Təyəmmüm almağın qaydaları
Şəriətə görə, namaz və oruc kimi ibadət əməllərini yerinə yetirmək, Qurani-kərimin yazısına toxunmaq üçün insan pak olmalıdır. Yəni bunun üçün ya dəstəmaz, ya da qüsl almaq lazımdır (yerindən asılı olaraq). Amma bəzən su ilə paklanmaq mümkün olmur.
Bu zaman şəriətin yüngülləşdirici hökmündən – yəni təyəmmümdən istifadə etməyə icazə verilir. Təyəmmüm hökmü Həzrət Mühəmməd Peyğəmbərə (s) hərbi yürüşlərin birində (Bəni-Müstəliq qəzvəsində, hicrətin 5-ci və ya 6-cı ili) aşağıdakı ayə vasitəsilə vəhy edildi: “Xəstələndiyiniz, səfərdə olduğunuz, ayaqyolundan gəldiyiniz və ya qadınlarla yaxınlıq etdiyiniz zaman su tapmasanız, pak torpaqla təyəmmüm edin, ondan üzünüzə və əllərinızə sürtün. Allah sizi çətinliyə salmaq istə¬məz, lakin O, sizi pak, təmiz etmək və sizə olan nemətini tamamlamaq istər ki, bəlkə şükr edəsiniz” (Maidə, 6). Bu ayə nazil olduqdan sonra səhrada su tapa bilməyən müsəlmanlar ilk dəfə namazı təyəmmümlə qıldılar.
Aşağıdakı hallarda ibadəti təyəmmümlə etməyə icazə vardır:
1. İnsan su tapmasa və ya mövcud olan su dəstəmaz (yaxud qüsl) üçün kifayət etməsə.
Amma su yoxdur deyə, bəhanə gətirib təyəmmüm almaq olmaz. Suyu axtarmaq üçün gəzmək lazımdır. Amma əgər yaxınlıqda suyun olmaması dəqiq məlumdursa (yəni ümid yoxdursa), suyu axtarmağa dəyməz.
Bəzən bina evlərində yaşayan şəxslər bir və ya bir neçə gün su gəlməyəndə namazı təyəmmümlə qılırlar. Belə etmək olmaz. Əgər sizin yaşadığınız binada su yoxdursa, yaxın binadakı qonşudan bir vedrə su almaq olar. Və ya həyətdəki su kranlarından su doldurmaq olar. Bir günlük vacib namazlar üçün dəstəmaz almağa 4-5 litr su tamamilə kifayət edir. Bu suyu əldə etmək o qədər də çətin deyil.
2. Əgər sudan istifadə etmək insanın sağlamlığı üçün təhlükəlidirsə və bunu həkim deyirsə, dəstəmazın və qüslün əvəzinə təyəmmüm etmək olar. Bəzən insanlar soyuq havada qüsl almaqdan qorxub, “isti suyumuz gəlmir, hamam soyuqdur, saçım gec quruyur” bəhanəsi ilə təyəmmümlə namaz qılırlar. Bu da düzgün deyil. Qüsl üçün kifayət edəcək qədər suyu hər hansı qızdırıcının köməyi ilə isitmək olar. Ən uzağı, ümumi hamamlarda yuyunmaq imkanı da var. Saçı gec quruyan qadınlar isə saçlarını dəsmalla örtüb, özlərini soyuqdan qorumalıdırlar.Yalnız su həqiqətən ziyan edəcəksə, təyəmmümə icazə verilir.
3. Əgər bədən və ya paltar murdar olubsa və mövcud olan su yalnız murdarlığı pak etməyə bəs edirsə və bundan sonra su qurtarırsa, onda təyəmmüm etməyə icazə verilir.
Əgər adamın bir qədər suyu olsa, amma bu su dəstəmaza (qüslə) çatmasa, yaxud əgər dəstəmaz (qüsl) alandan sonra içməyə suyu qalmasa, yenə bu halda təyəmmüm etməlidir.
Təyəmmümü torpaq, qum və daş üzərinə etmək olar. Cəfəri məzhəbində gəc və əhəngdaşı üzərinə də təyəmmüm etməyə icazə var. Təyəmmüm edilən yer pak olmalıdır, yəni o yerin murdar olması barədə məlumat olmamalıdır. Təyəmmüm edilən səthin üzərində heç olmazsa azacıq toz olmalıdır. Təyəmmüm etməzdən əvvəl dəstəmaz və qüsldə olduğu kimi, əllərdə və sifətdəki maneələr çıxarılır (üzük, qolbaq, eynək və s.).
Cəfəri məzhəbinə görə, təyəmmümün qaydası belədir: Niyyət edib hər iki ovcun içini yerə vurub qoşalaşdırır və ovucun içini alının yuxarısından başlayıb, qaşların yuxarısına kimi sürtürlər (saç bitən yerdən başlayıb, qaşların arasına kimi – yuxarıdan aşağıya doğru). Bu zaman diqqət edilməlidir ki, tam alın, gicgahlar daxil olmaqla sürtülsün. Sonra sol əlin ovcunu sağ əlin üst tərəfinə, biləkdən barmaqların ucuna kimi, daha sonra sağ əlin ovcunu sol əlin üstünə, biləkdən barmaqların ucuna kimi məsh edirlər. Bu zaman da əlin tam üstü sürtülmüş olmalıdır.
Əhli-sünnə məzhəbinə görə isə niyyət edib əli yerə vurduqdan sonra bütün sifətə (sifətin dəstəmazda yuyulan bütün hissələri əhatə olunmalıdır) yuxarıdan aşağı və əllərə barmaqların ucundan dirsəyə kimi sürtürlər.
Bu zaman da əvvəlcə sol əl sağ əlin üstünə, sağ əl sol əlin üstünə çəkilir. (Malikilər və hənbəlilər də biləyə kimi məsh etməyi fərz sayırlar, dirsəyə kimi məsh etmək isə onlarda sünnətdir).
Əhli-sünnə ilə şiələrin təyəmmümündə fərqlərdən biri də ovucların içini yerə neçə dəfə vurmaqdadır. Sünnilər təyəmmümü iki zərbə ilə edirlər (bir dəfə sifət, bir dəfə də əllər üçün). Şiəlikdə isə, geniş yayılmış fikrə görə, yalnız təyəmmümün əvvəlində ovuclar bir dəfə yerə vurulur. Amma bəzi şiə müctəhidləri ehtiyata əsasən fətva veriblər ki, yuxarıdakı qayda ilə təyəmmüm edəndən sonra yenə ovucları yerə vurub əllərin üzərinə çəkmək lazımdır (bu yolla təyəmmüm həm bir zərbə ilə, həm də iki zərbə ilə yerinə yetirilmiş olur).
Əgər adam bilsə ki, namaz vaxtının bitməsinə az qalmış su əldə edəcək, onda namazı həmin vaxta kimi təxirə salmalıdır.
Dəstəmazı və qüslü batil edən hallar təyəmmümü də batil edir. Təyəmmüm yalnız uzr müddəti boyunca qüvvədədir. Yəni su tapılandan sonra (və ya suyun bədənə dəyməsini əngəlləyən xəstəlik aradan qalxandan sonra) ibadətləri yenə dəstəmaz və qüsllə etmək lazımdır. Təyəmmümlə edilmiş ibadətləri qəza etməyə isə ehtiyac yoxdur.