Sufilərin arasında çox rast gəlinən “sima” rəqsinin mənası nədir, nə üçün və hansı qayda ilə ifa olunur?

Sima rəqsi bəzi sufi təriqətlərinin (məsələn, mövləviyyə) əsas ayinlərindən biri sayılır. Sufiliyə görə, bütün dünya qayğılarından xilas olub, vəcd (trans) halına düşməklə Allaha yaxınlaşmaq mümkündür. Buna nail olmaq üçün dərvişlər sima ayinindən istifadə edirlər. Sima zamanı ney və daha bir neçə köməkçi alətin müşayiəti altında dərvişlər dəqiq trayektoriya üzrə fırlanır, bu zaman sanki təbiətin (kosmosun) səsini eşitdiklərini təsəvvür edirlər (“sima” sözünün ərəb dilindən tərcüməsi eşitmə deməkdir). Enli ətəkli ağ paltar geyinmiş, çiyinlərinə qara örtük salmış, başlarına dəridən ağ uzun papaq qoymuş dərvişlər bir-birinə toxunmadan, həm öz oxunun, həm də mürşidin (sufi şeyxinin) ətrafında dövrə cızırlar. Bu zaman dərvişin sağ əli yuxarıya, sol əli isə aşağıya doğru tutulur. Bununla onlar sanki ilahi enerjini səmadan alıb yerə ötürmüş olurlar. Fırlanmanı asanlaşdırmaq üçün dərviş başını çox zaman yana əyir. Getdikcə simanın ritmi tezləşir, dərvişlər çiyinlərindəki qara örtüyü yerə atır, Allahın hüzurunda ağ kəfənə bürünmüş kimi durduqlarını təsəvvür edərək rəqsi davam etdirirlər. Sima halında fasiləsiz olaraq fırlanan dərviş trans halına düşür, ətrafdakı hər şeyin bir-birinə qarışdığını, əriyərək yox olduğunu, yalnız özünün qaldığını hiss edir. Mövləvilikdən əvvəlki sufilərin təcrübəsində də simaya rast gəlinirdi; amma sima öz dəqiq, əsaslandırılmış, kompleks həllini məhz mövləviyyə təriqətində tapmışdır.