Doğurdanmı bölgədə şiə məzhəbinin yayılmasının səbəbi İmam Hüseynin Sasani hökmdarının qızı ilə evlənməsi olmuşdur?
Həqiqətən, tarixi məlumatlara görə, İmam Hüseyn (ə) sonuncu Sasani hökmdarı Yezdcürdün qızı Şəhrbanu xatunla evlənmiş (onun adı müxtəlif mənbələrdə fərqli ad və ləqəblərlə qeyd edilib), bu izdivacdan dördüncü imam Zeynülabidin (ə) doğulmuşdur. Digər imamlar da Həzrət Zeynülabidin (ə) xətti ilə gəlmişlər. Lakin şiə məzhəbinin inkişafında bu hadisənin heç bir rolu olmamışdır. Çünki əvvəla, İslam dininə görə əqidə məsələlərində milli amil nəzərə alınmır. Heç bir məzhəbin əqidə köklərində onun banisinin və ya görkəmli nümayəndələrinin hər hansı millətə mənsub olması həlledici rol oynamamışdır. İkincisi, şiə irsində (məsum imamların hədislərində, böyük alimlərin kitablarında) İmam Zeynülabidinin (ə) anasının İran mənşəli olması hər hansı üstünlük kimi qeyd edilməyib. Şəhrbanu xatun bütün imamların anaları kimi əxlaqlı və öz zamanında ən fəzilətli qadın olub, amma onun Sasani şahinin qızı olması dini anlamda heç bir üstünlük kəsb etmir. Bölgədə şiə məzhəbinin inkişafı bundan tam fərqli amillərin sayəsində mümkün olmuşdur. Şiə məzhəbinin inkişafını təkcə İranla və burada məskunlaşmış xalqlarla bağlamaq düzgün deyildir, bu məzhəbin yayılmasında və güclənməsində ilk növbədə ərəblər, daha sonra türklər və digər millətlər də farslarla yanaşı fəal iştirak etmişlər.