Camaat namazında imam rükətlərin sayında şəkk edərsə nə etməlidir və namazı necə bitirmək lazımdır?

Namazda fikri dağınıq insanların ən çox rastlaşdıqları hal rükətlərin sayında şəkk etməkdir. Rükətlərin sayında şəkk edən və şəkkini heç bir tərəfə yoza bilməyən şəxsin nə etməli olması şəriət kitablarında, yəni risalələrdə ətraflı qeyd edilib. Bu mövzu namaz bəhsinin şəkkiyyat (şəkklər) bəhsində yer tutur. Həmin hökmlər əsasən tək (fərdi) halda namaz qılan şəxslərə aiddir.
Camaat namazında əgər imam rükəti bitirdikdən sonra hansı rükətdə olduğu barədə şəkk etsə və şəkkini heç bir tərəfə yoza bilməsə, bu halda sakit durmaqla yaxud namazı pozmayan başqa bir yolla şəkkə düşdüyünü arxadakılara bildirməlidir. Onun arxasında namaz qılanlar (ona iqtida edənlər) da namazı pozmayan üsullarla ona kömək göstərməlidirlər. Belə ki, ya mükəbbir (ucadan təkbir söyləməklə namazı idarə edən şəxs), ya da iqtida edən şəxs bəzi köməkçi sözlərin vasitəsilə imamı istiqamətləndirməlidir. Məsələn, əgər namazın birinci və ya üçüncü (dörd rükətli namazda) rükətinin sonudursa və növbəti rükət üçün ayağa qalxmaq lazımdırsa, imam isə bu barədə şəkkə düşübsə, iqtida edənlərdən biri imamın eşidəcəyi səslə “bihovlillahi və qüvvətihi əqumu və əqud” zikrini söyləyir (bu zikri ayağa qalxarkən demək müstəhəbdir). Əgər namazın ikinci və ya axırıncı rükətidirsə, iqtida edənlərdən biri imamın eşidəcəyi səslə təşəhhüdün ilk sözlərini deyir.