Oxucu sual verir: Oruclu şəxsin qan verməsi icazəlidirmi?
Şəriətə görə, insanın rahat oruc tutmasına maneçilik törədən, onun üçün fiziki çətinliklər yaradan, orqanizmini zəiflədən hərəkətlər etməsi bəyənilmir. Bu cür hərəkətlər bədənin aclıq və susuzluğa qarşı dözümünü azaldır, oruclu insanın mənəvi halına, bu ibadətdən ləzzət almasına mane olur. Çimmək, ehtiyac yox ikən ağır fiziki işlə məşğul olmaq, qan aldırmaq bu qəbildəndir. Qan vermək (istər müalicə məqsədi ilə həcamə etdirmək, istərsə də xəstəyə öz qanını köçürtmək) orqanizmi təbii olaraq zəiflədir. Buna görə də oruclu şəxsin qan verməsi (orucunu pozacaq qədər təhlükə törətməsə) məkruhdur, orucun savabını azaldır, amma günah deyil.
Əlbəttə, burada istisnalar var. Məsələn, əgər müalicə üçün həcamətdən başqa bir yol yoxdursa yaxud ağır xəstəyə təcili qan köçürülməsi tələb edilirsə, məkruhluq öz qüvvəsini itirər.