməli məsələ budur ki, Əhli-Beytin (ə) imamətini qəbul etməyən, onları imam və dini rəhbər deyil, sadəcə olaraq fəzilətli və mömin şəxs hesab edən adamları nasibi adlandırmaq olmaz. Buna görə də sıravi əhli-sünnə mənsublarını nasibi saymaq qətiyyən doğru deyil. Yalnız Əhli-Beytə (ə) qarşı düşmənçilik edən, əməli və sözü ilə onları təhqir edib əskildən, məzarlarına qarşı təhqiramiz davranan adam nasibidir. Şiə məzhəbində nasibilər murdar sayılırlar.






