Bir müctəhidə təqlid edə-edə bəzi məsələlərdə başqa müctəhidə də təqlid etmək olarmı?
Oxucu sual verir
Şəriətə görə, insan bir müctəhidin əələm (yəni başqa müctəhidlərdən daha elmli) olduğunu bilirsə, ona təqlid etməlidir, elm baxımından ondan aşağı olan müctəhidə təqlid edə bilməz. Şəriət hökmləri bizim istəyimizə və nəfzimizə görə tənzimlənmir. Əgər insanın təqlid etdiyi müctəhid bir məsələdə fətva verməmişsə, həmin şəxs bu mövzuda fətvanı axtarmağa cəhd etməlidir. Kommunikasiyanın inkişaf etdiyi müasir dünyada bu çətin iş deyil.
Əgər müctəhid bir məsələdə fətva verməmiş və ehtiyat buyurmuşsa, bu halda insan ya həmin ehtiyata əməl etməli, ya da həmin müctəhiddən elm baxımından aşağı, amma digər müctəhidlərdən yuxarı olan başqa bir müctəhidin qəti fətvasına (ehtiyat yox) tabe olmalıdır.
Əgər fiqhin bəzi bölümlərində bir müctəhidin, bəzi bölümlərində isə başqa müctəhidin daha elmli olduğu dəqiq məlumdursa, o halda insan hər bir bölümdə daha elmli müctəhidə təqlid etməlidir. Məsələn, insan bir müctəhidə təqlid edir, amma möhkəm sübutlarla ona aydın olur ki, oruc bölümündə başqa müctəhid daha elmlidir. O halda həmin şəxs öz müctəhidinin təqlidində qalmaqla, oruc məsələlərində o biri müctəhidə təqlid edə bilər. Buna “təqliddə təbiz”, yəni ayırma, bölünmə deyilir. Nəzərə alaq ki, təbiz bütöv fiqh bölümlərinə şamil olur. Məsələn, bütövlükdə bir müctəhidə təqlid edib, təkcə bir məsələdə ya 5 məsələdə başqasına təqlid etmək olmaz. Bir ya daha çox mövzuya aid olan bütün məsələlərdə (məsələn, bütövlükdə oruc hökmlərində və ya həcc hökmlərində) bu keçərlidir.