MəqalələrQuran

Quran bəlağətinin ecazkarlığı

Bəşəriyyəti vəhy lütfündən məhrum etməyən Uca Tanrı hər bir peyğəmbərinə, Onun həqiqi elçisi olduğunu dövründəki insanlara isbat etmək üçün fövqəltəbii əməllər (möcüzələr) edəbilmə gücü vermişdir.Buna görə də hər peyğəmbər, özünü yaşadığı dövrün cəmiyyətinə qəbul etdirə bilməsi üçün o dövrün insanlarının rəğbət bəslədiyi sahələrlə əlaqəli olan və mövcud sivilizasiyanın ən öndə gedən xarakterik cəhətlərini özündə əks etdirən fenomenlər qarşısında möcüzələr göstərmişlər. Bunun belə olması ilahi hikmətin səciyyəvi təzahürü idi. Çünki əks təqdirdə möcuzənin qəbul edilib anlaşılması mümkün olmazdı. Belə hikmətin bir misalı olaraq, Həzrəti Musa dövründə sehrin, Həzrəti İsa dövründə isə tibbin ən irəliləmiş sahələr hesab edildiyindən onlara verilən möcüzələrin əksəriyyətinin bu sahələrlə analoci paralellik göstərdiyini qeyd edə bilərik. Təbii ki, bu möcüzələr öz üstünlüyü ilə o dövrün insanlarının anlayışında müqəddəsləşdirilmiş məfhumları silkələmiş, onların yıxılmasına təsir göstərərək daha qüdrətli bir varlığa imanın yolunu açmışdır. Lakin onu da qeyd edək ki, bu möcüzələr sensual (hissi) mahiyyətdə olduğundan yalnız onu göstərən peyğəmbər zamanında təsir gücünə malik olmuşdur.

Peyğəmbərlərin sonuncusu olan Həzrəti Muhəmmədə (s.ə.s.) isə ən böyük möcüzə kimi Qurani-Kərim göndərildiyindən, o öz təsirini bütün dövrlərə və zamanlara göstərməli idi.

Həzrəti Peyğəmbər (s.ə.s.) özü buna belə işarə edərək deyir: “Hər peyğəmbərə ümmətinin imanına səbəb olan bir möcüzə verilmişdir. Mənə verilən möcüzə isə, mənə nazil olan ilahi vəhydir. Buna görə də ən çox tabe olunan peyğəmbər olacağıma ümid edirəm” (Buxari, Fədailu əl-Quran, 1). Həqiqətən də Muhəmməd Peyğəmbərə (s.ə.s.) nazil olan vəhyin ecazkarlığı nəinki dövrünün bütpərəst ərəblərinin ona iman gətirməsinə səbəb olmuş, hətta üstündən on dörd əsr keçməsinə baxmayaraq daim ona inananların sayını artırmışdır.

Ümumi olaraq Qurani-Kərimin möcüzəliyi və ecazkarlığı deyərkən “onun bütün insanları özünə bənzər bir kitab meydana gətirməkdə aciz qoyması” nəzərdə tutulur. Bu anlayışa görə Quran, oxşarını meydana gətirmə barəsində bəşər qüdrətinin aciz qalacağı çox yüksək bir mərtəbədədir. Yəni insan oğluna ona nəzirə yazmaq qüvvəti və qüdrəti verildiyi halda, möcüzəliyi onu fəsahət və bəlağət baxımından elə uca bir mərtəbəyə yüksəltmişdir ki, insanın artıq onun kimi bir söz deməsi qeyri-mümkündür. Qurani-Kərimin həm fövqəlbəşər bir kitab olmasını, həm üstünlüyünü heç sayanlara meydan oxumasını, həm də ona nəzirə yazılmamasını ecazkarlığının bariz nümunələrindən saya bilərik.

Muhəmməd peyğəmbərə (s.ə.s.) vəhy nazil olduğu o dövrdə ərəb qəbilələrinin ən çox qiymət verdiyi sahələrdən biri də ədəbiyyat və ədəbi sənətlər idi. Miladi Vl əsrə təsadüf edən o dövrdə ərəb dili şeir, xitabət, fəsahət və bəlağətin üslubda ən yüksək bir zirvəsinə çıxaraq sankı qızıl əsrini yaşayan dövrü idi.Çünki bu dövrdə ərəb ədəbi folkloru əsasən şeir və bəlağət üzərində qurulduğundan, onlardan istər bayramlarda şənlənmək, istərsə də döyüşlərdə sücaət göstərib düşmənə qalibiyyətini ədəbi üsulda dilə gətirmək vasitəsi kimi istifadə edilirdi. Məsələn, bu dövrdə şairin misrası ilə qəbilələr döyüşə başladıqları kimi, yenə şeirin təsirində qalaraq sülh bağlandığı tarixi mənbələrdə keçməkdədir. Şəhərin mərkəzi bazar meydanlarında şeir yarışları təşkil olunur və qalib gələn şairin şeirləri bir şərəf nümunəsi kimi Kəbənin divarlarından asılırdı. Bunun bir misalı olaraq “Mualləqat-i səb’a” (Yeddi asılmış) adı ilə məşhur olan klassik ərəb şeir nümunələri hətta müasir dövrə kimi gəlib çatmışdır.

O dövrün cahil ərəbinin dünya görüşündə bir şairin digərinə meydan oxuması və onu cəmiyyət içərisində həcv etməsi həqiqətən də çox əhəmiyyətli bir şey idi.

Məhz belə bir zamanda Quran vəhy edilərək həm Kəbə divarından asılı olan şeirlərin səviyyəsini ortaya qoydu, həm də ərəblərə özünə bənzər bir söz düzümünün meydana gətirə bilməyəcəklərini isbat etdi. Onun yüksək ədəbi üslubu qarşısında Həsən ibn Sabit, Amr ibn Əkva, Tufeyl ibn Əmr, Əsvəd ibn Səri, Kəb ibn Zuheyr kimi bir çox şair və xətiblər baş əymişdilər. Buna baxmayaraq bəziləri o an sırf təslim olmamaq üçün mücərrəd bir iddia kimi “istəsək, biz də buna bənzərini deyə bilərik” (Ənfal, 31) fikrini ortaya ataraq, boş iddialarını sübuta yetirə bilməmişlər. Bunun müqabilində Allah, Quranın diliylə onun ilahi qaynaqlı bir kitab olduğuna qarşı çıxanlara meydan oxumuş, onlardan özünə bənzər kitab gətirmələrini istəmişdir. Ancaq bunu edərkən O, əvvəlcə: “(Ya Muhəmməd) De ki, əgər (iddianızda) haqlısınızsa, bu ikisindən (Qurandan və Tövratdan) daha doğru yol göstərən bir kitab gətirin,ona tabe olaq!” (Qəsəs, 49) ayəsiylə ondan daha üstün bir kitab gətirmələrini təklif etmişdir. Bunu bacarmadıqları təqdirdə: “Əgər insanlar və cinlər bir yerə yığışıb bu Qurana bənzər bir şey gətirmək üçün bir-birinə kömək etsələr, yenə də onun bənzərini gətirə bilməzlər” (İsra, 88) ayəsiylə də onların bu səylərinin boşa çıxacağını xüsusi bir vurğuyla bildirmişdir.

Quran bu mərhələdən sonra, meydan oxumaqda daha da irəli gedərək əvvəlcə on surənin, ən sonda isə bir surənin gətirilməsini istəmişdir. Lakin bütün bu tələblər hər dəfə də cavabsız qalmışdır. Qurani-Kərimdə bu barədə belə buyurulur:

“Yoxsa müşriklər: “Quranı özündən uydurdu!” -deyirlər. Onlara de ki, əgər doğru deyirsinizsə, onun kimi özünüzdən on surə uydurub gətirin və (bu işdə) Allahdan başqa, kimi bacarırsınızsa, onu da köməyə çağırın” (Hud, 13).

“Yoxsa: “(Peyğəmbər) onu özündən uydurdu!”- deyirlər. De ki, əgər doğru deyirsinizsə, ona (Qurana) bənzər bir surə gətirin və Allahdan başqa, kimə gücünüz çatırsa, onu da (köməyə) çağırın!” (Yunus, 10/38)

Quranın meydan oxumasına baxmayaraq muxalifləri onun bir surəsinin belə bənzərini gətirə bilmədilər.

Tarix boyu ona ciddi mənada nəzirə yazılmaması, bundan sonra da yazılmayacağının açıq bir dəlilidir. Çünki əsirlər boyu alimlər, ədiblər, filosof və şairlər Quranın ecazkarlığını qəbul edərək, bəlağət, fəsahət və bəyanda onun dərəcəsinə çıxmaqda aciz olduqlarını etiraf etmişlər. Məsələn bir dəfə məşhur ərəb filosofu əl-Kindidən Qurani-Kərimə bənzər bir şey yazmasını istəyirlər. O da bəzi hissələrinə nəzirə yazmasına söz verir. Lakin aradan uzun bir müddət keçdiklən sonra bu işi bacarmayacağını anlayaraq belə deyir: “Allaha and olsun ki, mən ona bənzər bir şey yaza bilmədim. Heç kimin də buna gücü çatmaz. Belə ki, Qurani-Kərimi açdım və qarşıma Maidə surəsi çıxdı. Onun ilk ayəsi əhdə vəfa ilə başlayaraq anlaşmaları pozmağı qadağan etməkdə, (ov etməyi) ümumi olaraq halal qılmaqda, daha sonra istisnadan sonra bir istisnanı istisna etməkdədir. Daha sonra da qüdrət və hikmətini bildirir. Həm də bunların hamısı iki sətirdə verilməkdədir. Bu cür geniş ifadəni iki sətirə heç kim sığdıra bilməz. Belə geniş ifadənin başa salınması üçün cildlərlə əsərin yazılması lazımdır.”

Bununla yanaşı tarixi mənbələr bizə ilk vaxtlarda bəzi inkarçıların Qurani-Kərimə nəzirə yazmağa çalışdıqlarını xəbər verir. Bunların içərisində Museylimə ibn Həbib əl-Kəzzab adında yalançı peyğəmbərin fil barəsində yazdığı bu qərib və məzəli bənzətmə olduqca məşhurdur.

“əl-Filu məl-filu və mə ədrakə məl-filu, ləhu mişfərun tavilun və zənəbun əsilun” (Fil! Nədir o fil?! Nə biləsən o filin nə olduğunu?! Onun uzun bir xortumu və böyük bir quyruğu var).

Əl-Xəttabi “Bəyanu icəzi’l-Quran” adlı əsərində bu nəzirəni tənqid edərək, Allah-Təalanın sadəcə insanları dəhşətə salan və mahiyyətini özündən başqa heç bir varlığın bilmədiyi qiyamətdən bəhs etdiyini bildirərək, “Haqq olan qiyamət! Nədir qiyamət?! Nə biləsən ki, nədir qiyamət?!” (Haqqə, 1-3) ayəsinin tərz və üslubundan uğursuz istifadə etdiyini, bununla da özünü gülünc hədəfinə çevirdiyini vurğulamışdır.

Hicri V əsrdən sonra qələmə alınan bəlağət kitablarında da İbnu’l-Mukaffanın Qurana nəzirə yazdığı, fəqət daha sonra yazdıqlarını cırıb atdığı bildirilir.

Qeyd olunur ki, İbnul-Mukaffa “Ey yer! Suyunu ud! Ey göy! Yağışını saxlaпїЅ”(Hud, 44) ayəsinin nazil olunmasından sonra bəşər övladının ona nəzirə yaza bilməyəcəyini etiraf etmiş və özü də bundan əl çəkmişdir.

Məlumdur ki, ən qüvvətli ədiblər, şairlər məqsədlərini təsvir etmə barəsində müxtəlif bəyan üslublarının ən çoxu bir-ikisində müvəffəq ola bilərlər. Hər üslubda eyni qüdrəti göstərə bilməzlər. Xüsusilə də elmə, əxlaqa, hüquqa və kosmologiyaya aid mövzularda eyni fəsahət və bəlağəti göstərmək hər kəlam sahibinə nəsib olan bir şey deyil. Qurani-Kərim isə əhatə etdiyi bütün bəyan üslublarında, bütün mövzularda eyni qüdrəti, eyni fəsahəti və bəlağəti qoruyaraq ecazkar bir mükəmməllik göstərmişdir.

Quranın hərfləri, kəlmələri və ayələri elə bir şəkildə düzülmüşdür ki, onun bir hərfini yerindən oynatmaq belə mümkün deyildir. Məlum olduğu kimi, Qurani-Kərim 23 il ərzində, müxtəlif zamanlarda nazil olmuşdur. Hər enən ayə Həzrəti Peyğəmbərin (s.ə.s) göstərişi ilə öz yerinə müvafiq yerləşdirilmişdir. Nazil olmasındakı uzun müddətə baxmayaraq hərflərin kəlmələrə, kəlmələrin ayələrə, ayələrin surələrə yerləşdirilməsindəki tərtibin mükəmməlliyi, eyni zamanda surələrin bir-biri ilə əlaqəli olaraq Quranın içərisinə yerləşdirilməsi də ondakı vəhdət və mütənasibliyi ortaya qoyan ecazkarlığın nümunəsidir. Tarix boyu onun dil və üslubundan törəyən özünəməxsusluğun analoci bənzərliyi heç bir kitabda müşahidə edilməmişdir. Qeyd edək ki, Qurani-Kərim şeir parçalarında olan misralar halında deyildir. Lakin şeirlərdə olduğu kimi, onda musiqi ahəngi (melodiya), mənzum vəzn (ölçü) və səci (bir növ qafiyə) mövcuddur. Bununla yanaşı o, şeir misraları şəklində deyildir. Onun ayələrində bəzən bir, bəzən bir neçə, bəzən isə bir səhifə miqdarında cümlələr mövcuddur. Bu elə bir ədəbi üslubdur ki, buna nə nəsr deyilə bilər, nə də nəzm. Lakin hər ikisinin də cazibəli və faydalı tərəflərini özündə cəm etmişdir. İslamın ilk əsrlərində müsəlman alimləri Quran qiraəti sənətini bir riyazi incəlik və dəqiqliklə bir elm (təcvid elmi) şəklində inkişaf etdirmişlər. Quranı əhatə edən mövzulara görə musiqi ahəngi də dəyişmək məcburiyyətindədir. Tədqiqatçılar bu melodik quruluş tərzinin yarandığı mənbənin Nəcd bölgəsi (Ərəbistan yarımadasının mərkəzi hissəsi) olduğunu qeyd edirlər. Ərəb dilini bilməyənlər belə sadəcə oxunuşundakı bu ahəngə diqqət etsələr, həqiqətən də musiqidən və şeirdən fərqli olan ecazkar səs harmoniyasını hiss edərlər.

Bu gün nazil olmasının üstündən 14 əsr keçməsinə baxmayaraq Qurani-Kərim ərəb ədəbiyyatının şah əsəri hesab edilir. O, öz əsrarəngizliyi ilə nəinki ərəbdilli xalqların, eyni zamanda qeyri ərəbdilli xalqların mədəniyyətində, onların şifahi və yazılı ədəbiyyatında köklü təsirini qoymuşdur. Əsrlər boyu bu ecazkar kitab xalqımızın mənəviyyatını formalaşdıraraq ədib və şairlərimizin ilham qaynağı olmuşdur.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Oxşar yazılar
Close
Back to top button