Şah İsmayıl Xətainin ləqəbinin mənşəyini Kərbəladakı ziyarətgahlarla bağlayan fikir doğrudurmu?
“Xətayi” ləqəbinin mənşəyi barədə fərqli nəzəriyyələr vardır. Onlardan biri də belədir:
Aşura günündə əvvəlcə düşmən tərəfdə olmuş, sonra tövbə edib İmam Hüseynin (ə) tərəfinə keçmiş Hürr adlı sərkərdə igidliklə döyüşüb şəhid oldu. İmam Hüseyn (ə) Hürrün cəsədi üstə gəlib, onun başını dizi üstə aldı, üzünü toz-torpaqdan təmizləyib, öz dəsmalı ilə yaralı başını bağladı.
Şah İsmayılın dövründə xalq arasında guya Hürrün tövbəsinin qəbul edilmədiyi barədə şayiələr yayılmışdı. Şah İsmayıl İraqı fəth edəndə bu şübhələrə son qoymaq üçün Hürrün məzarını açmağa əmr verdi. Qəbri açanda Hürrün zərrəcə çürüməmiş cəsədi ilə qarşılaşdılar. Onun başı dəsmalla örtülmüşdü. Bəzi rəvayətlərə görə, Şah İsmayıl İmamın yadigarı olan dəsmalı təbərrük kimi özünə götürmək istədi, amma dəsmalı açan kimi Hürrün başından qan açıldığı üçün dəsmalı iki yerə böldü. Dəsmalın yarısını Şah İsmayıl özü üçün saxladı, o biri yarısı ilə yenə Hürrün yarasını bağlayıb, qəbrin üstünü örtdülər. Bununla da Hürrün tövbəsi barədə şübhələrə son qoyuldu. Çünki hədislərdən məlumdur ki, əsil şəhidlərin cəsədi torpaq altında çürüməz. (Bu olayı bəzi alimlər, o cümlədən Şeyx Abbas Qumi “Nəfəs əl-məhmum” kitabında qeyd edib).
Deyilənlərə görə, bu hadisədən sonra Şah İsmayıl Hürrün məzarını açmağına görə peşman olmuş və bu əməlini səhv hesab edərək özünə “Xətai” təxəllüsünü götürmüşdü.