Müqəddəs aylarRamazan

Oruc tutmaq sağlam olmaq deməkdir

Oruc Allahın iznilə bədənimizin bütün sistemlərinə sağlamlaşdırıcı təsir göstərmək qabiliyyətinə malikdir.

Ancaq tək sağlamlıq üçün tutmaq məqbul sayılmaz.

Oruc yalnız Allah rizası üçün tutulduqda qəbul olunar. İslam dini nəzərindən, çoxyaşlı və zəif şəxslər oruc tutmaya bilərlər. Bu şəxslər oruc tutmadıqları hər gün üçün fidyə verməlidir. Fidyə, Ramazanın başlanğıcında verildiy kimi, sonunda da verilə bilər. Üzrlü olanlar, yəni səfərdə olanlar, xəstələr və fiziki cəhətdən çox zəif olanlar sonradan hər gün üçün bir gün oruc tutmaq şərti ilə oruc tutmaya bilərlər.

Orucun insan orqanizminə ruhi və fizioloji təsirini öyrənmək üçün Azərbaycan Respublikasının baş psixiatrı, Ümumdünya Psixiatrlar Federasiyasının həqiqi üzvü, Azərbaycan Dövlət Tibb Universitetinin psixiatriya kafedrasının müdiri, t.e.d., professor Ağabəy Sultanova və normal fiziologiya kafedrasının müdiri, t.e.d., professor Faiq Cəfərova müraciət etdik.

Mərhum professor Ağabəy Sultanovun dediklərindən:

İnsanın milli xüsusiyyətləri və millətlərin mentalitetini nəzərdən qaçırmaq olmaz. Mən sovet hakimiyyəti dövründə doğulub, boya-başa çatmış bir insan kimi deyə bilərəm ki, bu quruluşun çatışmayan cəhətlərindən biri milli mentalitetin, milli xüsusiyyətlərin nəzərə alınması olmuşdur. O zaman “sovet insanı” modeli düşünülmüşdü. Milli-dini adət ənənələri, milli özünəməxsusluğu mütləq qiymətləndirmək və unutmamaq lazımdır. Xalqımızın milli-dini xüsusiyyətlərindən biri də Ramazan ayında oruc tutmaqdır. Müsəlman xalqlarından biri kimi, Azərbaycan xalqı da oruc tutur. Bu, bir növ xalq təbabətinin ənənəsidir. Orucluğun psixoterapevtik əhəmiyyəti vardır. Oruc tutmamışdan əvvəl insan niyyət edir və hər şeyin Allah rizası üçün edildiyini deyir. Burada əhəmiyyətli olan odur ki, insan inanır və bu, ona ruh verir. Demək lazımdır ki, inamlı adam, inamsıza nisbətən ruhən daha sakit və təmkinli olur. İnamlı insan nədənsə çəkinir, bəd işlərdən uzaq olur. Belə insanlar gördükləri hər işi Allahın adı ilə gördükləri üçün özlərinə də inamla yanaşırlar.

İnsan gördüyü işdən həzz almalı və qənaətbəxş olmalıdır.

Mənim uşaq yaşlarımdan yadımdadır ki, nənəm necə oruc tutub. Oruc tutulan evdə bərkdən danışılmaz, sakitlik olardı. Səhər obaşdan durub qüvvətli yeməklər yeyərdilər. Axşam iftar süfrəsi ətrafına əyləşmiş insanların əhval-ruhiyyəsi çox yüksək olardı. Çünki onlar bilirdilər ki, nəsə böyük və əhəmiyyətli bir iş görüblər. Bu işi Allah rizası üçün və Allaha xidmət üçün görüblər. Bütün bunlar isə insanın mənəviyyatının, ruhunun gözəlləşməsinə təsir edirdi. Ramazan ayı başa çatdıqdan sonra insanlar bayram edir, bir-birinə qonaq gedir və gözaydınlıq verir. Başqa sözlə, orucluq insan psixikasına müsbət təsir göstərir, insan rahatlıq tapır.

Oruc tutan insanın beyni daha güclü işləyir və daha qüvvətli olur. Adi günlərdə insan daha çox qidalandığı üçün orqanizmdə olan bütün qan kütləsi qidanın həzm olunmasına gedir. Burada məqsəd maddələr mübadiləsinin və həzm prosesinin yaxşı getməsidir. Qan beyindən aşağı orqanlara axır və həzm prosesində iştirak edir. Çox yeməkdən sonra insana yuxunun gəlməsi də bununla izah edilir. Çox yeyən adamlar, daha çox yuxulu və tənbəl olurlar. Ancaq oruc tutan adamda mədə gün ərzində boş qaldığı üçün beyin orqanizmin öz daxili imkanları, qanı hesabına təmizlənir. İnsan təfəkkürü daha açıq olur. Yaddaşı yaxşılaşır, insan daha sərrast hərəkət edir və danışır. İnsan beyni qanla yaxşı təmin olunur. əgər beyin qanla yaxşı təmin olunmazsa, onda hipoksiya halı, beyin passivliyi yarana bilər. Bu hal beyinə qədər oksigenin daxil olmaması nəticəsində yaranır.

Yaxşı bir misal var: biz yaşamaq üçün yeyirik, ancaq yemək üçün yaşamırıq.

Orucluq insan iradəsinin güclənməsi üçün də vacib şərtlərdəndir. İnsan oruc tutmaqla Allaha inamının güclü olduğunu göstərir. Və insan gələcək çətinliklərə də hazır olur. İnam çox mühüm psixoloji faktordur. İnam sınanda insan xəstələnir və psixi xəstəliyə daha çox meylli olur. İnanan adamda güc olur, iradə olur. İnam insanı həm güclü edir, həm də təmizləyir.

Orucluğun tibbi təsirləri də vardır. İnsan orqanizmi toksik maddələrdən təmizlənir. İnsan orqanizminin ehtiyat hissələri yeniləşir. Oruc tutan adamın orqanları boşalır, yüklərdən və zərərli maddələrdən azad olur. Hər bir insan orucluqdan sonra deyir ki, o, özünü gümrah hiss edir, yüngül hiss edir. Bütün bunlar orqanizmin enerji ehtiyatlarını yeniləşdirir və artırır.

Bir sözlə deyək ki, orucluğun insan orqanizminə həm cismani, həm də mənəvi xeyri vardır.

Professor Faiq Cəfərovun dediklərindən:

Mən bir mütəxəssis kimi orucluğun sağlamlığa müsbət təsirini qeyd etmək istəyirəm. Bu fikrin əsası var. Orucluq Allah tərəfindən insanlara məsləhət bilinibsə, şübhəsiz ki, burada insan sağlamlığı da əsas götürülüb. Söhbət insanın gün ərzində bir dəfə, iki dəfə yemək yeməsindən, yaxud heç yeməməsindən getmir. Allah orucu müəyyən etməklə insanları yaxşı yola dəvət edib. Bu yollardan biri də bədənin sağlamlığını qorumaqdır.

İnsan sağlamlığı çox mürəkkəb mexanizmdir. Orucluq insan sağlamlığının qorunmasında gözəl vasitədir. İnsan bir ay ərzində pəhriz rejiminə əməl edir. İnsan qidanın miqdarını azaldır və qidanın tərkibinə fikir verir. Pəhriz isə rəsmi təbabətdə bir çox xəstəliklərin müalicəsi üçün təyin olunur. Xüsusilə də qaraciyər və mədə-bağırsaq xəstəliklərində pəhriz təyin edilir. Oruc tutmaq maddələr mübadiləsi zamanı orqanizmdə toplanmış zərərli maddələrin bədəndən asanlıqla çıxmasına şərait yaradır, bədən tullantılardan, toksik maddələrdən təmizlənir.

Oruc tutmaqla orqanizmdəki ehtiyat qüvvələri işə düşür.

Şəkər, yağ, zülal maddələri ilə təmin edilmək üçün orqanizmdə ehtiyat mənbələri mövcuddur. Ehtiyat mənbələrinin işə düşməsi ilə bədəndəki orqanların yenidənqurma prosesi gedir və onlar yeniləşir. Orqanizmdəki həzm sistemi dincəlir və özünü yeniləşdiri. Bədəndəki yağları həzm edən ödü hazırlamqdan tutmuş, çoxlu digər funksiyalar yerinə yetirən qaraciyər orucluq zamanı dincəlir və köhnə maddələri buraxaraq, yeni maddələri qəbul edir. Bu isə qaraciyər kimi mühüm bir orqanın yeniləşməsinə və daha yaxşı işləməsinə səbəb olur.

Oruc tutmaq nəticəsində bağırsağın selikli qişasındakı bəzi köhnə hüceyrələr məhv olur, təzələnir və selikli qişa təzələndiyi üçün həzm prosesi yaxşılaşır.

Oruc qanyaradıcı orqanlara da müsbət təsir edir. Belə ki, bu orqanlar bir gün ərzində normadan artıq qida qəbul edəndə yüklənir. Ona görə də funksiyaları pozulur. Ancaq bədən az qida qəbul edəndə qanyaradıcı orqanlar da öz fəaliyyətini təzələyir. Orucluğun bir ay davam etməsinə də qanunauyğunluq var. Rəsmi təbabətdə, xüsusilə mədə-bağırsaq xəstəliklərində pəhriz 24-28 gün təyin olunur.

Oruc dalaq, ürək, qan-damar sisteminin yeniləşməsinə, ifrazat sisteminə də müsbət təsir göstərir. İfrazatla bağlı əsas orqan böyrəkdir. Çox qida qəbul edilməsi böyrəyin yükünü artırır. Oruc tutan adamın böyrəkləri dincəlir və bu, onun normal fəaliyyətini gücləndirir.

Xəstəliklərin meydana gəlməsi, insan orqanizminin rasional qidalanmaması nəticəsində baş verir. Yəni insan nədən və nə qədər yeməyi dəqiq müəyyənləşdirməlidir. əgər bura su və ekologiyanı da əlavə etsək, onda hər şey aydın olar.

Bir məsələni də qeyd edək ki, oruc tutmaq dinimizdə buyurulduğu kimi, xəstə adamlara rəva görülmür.

Əgər məsələnin tibbi tərəfinə də baxsaq, deyə bilərik ki, doğrudan da, xəstə adamlar oruc tutmamalıdır. Xüsusilə mədə-bağırsaq sistemi xəstə olan adamlara oruc tutmaq məsləhət görülmür. Müqəddəs kəlamlarda da deyilir ki, xəstə adam oruc tutarsa, bu özü günahdır. əgər xəstə adam oruc tutarsa, bu, xəstəliyi bir qədər də dərinləşdirər, qaraciyər, öd, mədə-bağırsaq sisteminə, xüsusilə mənfi təsir edər. Mədə-bağırsağı xəstə olan adamda sorulma yaxşı getmədiyindən bədənə qida az daxil olur və əgər həmin adam oruc tutarsa, bədənə qida bir qədər də az daxil olar. Bu isə həzm sistemindəki xəstəliyin dərinləşməsinə səbəb olar.

Oruc inam üçün Allah rizası üçün tutulmalıdır. Oruc şöhrət və fəxr üçün tutulmamalıdır. Xəstəliklərin çoxu sinir sisteminin, insan psixikasının pozulması fonunda yaranır. Sinir sisteminin qorunması üçün inam əsas şərtlərdəndir. Müasir dövrdə insanların çoxu inam vasitəsilə, özünə müsbət təlqin vasitəsilə müalicə olunur. Oruc Allaha, yaxşılığa inamın bir təzahür formasıdır. Bu cəhətdən baxanda da oruc tutmaq psixoloji problemləri aşmaq üçün vacib şərtlərdəndir. Ona görə də deyə bilərik ki, sağlamlıq naminə oruc tutmaq çox xeyirlidir.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button