İslamda astronomiya və astrologiya elmi – nücum
Ərəb dilindən tərcüməsi “ulduzlar” deməkdir. Ümumi mənada, göy cismlərinin vəziyyətini və hərəkətini, habelə, yerdə baş verən hadisələrə onların təsirini öyrənən elmə deyilir.
Şərq dünyasında nücum elmi paralel olaraq iki istiqamətdə fəaliyyət göstərib: həm sırf astronomiya, həm də astrologiya mənasında.
Nücum elminin tarixi çox qədimdir. Bütün qədim sivilizasiyalarda (Misir, Şumer, Babilistan, Çin, Yunanıstan, Roma və s.) nücum ən çox öyrənilən və ən çox dəbdə olan elmlərdən sayılıb. Islamaqədərki Ərəbistanda da bu elm geniş yayılmışdı.
Islamın ilk dövrlərində müsəlmanların fəth olunmuş xalqlarla (xüsusilə, indiki Iran və Iraq ərazisində yaşayan əhali ilə) mədəni əlaqələri gedişində nücum elmi böyük vüsət qazanaraq inkişaf etməyə başladı. Istər Qurani-kərim mətnində Günəş, Yer, Ay, ulduzlar, kometlər və sairə səma cismləri ilə bağlı ayələrin təfsiri, istərsə də namaz vaxtlarının və qiblə istiqamətinin təyini kimi şəriət məsələləri nücum elminin aktuallığını daha da artırırdı.
Islam dini baxımından, göy cismlərinin vəziyyətini və hərəkətini öyrənmək çərçivəsində nücum elmi birmənalı olaraq müsbət qarşılanır. Həzrət Mühəmməd Peyğəmbər (s) və imamlar öz kəlamlarında nücum elminin məsələlərinə toxunmuş, müsəlmanları da bu elmi öyrənməyə təşviq etmişlər.
Lakin göy cismlərinin Yerdə baş verən hadisələrə, hətta insanların taleyinə təsirinə gəlincə, əksəriyyətin fikrincə bu kimi inanclar səhv və batildir. Bəzi dini mətnlərdə ara-sıra astrologiyaya aid məlumatlara rast gəlsək də, alimlər bu hədislərin çoxunu zəif sayır və xüsusi şərhə ehtiyaclı bilirlər.
Həzrət Əlinin (ə) zamanında baş vermiş bir hadisə nücum elmini hansı məhdudiyyətlər daxilində öyrənməyə icazə verildiyini bizə bəyan edir. Həzrət Əli (ə) öz ordusu ilə Nəhrivan savaşına yola düşərkən, bir münəccim ona deyir: “Bu vaxt yola düşsən, qorxuram ki, zəfər çalmayasan və öz məqsədinə çatmayasan. Bu xəbəri nücum elmindən əldə etmişəm”.
Əli ibn Əbu Talib (ə) ona belə cavab verir:
“Kim sənin bu sözlərinə inansa, Quranı yalan saymış olar. Istədiyini əldə etmək və istəmədiklərindən uzaqlaşmaq üçün Allahdan kömək istəməyə ehtiyacı qalmaz. Sözlərindən belə çıxır ki, sənin göstərişinə uyğun rəftar edən kəs Allahına deyil, sənə həmd və şükr etməlidir. Çünki güman edirsən ki, onu xeyir götürdüyü, ziyandan amanda qaldığı saata yönəldən sənsən”.
Sonra O, üzünü camaata tutaraq deyir: “Ey camaat! Biyabanda və dənizdə yolu tapmaq üçün lazım olan həddi çıxmaqla, nücum elmini öyrənməkdən çəkinin. Çünki nücumu öyrənmək kahinliklə nəticələnər. Münəccim – kahin kimi, kahin – sehrbaz kimi, sehrbaz – kafir kimidir. Kafirin yeri isə alovdur (cəhənnəmdir)” (Nəhcül-bəlağə, 78-ci xütbə).
Bu sözlərdən sonra Həzrət Əli (ə) öz qoşununu savaşa apardı. Məlum olduğu kimi, Nəhrivan savaşı Həzrət Əli (ə) tərəfdarlarının parlaq qələbəsi ilə qurtardı. Bununla da, həmin münəccimin sözlərinin yalan və batil olduğu sübuta yetdi.
Nücum elminin həddi-hüdudu barədə Həzrət Əlinin (ə) yuxarıdakı sözləri Qurani-kərimin bu ayəsinə dayaqlanır:
“Suyun və qurunun zülmətində (yolunuzu) düz getməkdən ötrü ulduzları sizin üçün yaradan Odur” (Ənam, 97). Imam Əlinin (ə) başqa bir kəlamı da nücum elminin halal hüdudlarını açıqlayır: “Elmin dörd növü var: dini öyrənmək üçün fiqh elmi, bədənlərin sağlamlığı üçün tibb elmi, nitqin islah olunması üçün nəhv (qrammatika) elmi və vaxtı bilmək üçün nücum elmi”.
Əlbəttə, göy cismlərinin insan həyatına böyük təsiri vardır. Məsələn, yolda azıb-qalmış bir insan gündüz Günəşin, gecə isə ulduzların vəziyyətinə əsasən öz yolunu təyin edir. Yaxud yaxın gələcəkdə havanın necə olacağını metereoloji üsullarla təyin etmək insanın gündəlik həyatında, əkin-biçin işlərində həlledici yerə malikdir. Bu işin daha bir faydalı tərəfi bundan ibarətdir ki, Günəş və Ay tutulması kimi insanları qorxuya salan hadisələri nücum elminin köməyi ilə qabaqcadan bilmək mümkündür. Bu bilgi cəmiyyətdə sabitlik və sakitlik yaratmağa yardımçı olur.
Dini və dünyəvi elmlərin mahir bilicisi, ensiklopedik alim Nəsirəddin Tusinin (1201-1274) zamanında belə bir hadisə baş vermişdi.
Tusi rəsədxana kompleksi tikdirmək xahişi ilə Elxani hökmdarı Hülakuya müraciət edir, amma Hülakunun başı hərbi əməliyyatlara qarışdığı üçün, elmi məqsədlər naminə maliyyə ayırmağa razı olmur. Alim hökmdarı razı salmaq üçün maraqlı bir üsuldan istifadə edir. Hülaku ilə danışdıqdan sonra nökərə tapşırır ki, ordu düşərgəsinin yaxınlığındakı təpəyə qalxıb, hamıdan xəbərsiz halda çox böyük bir mis teşti təpədən aşağı atsın. Mis teşt daşlara dəyib dəhşətli cingilti qoparır. Əsgərlər nə isə fəlakət baş verdiyini düşünüb qorxu içində ora-bura vurnuxmağa başlayırlar. Yalnız Hülaku xan və Tusi qabaqcadan xəbərdar olduqları üçün sakitcə hadisəni izləyirlər. Bu zaman Tusi hökmdara deyir: “Görürsənmi, bizdən başqa hamı qorxu içindədir. Çünki hadisənin səbəbini bilmirlər və qabaqcadan xəbərdar olunmayıblar. Əgər yerdə sakit yaşamaq istəyirsənsə, göydəki hadisələri öyrənməlisən. Biz səmanı müşahidə etsək, Günəş, Ay tutulması, tufan kimi hadisələri qabaqlaya bilərik. Onda qoşun indiki kimi dəhşətə gəlməz və heç bir təbii fəlakətdən qorxmaz”.
Bu sözdən sonra Hülaku rəsədxana üçün lazım olan vəsaiti ayırmaq barədə göstəriş verir.
Lakin göy cismlərinin yer proseslərinə təsirini başqa istiqamətə yozmaq, bürclərin insan taleyinə təsir etməsinə, hər kəsin bəxtinin səmadakı “öz” ulduzundan asılı olmasına, uğurlu və nəhs saatların mövcudluğuna inanmaq dinimizə görə batildir. Bu kimi məsələlərə inanmaq həm insanın əqidəsini korlayır (son mənada onu şirkə kimi aparıb-çıxara bilər), həm də onun diqqətini daha mühüm məsələlərdən yayındırır, vaxtını alır.
Bir nəfər Imam Cəfər Sadiqin (ə) yanına gəlib dedi: “Mən uğurlu və nəhs vaxtları hesablamağa aludə olmuşam. Bir iş görmək istəyəndə nücum kitabına baxıb hesabat aparıram; nəticəsi yaxşı olsa, o işin ardınca gedirəm, nəticəsi pis olsa, evdə oturub qalıram”. Imam həmin adama tapşırır ki, evindəki bütün nücum kitablarını yandırsın (Şeyx Səduq. Mən la yəhzürühül-fəqih, II, 267).