Aktual

Allah yolunda xərclənən ömür: Şeyx Nəsrullah Məşhədi Fərəc oğlu Nəbiyev

Azərbaycanda bütün dövrlərdə görkəmli din xadimləri və alimlər yetişiblər, İslamın hökmlərini, gözəlliklərini və hikmətlərini bu məmləkətdə yaşayan insanlara çatdırıb, Allah yolunda xidmət göstəriblər. Onlardan bəzilərinin adları günümüzə qədər gəlib çatıb (məsələn, Şeyx Əbasət Badkubei, Seyyid Muhəmməd Maştağai Badkubei, Mirzə Cəfərqulu Suraxanılı, Mir Süleyman Səlyani, Şeyx ibrahim Hairi Lənkərani, Seyyid Əbdül-Höccət İrəvani, Şeyx Möhsün Naxçıvani, Şeyx Cavad Nardarani Molla Talib oğlu, Axund Molla Müseyib Gəncəvi, Seyyid Mehdi Təbatəbai Şirvani, Şeyx Əbül-Qasim Xaçmazi Badkubei), bəzilərinin adları isə müxtəlif səbəblər üzündən tarixin dəyirmanında üyüdülərək əbədiyyətə qovuşub.

Azərbaycanın görkəmli din xadimlərindən biri də Şeyx Nəsrullah Məşhədi Fərəc oğlu Nəbiyev olub.

Şeyx Nəsrullah Qərbi Azərbaycanda, Qarakilsədə ruhani ailəsində dünyaya göz açıb (dəqiq doğum tarixi bilinmir). 1985-ci ildə aprelin 9-da vəfat edib.

İslam.az-ın əməkdaşı Şeyx Nəsrullahın 7 övladından biri – hazırda Sumqayıtda yaşayan Gülnişan Qələndərova ilə söhbətləşib. Onun atası barədə xatirələrini oxucularımızın diqqətinə çatdırırıq.

Gülnişan xanımın sözlərinə görə, Şeyx artıq 6 yaşında olarkən Quranı xətm edirmiş.

Həmsöhbətimiz bildirdi ki, atası Naxçıvan mədrəsəsində 3 il dərs alıb. Ustadı Şeyx Ələsgər olub. Təqribən 1900-1902-ci illərdə atası təhsilini davam etdirmək üçün onu Təbrizə aparır, mədrəsəyə. Orda 25 nəfər təhsil alan olur (o cümlədən Özbəkistandan, Qazaxıstandan və s.) Onların içində yalnız Nəsrullah yaxşı oxuduğuna görə beytül-maldan təmin olunub, digərlərinə valideynləri pul göndəriblər. Mir Şeyx Abdulla, Seyid Əbdül Həsən İsfahanidən dərs alıb. Deyilənlərə görə imtahan vermək üçün Tehrana gediblər, orda “Cənnət bağı” deyilən yerdə müctəhidlərə imtahan veriblər. Nəticələrinə görə Nəsrullahı Nəcəfə göndəriblər, müctəhidlik oxumağa. 10 il Nəcəfdə təhsil alıb. Ustadları sırasında Seyid Kazim Yəzidi Təbatəbai də olub. Bundan sonra şeyx Nəsrullah Hindistan və Pakistanda da bir neçə il dərs alıb.

Gülnişan xanım deyir ki, Sovet hakimiyyəti Azərbaycan-İran sərhədini bağladığı üçün atası Arazı gizlin keçib, bu zaman da sərhədçilər onu ayağından yaralayıblar: “Ağcabədinin Aşıqlar kəndində camaat onu gizlədib. Orda da qalıb, dini təbliğ edib. NKVD neçə dəfə axtarışla gəlsə də, camaat onu ələ verməyib”.

Mərhum ruhaninin qızının sözlərinə görə, repressiya dövründə dini ayinləri icra etdiyi üçün həbs olunub, 5 il həbs verilib, ondan 3,5 ilini çəkib, azad olunub:

“Bundan sonra Bakıya gəlib QMİ-yə müraciət edib, şeyx Mirmövsüm ağa olan dövrdə. O da onu Ağdama göndərdi. Bir il orda işləyəndən sonra Göyçaya göndəriblər. Elə Göyçayda da fəaliyyətini ta həyatının sonuna qədər davam etdirib.”

Qızının dediyinə görə, Şeyx Nəsrullah çox savadlı olub, dini elmlərlə yanaşı dünyəvi elmləri – riyaziyyat, astronomiyanı da mükəmməl bilib.

Hazırda mərhum ustadın yolunu bir oğul və bir qız nəvəsi davam etdirirlər.

 

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button