Ramazan – tozu yuyan bir yağış…
(İlahiyyatçı Aqil Hacıyevin "İslam və müasir cəmiyyət" qəzetinə müsahibəsi)
Aprelin 14-də Azərbaycan müsəlmanları oruc tutmağa başlayacaqlar.
Dinimizin əsas ibadətlərindən olan Ramazan orucuna bağlı sualları ilahiyyatçı Aqil Hacıyev cavablandırır.
-Ramazan dinimizdə “üç ay” kimi tanınan aylardan sonuncusu hesab olunur. Bu mənada Ramazana həmin ayların kontekstində qiymət verməyinizi istərdik. “Üç ay” və Ramazan nə deməkdir?
– “Üç aylar” kimi ifadə edilən Rəcəb, Şaban və Ramazan ayları səmimi qulların əfv edilərək mükafatlandırıldıqları müqəddəs aylardır. Rəcəb və Şaban ayları on bir ayın sultanı olan Ramazana hazırlıq mahiyyətindədir. Həzrəti Peyğəmbər (s.ə.s.) bu aylar haqqında belə buyurmuşdu: “Allahım, Rəcəb və Şaban aylarını mübarək et. Bizi də xeyirliklə Ramazan ayına qovuşdur”. “Üç aylar”ın birincisi Rəcəbdir. Bu ayın ilk əhya gecəsi olan Rəqaib gecəsi qulların daha çox bağışlandığı, savab və mükafatın bol-bil verildiyi bərəkətli gecə deməkdir. Həzrəti Peyğəmbərimizin meraca yüksəldiyi gecə də Rəcəb ayına təsadüf edir. Şaban ayında isə Bəraət gecəsi var. Bu ay Ramazan orucuna daha çox hazırlaşmaq lazımdır. Həzrəti Peyğəmbər (s.ə.s) bu ay haqqında belə buyurub: “Şaban ayı qulların gördükləri işlərin uca Allaha təqdim olunduğu aydır”.
“Üç aylar”ın sonuncusu olan Ramazanın isə bir çox özəlliyi var.
Birincisi, Qurani-Kərim bu ayda nazil olmağa başlayıb. Quranda bu barədə belə buyrulur: “İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınladan və haqqı batildən ayıran Quran Ramazan ayında nazil edilib”. (Bəqərə, 185). İkincisi, son peyğəmbər Həzrəti Məhəmmədə (s.ə.s) peyğəmbərlik bu ayda verilib. Üçüncüsü, min aydan daha xeyirli olduğu Qurani-Kərimdə vurğulanan və möminlərə Allahın ən böyük lütflərindən biri olan Qədir gecəsi də bu ayın içindədir.
-İslama qədər ibadət edən ərəblər arasında orucluq, o cümlədən Ramazan orucu anlayışı vardımı? Oruc müsəlmanlara nə zaman fərz bilindi?
-Oruc müsəlmanlara hicrətin 2-ci ilində bu ayə ilə fərz bilinib: “Ey iman edənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib bilindiyi kimi, sizə də vacib bilindi ki, pis əməllərdən çəkinəsiniz”. Bir çox hədislərdə də İslamın beş əsasından birinin Ramazan orucu olduğu qeyd olunur. Ayədən də açıq-aydın görünür ki, oruc ilk peyğəmbər Adəmdən etibarən bütün peyğəmbərlərə və onlara iman gətirənlərə fərz bilinib.
Cahiliyyət dövrünün ərəbləri müxtəlif oruclar tuturdular. Xüsusilə nəzir orucu ərəb toplumunda geniş yayılmışdı. Bundan başqa, Ərəbistan yarımadasında yaşayan yəhudilərin və Hicazdakı ərəblərin əksəriyyətinin tutduqları “Aşura orucu” var idi. Həzrəti Məhəmməd (s.ə.s) Mədinəyə hicrət edəndən sonra yəhudilərin aşura günü oruc tutduqlarını görür. Bunun səbəbini soruşanda onlar deyirlər ki, bu, Allahın İsrail oğullarını düşmənlərindən xilas etdiyi gündür. Həzrəti Musa da bu gün oruc tutub. Həzrəti Peyğəmbər (s.ə.s) “Mən Musaya sizdən daha yaxın və daha layiqəm” – buyurur. Həmin gün özü oruc tutduğu kimi səhabələrinə də eyni şeyi əmr edir. Ramazan orucu vacib olandan sonra aşura günü (məhərrəm ayının 10-u-red.) ilə birlikdə ya bir gün əvvəl, ya da bir gün sonra tutulması tövsiyəsində bulundu.
-Başqa dinlərdəki oruc haqda daha ətraflı danışmağınızı istərdik…
-Həqiqətən də bütün dinlərdə bu cür ibadət var. Məsələn, yəhudilər Həzrəti Musanın əmr etdiyi “Kəffarə” orucunu əsas qəbul еdirlər. Onlarr müəyyən bayramlardan, xüsusilə də Yom Kippurdan əvvəl oruc tuturlar. “Kəffarə” adlandırılan oruc məcburidir. Bundan başqa, yəhudi təqvimində konkret oruc günləri də var. Məsələn, Babil əsarətində başlarına gələn fəlakətləri xatırladan oruclar bu qəbildəndir. Yəhudilikdə bəzi kiçik dəyişikliklərlə bu cür orucların sayı 25 günə çatır.
Xristianlıqda oruc müxtəlif dəyişikliklərə məruz qalıb. Peyğəmbərliyindən əvvəl Həzrəti İsa 40 gün oruc tutub. Bundan başqa, yəhudilikdəki Kəffarə orucunu da yerinə yetirib. Ortodokslar (provoslavlar) orucda qədim ənənəyə bağlıdırlar. Onlarda orucun daha sərt və uzun dövrləri var. Bəzi qruplar istisna olmaqla, protestantlar orucu rədd edirlər. Anqlikan kilsəsi oruc günlərini təyin etdiyi halda, yerinə yetirilməli hökmləri oruc tutanın öz ixtiyarına və vicdanına buraxır. Xristianlıqda orucun müxtəlif ölkələrə görə dəyişən hökmləri və ənənələri də yaranıb. Bəziləri yumurta və meyvə yeməkdən çəkinir, bəziləri ancaq quru çörək yeyir, bəziləri də bunların hamısından imtina edir. İnduizm, sintoizm və çaynizmdə də müxtəlif formalı oruclar mövcuddur.
-İslam anlamına görə Ramazan orucu digər dinlərdəki oruclardan hansı şərt və qaydalarla fərqlənir?
– Oruca ən aydın tərzdə İslamda rast gəlirik. Bu dində orucun şərtləri, vaxtı və hökmləri konkretdir. Üzürlü səbəblər istisna olmaqla oruc həvəsə buraxılmayıb. Heç bir şəxsin, heç bir qurumun qoyulan qaydaları dəyişdirməyə səlahiyyəti və haqqı yoxdur. Başqa dinlər oruc gününün başlanğıcını və qurtarmasını müəyyən etməyib, bağlayıcı hökmlər qoyaraq ibadəti nizamlamayıb, məsələni tamamilə sərbəst buraxıblar. Əksər dinlərdə insanlar oruc tutacaqları günləri özləri seçir, saylarını müəyyənləşdirirlər. Bu cür din mənsublarına ya yeməyi tamamilə tərk etmək, ya da bəzilərini seçmək əmr olunub. Hind dinlərində də bu cür oruclara rast gəlmək mümkündür. Bu sərbəstlik və pərakəndəlik orucun qiymətini və gücünü zəiflədib, insanların həddi aşmalarına, orucdan gözlənən əxlaqın yarımçıqlığına, funksiyalarının itməsinə səbəb olub. İslam bütün ibadətlərdə olduğu kimi, orucda da köklü islahatlar və təkmilləşdirmə həyata keçirib. Dinimiz orucu müəyyən qayda-qanuna salıb, onu insanların öz ixtiyarına buraxmayıb, cəmiyyətə və fərdlərə ən çox təsir göstərən bir səviyyədə təqdim edib.
İslamın gətirdiyi yeniliklərdən biri də yəhudilikdəki matəmin və tarixi müsibətlərin xatirəsi olan orucu bədbin, uğursuz və qaranlıq çərçivədən xilas edib, aydınlıq və sevinc gətirən sonluqla – bayramla bitirməsi və onu hamıya şamil etməsidir. İslam orucu nəfsə işgəncə verməkdən və cəza vasitəsi olmaqdan arındıraraq Allaha yaxınlaşdıran bir ibadətə çevirib. İstisnaları çıxmaqla həddi-büluğa çatan hər müsəlman üçün orucu vacib bilib, ancaq insana gücünün çatmadığı, ona zülm verəcək şeyləri əmr etməyib, əksinə, sahurun gec yeyilməsini savab sayıb, sahura durmağı, iftarı tez açmağı gərəkli bilib. Gecə və gündüz yatmağı, istirahət etməyin mübah olduğunu qeyd edib. İslamdan başqa digər dinlərin əksəriyyətində oruc günəş aylarıyla (şəmsi təqvimlə) hesablandığı üçün oruc hər ilin eyni fəsillərində yerinə yetirilib. İslamda isə oruc Ayla əlaqələndirilib. Buna görə ən az 45 il yaşayan bir adam hər fəsildə oruc tutmağın zövqünü hiss edə bilər.
-Yeri gəlmişkən, Ramazan sözünün lüğəti mənası hansı anlamı ifadə edir? Bəziləri onu “Ramadan” kimi tələffüz edir..
-“Ramazan” yay aylarının sonunda və payızın əvvəlində yağan və yerdəki tozları təmizləyən yağış mənasını verir. Bu yağış yer üzünü necə yuyub təmizləyirsə, Ramazan ayı da möminləri günahlardan eləcə təmizləyir. Ramazanın başqa bir mənası isə yanmaqdır. Buna görə Ramazan ayı oruclunun günahlarını yandıraraq yox edir. Hər iki mənanın birləşdiyi nöqtə oruclunun bu ayda günahlardan təmizlənməsidir. Tələffüzə gəlincə, Ramazan sözündəki bir hərf ərəb dilində “d” və “z” səslərinə yaxın səslənişlə deyilir. Buna görə də bu hərfin işləndiyi sözlər dilimizdə bəzən “d”, bəzən də “z” ilə tələffüz olunur.
-Ramazan orucunun əsas hökmləri qısaca olaraq hansılardır? Yəni oruc tutmağa niyyət etmiş müsəlman hansı vaxt ərzində nələrdən çəkinməlidir?
-Əvvəla, oruc tutan şəxs müsəlman, ağıllı və həddi-buluğa çatmış olmalıdı. Bundan başqa, oruc tutanın xəstə və səfərdə olmaması da şərtdir. Bu şərtlərə cavab verən müsəlman oruc tutmalıdır. Orucun üç əsas prinsipi var: 1) Oruc tutmağa niyyət etmək; 2) İmsaq (оbaşdan) vaxtından iftara (axşam azanına) qədər qida qəbulu və cinsi əlaqədən uzaq durmaq; 3) Qadınların müəyyən günlərin içərisində olmaması. Ancaq mükəmməl bir oruc üçün bütün bu sadaladığımdan əlavə də bir çox nüanslar var. Əvvəla onu qeyd edim ki, oruc müsəlmanı qida və cinsi əlaqədən məhrum etməklə bitmir. Necə ki, Həzrəti Peyğəmbərdən bir hədisində belə buyurur: “Elə oruc tutanlar var ki, özlərinə bu orucdan quru bir aclıqdan başqa heç nə qalmaz. Gecələri elə namaz qılanlar var ki, namazlarından özlərinə qalan yalnız yuxusuzluqdur”. İslam alimləri ittifaqla bildirirlər ki, bunun üçün oruc tutan təkcə ağzından içəri keçənə yox, həm də ağzından çıxana nəzarət etməlidi. Məsələn, böyük günahlardan olan qeybət və yalan orucu pozmasa da, onun savabını silib aparır. Oruclu insan haram işlər görməməli, haram sözə qulaq asmamalı, qəlbi və dili həmahəng olaraq daim Allahı zikr etməlidi ki, Ramazanın zövqünü dadaraq bərəkətinə nail olsun. Məhz belə bir oruc insanın günahlarını yuyaraq yenidən doğulmuş kimi məsum edir.
-Oruclu insanın nələr etməsinə icazə verildiyi barədə də müxtəlif fikirlər var. Məsələn, baş-üz qırxdırmaq, qüsl almaq və ya yuyunmağa izn varmı?
-Bəli, həm təraş, həm qüsl, həm də ümumiyyətlə yuyunmağa icazə var. Bundan başqa, oruclu olduğunu unudaraq yemək, içmək, bilmədən boğaza toz və ya tüstünün getməsi, istəmədən qaytarmaq, xanımını öpmək, ağız suyunu, ağıza yığılan bəlğəmi udmaq, gözə damcı tökmək, qan aldırmaq kimi əməllərə də qadağa yoxdu.
-Oruc tutmuş insanın yanında, yaxınlığında xörək yemək, yaxud oruclu birisinin yemək yeyilən yerdə dayanması günah sayılırmı? Bu tip bir neçə məsələ var ki, oruclu insanlar buna yol verib-verməməkdə tərəddüd edirlər…
– Əvvəla, hər bir kəs orucu Allah rizası üçün tutmalıdı. Kiminsə bunu görüb təqdir etməsi üçün yox. Ona görə də, Allah rizası üçün oruc tutduğunu bilən şəxs kiminsə onun yanında yemək yeməsindən narahat olmamalıdı və bu, günah deyil. Sadəcə, etik cəhətdən oruclu insana hörmət olaraq, onun yanında qida qəbul etmək bəyənilmir.
-Hansı əməllər orucu pozur, hansılar savabını azaldır?
– Orucu pozan şeylər bunlardır: bilərək yemək, içmək, cinsi əlaqədə olmaq, siqaret çəkmək, ağıza dolan qarı və ya yağış damlasını susuzluğu yatırmaq məqsədilə udmaq və sair. Savabını azaldan və məkruh olan şeylər bunlardır: bir şeyin dadına baxmaq, lazımsız yerə nəyisə çeynəmək, ağız suyunu ağızda yığaraq udmaq, bədəni zəiflədən ağır işlər görmək…
-Ramazan orucunun digər oruclarla fərqi nədir? Ümumiyyətlə, dinimizdə neçə cür oruc var?
-Dinimizdə dörd növ oruc var: 1) Fərz olan oruc. Ramazan ayında tutulan oruc, o cümlədən Ramazanda tutulmayan orucun başqa vaxtlarda qəzası fərzdi. 2) Vacib oruc. Buraya nəzir orucu aiddir. Əgər bu oruc pozularsa qəza etmək də vacib olur. 3) Sünnət oruc. Məhərrəm ayının doqquzuncu günü onuncu günü ilə və ya onuncu gününü on birinci günü ilə birlikdə oruc tutmaq sünnətdir. 4) Müstəhəb oruc. Qəməri ayların on üç, on dörd və on beşinci günləri ilə həftənin azar ertəsi və cümə axşamı günləri, Ramazandan sonrakı Şəvval ayında altı gün oruc tutmaq müstəhəbdır.
-Hansı günlərdə oruc tutmaq (nafilə və ya nəzir orucu) qadağandır, buna yol verilmir?
-Dinimizə görə, müəyyən vaxtlar var ki, о günlərdə oruc tutmaq məkruhdur. Məsələn, Məhərrəm ayının sadəcə onuncu günü, həftənin yalnız cümə günü oruc tutmaq kimi. Axşamdan iftar etmədən iki günün orucunu birləşdirərək oruc tutmaq və ilin hər günü oruc tutmaq da məkrudur. Ramazan bayramının birinci günü ilə Qurban bayramının dörd günü oruc tutmaq isə qadağandır. Bu günlər Allahın qullarına bir ziyafət günləridir. Oruc tutaraq Allahın ziyafətindən boyun qaçırmaq isə düzgün deyil.
-Artıq neçə illərdir ki, müsəlman ölkələri Ramazanın başlaması və orucluğun bitməsinin (Fitrə bayramı) vaxtı ətrafında mübahisə edir və sonda ayrı-ayrı ölkələr öz rəyində qalır… Bu məsələ sırf islami baxımdan necə şərh oluna bilər?
-Ramazan ayı ərəfəsində demək olar ki, hər il rastlaşdığımız hallardan biri də Ramazan ayının girməsi və çıxması tarixində bir-irindən fərqli proqnozların verilməsidir. Bax elə bu faktor əsrlərdir İslam ümmətinin heç olmasa elementar bir şeydə birləşməsinə əngəl törədir. Bütün bu fərqliliyin tarixi qaynağı nədir? Bildiyimiz kimi, namaz vaxtlarının müəyyən olunmasında Günəş, oruc üçün Ayın hərəkəti əsas götürülür. Həzrəti Peyğəmbər bir hədisində “Ayı görməmiş oruc tutmayın və ayı görməmiş də orucu bitirməyin. Hava tutqun olduğu üçün Ay görünməsə Ramazanı 30 gün olaraq tamamlayın” buyurmuşdu. Bu hədisə görə, Ramazan ayının həm başlanmasını, həm də qurtarmasını ayırd etməkdən ötrü ayın görünməsindən istifadə olunub. Həmin dövrün tələblərini nəzərə alsaq, bundan yaxşı dəlil ola bilməz. İslam aləmində astronomiya elmi inkişaf edənə qədər Ramazan ayı göydə Ayın görünməsi ilə başlamış və bitmişdi. Amma müasir texnologiya Ramazan və bayram üçün ayın vəziyyətini astronomik metodla ayırd edə bilir. İslam dünyasında bu mövzuda birliyin əldə olunmamasının səbəbi də bax budur. Bəzi ölkələr “ruyət”i, yəni Ayın görünməsini əsas götürdüyü halda, bəzi ölkələr də astronomik hesablamaları daha dəqiq hesab edir.